Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Tariverdiyeva/
Azərbaycan yanvarın 16-da Əlcəzairin cənubundakı qaz kompleksində baş vermiş terror aktlarını qətiyyətlə pisləyir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
"Biz qurbanların olmasına görə dərin kədərlənmişik, ölənlərin ailəsinə başsağlığı verir və hücumdan xəsarət alan insanların kədərini bölüşürük", - Abdullayev qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan terrorizmin qurbanı olmuş ölkə kimi, həmişə terrorizmlə mübarizə üzrə beynəlxalq cəhdlərin ön sıralarında olub.
O deyib ki, Azərbaycan terrorizmin bütün formaları və təzahürünü qətiyyətlə qınayır.
"Hesab edirik ki, beynəlxalq ictimaiyyət terrorizmin bütün formalarının kökünü kəsmək üçün səylərini birləşdirməli və əməkdaşlığı möhkəmləndirməlidir", - Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan həmişə müxtəlif beynəlxalq təşkilatlarda terrorizmlə qlobal mübarizə məsələsini qaldırıb.
"Bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) sədrliyi dövründə Azərbaycan Prezidenti İlham Əliyev terrorizmlə mübarizədə vasitələrin öyrənilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üşün TŞ-nin xüsusi iclasını çağırıb", - Abdullayev qeyd edib.
Qeyd edək ki, İn-Amenas qaz kompleksində girov götürülən şəxslərin azad edilməsi üçün Əlcəzairin xüsusi xidmət orqanları obyektə hücuma keçib. Nəticədə ən azı 23 girov götürülən şəxs ölüb, 32 terrorçu məhv edilib.
Həmçinin, 685 yerli işçi və 107 əcnəbi azad edilib.