...

Almaniyada 20 yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir (FOTO)

Siyasət Materials 20 Yanvar 2013 16:24 (UTC +04:00)
Berlində, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində 20 yanvar hadisələrinin 23-cü il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Almaniyada 20 yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Berlində, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində 20 yanvar hadisələrinin 23-cü il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Almaniyadakı Səfiri Pərviz Şahbazov qonaqları salamlayaraq onları şəhidlərimizin xatirəsinin anılması üçün bir dəqiqəlik sükuta dəvət etmişdir. Sonra Azərbaycan Respublikasının səfiri "qanlı yanvar" hadisələri barədə ətraflı məlumat vermiş, bu hadisələrin Azərbaycanın müstəqilliyində oynadığı roldan danışmış və 20 Yanvar tarixini Azərbaycan xalqının azadlığı uğrunda qəhrəmancasına apardığı mübarizə kimi səciyyələndirmişdir. Səfir nitqində Ümummilli lider Heydər Əliyevin bu hadisələr zamanı nümayiş etdirdiyi əsl vətəndaş mövqeyini xatırlamış və bu hadisələrə siyasi və hüquqi qiymət verilməsində Heydər Əliyevin xidmətini vurğulamışdır. Səfir "20 yanvar" hadisələrini xalqımızın tarixində qəhrəmanlıq səhifəsi kimi səciyyələndirmişdir.

Dünyanın ən böyük kənd təsərrüfatı sərgisi olan "Yaşıl Həftə" çərçivəsində Berlində səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov mərasimdə çıxış etmiş və 20 yanvar hadisələri barədə xatirələrini iştirakçılarla bölüşmüşdür. O, 20 yanvar hadisələri zamanı sovet ordusunun öz xalqına qarşı törətdiyi ağır cinayətdən bəhs edərək bu hərəkətlərə bəraət qazandırılmasının mümkün olmamasını dilə gətirmişdir. İsmət Abbasov eyni zamanda Ümummilli lider Heydər Əliyevin məlum hadisələr zamanı göstərdiyi fədakarlıqdan danışmışdır.

Daha sonra söz alan Potsdam universitetinin professoru Vilfred Fuhrman çıxışında faciənin qurbanlarının arzularını, ümidlərini xatırlamağın vacibliyini qeyd edərək, Azərbaycan xalqının keçdiyi keçməkeşli müstəqillik yolundan danışmışdır.

Çıxışlardan sonra Almaniya Köln Musiqi və rəqs Ali məktəbində təhsil alan azərbaycanlı pianoçu Toğrul Hüseynlinin ifasında azərbaycan və alman bəstəkarlarının əsərləri tədbir iştirakçılarına təqdim olunmuşdur.

Mərasimdə "Yaşıl Həftə" çərçivəsində Berlində səfərdə olan Azərbaycan nümayəndə heyəti, Almaniya siyasi və ictimai dairələrinin nümayəndələri, AFR Xarici İşlər Nazirliyinin əməkdaşları, eləcə də Almaniyadakı diasporamızın nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları Səfirlik tərəfindən 20 yanvar hadisələrinin qurbanlarının anımı məqsədi ilə tərtib olmuş sərgi ilə tanış olmuşlar. Alman dilində olan izahlarla tərtib olunmuş sərgi nümunələri xüsusilə də tədbirin alman qonaqları tərəfindən böyük maraqla qarşılanmış və onlar öz fikirlərini səfirlik əməkdaşları ilə bölüşmüşlər.

Rəsmi hissədən sonra şəhidlərimizin xatirəsinə ehsan verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti