...

Fuad Ələsgərov: Ümid edirdik ki, Ştrasserin hesabat formasına saldığı uydurmalara sağlam düşüncə qalib gələcək (MÜSAHİBƏ)

Siyasət Materials 24 Yanvar 2013 18:24 (UTC +04:00)
Trend Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ilə müsahibəni təqdim edir
Fuad Ələsgərov: Ümid edirdik ki, Ştrasserin hesabat formasına saldığı uydurmalara sağlam düşüncə qalib gələcək (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Trend Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ilə müsahibəni təqdim edir

- Dünən axşam Avropa Şurasının Parlament Assambleyası Azərbaycan ilə bağlı iki məruzəyə baxdı. Həmin sənədlərdən biri AŞPA Monitorinq Komitəsinin məruzəsi, digəri isə Kristof Ştrasserin hazırladığı "siyasi məhbuslar"a dair məruzə idi. Assambleya birinci məruzəni təsdiq etdi, ikinci məruzə isə rədd olundu. Sizin fikrincə, bunun səbəbləri nədir?

- Qeyd etməliyəm ki, Monitorinq Komitəsinin həmməruzəçiləri və məruzəçi Ştrasser onlara həvalə olunmuş vəzifələrin icrasına lap əvvəldən fərqli yanaşmaları nümayiş etdirirdilər. Yeri gəlmişkən, onların yanaşmalarında olan fərq AŞPA-dakı dünənki çıxışları zamanı da aşkar görünürdü.

Həmməruzəçilər Pedro Aqramund və Cozef Debono Qrex monitorinq prseduru çərçivəsində həm Azərbaycanın dövlət orqanları, həm də qeyri-hökumət təşkilatları, siyasi partiyaları və vətəndaş cəmiyyətinin digər subyektləri ilə dialoq xəttini yeridirdilər. Çünki dialoq və əməkdaşlıq, ən azı bəyan edildiyi kimi Avropa Şurasının mahiyyətini təşkil edir.

Bu yanaşma nəticəsində həmməruzəçilər kifayət qədər tarazlaşmış məruzə hazırlamışdılar. Sözsüz ki, biz həmin məruzənin bəzi bəndləri ilə razı deyildik, ona görə Monitorinq Komitəsinə müvafiq qeydlərimizi təqdim etdik, Milli Məclisin AŞPA-dakı nümayəndə heyəti qətnamə layihəsinə dair bir sıra düzəlişləri təklif etdi. Lakin, təkrar etmək istəyirəm, bu məruzə bütövlükdə kifayət qədər tarazlaşmış sənəddir. Məruzədə tənqidlə yanaşı, monitorinq dövrü ərzində əldə edilmiş tərəqqi də öz əksini tapmışdır. Məruzədə qanunvericilik bazasının, məhkəmə sisteminin və digər sahələrin təkmilləşdirilməsində, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi prioritet istiqamətlərdən biri olan korrupsiyaya qarşı mübarizədə əldə edilmiş uğurlar xüsusilə qeyd edilmişdir.

Monitorinq məruzəsində həmçinin "ehtimal edilən siyasi məhbus"lara və humanitar məsələlərə həsr olunmuş bölmə də vardır. Aydındır ki, bu məsələlər məhz dövlətlər tərəfindən öhdəliklərinin həyata keçirilməsini izləyən Monitorinq komitəsinin səlahiyyətlərinə aiddir. Bu səbəbdən monitorinq məruzəsində artıq nəzərdən keçirilən məsələyə dair paralel sənədin mövcudluğu AŞPA-nın bir çox üzvlərində təəccüb doğurdu və onlar belə halla öz praktikasında birinci dəfə rastlaşdırdıqlarını bildirdilər.

Cənab Ştrasserə gəldikdə qeyd edilməlidir ki, o, məruzəçi kimi fəaliyyət göstərdiyi müddət ərzində konfrontasiya xətti yeritmiş, Azərbaycana qarşı qərəzli mövqe və qeyri-peşəkarlıq nümayiş etdirərək dialoqdan qaçmışdır. Belə absurd və hər hansı tənqidə dözümsüz bir "məruzə"nin Assambleyaya təqdim edilməsi məhz bu cür münasibətin təbii nəticəsi olmuşdur. Qeyd olunan məruzə ola bilsin ki, son on il ərzində AŞPA-da müzakirəyə çıxarılmış ən odioz sənəddir.

- Ştrasserin məruzəsinə qarşı hansı digər iradlar var idi?

- İlk növbədə, bu sənəd onun söykəndiyi meyarların Assambleya tərəfindən təsdiq edilməsindən əvvəl AŞPA-nın müvafiq komitəsinə təqdim olunmuşdur. Yəni, formal olaraq, hesabat hazırlandığı zaman bunun üçün zəruri hüququ əsas mövcud olmamışdır.

Sözsüz ki, məruzəçinin iki mandatı var idi - o, həm "siyasi məhbus"lar terminin müəyyən edilməsinə, həm də "siyasi məhbus"lar ilə bağlı vəziyyətə dair məruzələri hazırlamalı idi. Bununla əlaqədar məruzəçinin ilk növbədə məsələni bütün aidiyyəti tərəflər, o cümlədən Azərbaycan hakimiyyəti ilə müzakirə edərək "siyasi məhbus"ların müəyyən edilməsi üçün meyarlara dair məruzə, sonra isə həmin meyarlar əsasında ikinci məruzə hazırlayacağını gözləmək məntiqli olardı. Azərbaycan tərəfi məhz belə yanaşmanın tətbiqində təkid edirdi. Lakin məruzəçi obyektiv məruzənin hazırlanmasında maraqlı olmadığı üçün mümkün meyarların müzakirə edilməsi məqsədilə Azərbaycana gəlmək dəvətimizi qəbul etmədi.

Qeyd etməliyəm ki, cənab Ştrasserin AŞPA-ya "çıxardığı" meyarlar da absurd xarakter daşıyır. O vaxt həmin meyarların taleyini həll etmiş düzəlişin lehinə və əleyhinə olan səslər bərabər bölünmüşdü: 89 lehinə, 89 əleyhinə. AŞPA üzvlərindən birinin dünən iclasda qeyd etdiyi kimi, o, qəhvə içmək üçün zaldan çıxmış, qayıdanda isə meyarlarla bağlı səsvermə artıq bitmişdi. O, vaxtında iclas zalına qayıdıb əvvəl planlaşdırdığı kimi düzəlişin əleyhinə səs versəydi, həmin mənasız meyarlar qəbul olunmazdı. Elə o vaxt AŞPA-nın düşünən insanları Avropa Şurasında bu məsələ ilə bağlı faktiki parçalanmanın baş verdiyi barədə nəticəyə gəlməli idilər. Lakin ...

Bundan başqa, məlum deyil ki, K.Ştrasser hesabatını hazırlayarkən hansı materiallara əsaslanmışdır. Məruzəçi hesabatda göstərmişdir ki, müxtəlif işlərlə bağlı qeyri-hökumət təşkilatlarından çoxlu şərhlər, əlavə təfərrüatlar və dəqiqləşdirmələr almışdır. Şübhələnirəm ki, söhbət 2-3 yerli QHT-dən gedir. Bu informasiyaların nədən ibarət olduğu da bilinmir. Lakin hesabatın müxtəlif bəndlərini müvafiq məhkəmə hökmləri ilə müqayisə edərkən məlum olur ki, bir çox hallarda bu informasiyalar qəsdən təhrif olunmuşdur. Məruzəçinin öz hesabatına daxil etdiyi şəxslərin yarısı azad olunmuş, bir qismi məhkum olunmamış, bəzi şəxsləri isə nəinki təcridxanalar və ya penitensiar müəssisələrdə, hətta Azərbaycanda belə tapmaq mümkün olmamışdır, belə insanlar ümumiyyətlə, yoxdur.

- Ştrasserin məruzəsində qeyd edilmişdir ki, həmin sənəd üzərində iş vaxtilə Avropa Şurası Baş katibinin təyin etdiyi müstəqil ekspertlərin və əvvəlki məruzəçilərin tətbiq etdikləri prinsiplər əsasında qurulmuşdur. Həmçinin qeyd edilmişdir ki, bu iş müəyyən dərəcədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti ilə əlaqəlidir.

- Bu, tamamilə yalandır. Avropa Şurası Baş katibinin təyin etdiyi ekspertlər - onlar peşəkar hüquqşünaslar olmuşdur, onlardan ikisi əvvəllər İnsan Hüquqları üzrə Avropa Komissiyasında fəaliyyət göstərmişdir - yekin rəyi hazırlamamışdan qabaq müvafiq hökmləri və cinayət işlərinin digər materiallarını öyrənmiş və onları Azərbaycan tərəfi ilə müzakirə etmişlər. Artıq qeyd etdiyim kimi, K.Ştrasserin hansı materialları öyrənməsi bəlli deyil, onun peşəkarlığından isə heç söhbət gedə bilməz.

Bununla yanaşı, müstəqil ekspertlər və əvvəlki məruzəçilər məsələyə baxıldığı zaman məhkum olunmamış şəxslərin işlərini nəzərdən keçirmirdilər. Lakin K.Ştrasser öz məruzəsinə nəinki barəsində qanuni qüvvəyə minmiş hökmlər olmayan şəxsləri, ümumiyyətlə həbs altında saxlanmayan şəxsləri də daxil etmişdir. Onların bəzilərinə münasibətdə hətta "potensial siyasi məhbus"lar deyilən yeni bir termin tətbiq etmişdir. Görünür, məruzəçinin zəngin təxəyyülü onun qeyri-peşəkarlığını və qeyri-obyektivliyini tamamilə əvəz edir.

Məruzəçinin işinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin işi ilə müəyyən dərəcədə əlaqəli olmasına gəldikdə isə, burada sadəcə tragikomik vəziyyət yaranmışdı. Yalnız bir misal çəkmək istərdim.

Məruzəçi hesab etmişdir ki, Fərhad Əliyevin işi üzrə məhkəmə prosesi "siyasi çalar" daşıdığına görə və bu "ahıl, ağır xəstəliyi olan insana" təyin edilmiş cəza, o cümlədən həbsxanada onunla rəftar həddən artıq sərt olduğuna görə o, "siyasi məhbus"dur.

Yeri gəlmişkən Fərhad Əliyevin 49 yaşı var. O, eyni məzmunlu şikayətlərlə Avropa Məhkəməsinə müraciət etmişdir. Məhkəmə onun şikayətinə baxmış, qeyd etmişdir ki, o, "belə nəticəyə gələ bilməz ki, ərizəçinin saxlama şəraiti qeyri-insani və ya alçaldıcı rəftarı təşkil etməyə qədər pis olmuş və o, həbsinə zidd olan hər hansı ciddi xəstəlikdən əziyyət çəkmiş, yaxud da ona əlçatan olan tibbi yardım Konvensiyanın 3-cü maddəsi ilə tələb olunan minimum sərtlik dərəcəsinə çatdıran əziyyəti ona etmişdir".

Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin F.Əliyevin işinin "siyasi çalar" barədə olan hissəsinə istinad etmək istərdim. Avropa Məhkəməsi qeyd etmişdir:

"Konvensiyanın 5-ci maddəsinin 2-ci hissəsi üzrə ərizəçi şikayət etmişdir ki, o, tutulmasının səbəbi və ona qarşı irəli sürülmüş ittihamların mahiyyəti haqqında qısa zamanda məlumatlandırılmamışdır. Ərizəçi, həmçinin bütün başqa şikayətləri ilə birlikdə Konvensiyanın 13 və 14-cü maddələrinə əsasən şikayət etmişdir ki, onun Konvensiya ilə qorunan hüquqlarının bərpası üçün hər hansı səmərəli vasitə olmamış və o, siyasi baxışları səbəbindən ayrı-seçkili rəftarda "təklənmişdir".

Lakin malik olduğu bütün materiallar baxımından və şikayət edilən məsələlərin onun səlahiyyətində olduğu qədər Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiyanın pozulmasının hər hansı görüntüsünü aşkar etmir. Belə nəticəyə gəlinir ki, şikayət açıq-aşkar əsassız olduğu üçün Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən qeyri-məqbuldur və Konvensiyanın 35-ci maddəsinin 4-cü bəndinə əsasən rədd edilməlidir".

Avropa Məhkəməsi Ştrasserin öz siyahısına daxil etdiyi Rafiq Əliyevin işi üzrə də eyni nəticəyə gəlmişdir.

Aydındır ki, məruzəçi bilərəkdən Avropa Məhkəməsinin ona sərf etməyən qərarlarını görməməzliyə qoymuş, ola bilsin ki, faktların təhrifinin üzə çıxmayacağına ümid etmişdir.

Hesabata bəzi "köhnə işlər"in daxil edilməsi isə absurdluğun zirvəsidir. Belə işlərin sayı 20-dən çoxdur. On il əvvəl bu işlər müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilmişdir. Ştrasser bir tərəfdən ekspertlərin yekun rəyləri ilə razılaşmışdır ki, həmin şəxslər siyasi məhbus deyil. Onların hamısı "qeyri-siyasi" və zorakı cinayətlərə görə məhkum olunmuşlar. Ekspertlərin rəyi əsasında bu işlər neçə il bağlanmışdır. Digər tərəfdən isə məruzəçi həmin şəxsləri "ehtimal edilən siyasi məhbusların ümumi siyahısı"na daxil etmiş və israr etmişdir ki, həmin şəxslər ya azad olunmalı, ya da onların işinə yenidən baxılmalıdır.

- Qeyd etdiyiniz bütün faktorlardan belə nəticəyə gəlmək olar ki, Ştrasserin məruzəsinin AŞPA tərəfindən rədd edilməsi praktiki cəhətdən qaçılmaz olmuşdur.

- Biz ümid edirdik ki, Ştrasserin hesabat formasına saldığı uydurmalara Assambleyada baxılan zaman sağlam düşüncə qalib gələcək. Çünki tamamilə aydın idi ki, məruzənin müəllifi Azərbaycana dair hesabatın AŞPA-nın müzakirəsinə çıxarılması üçün hər cür cəhd göstərmişdir. Bununla belə onu sənədin məzmunundan çox, həcmi maraqlandırırdı. Məruzəçinin ona verilmiş siyasi sifarişin yerinə yetirilməsi ilə bağlı tələskənliyi və məqsədyönlüyü açıq-aşkar görünürdü.

Ştrasserin məruzəsinin siyasi sifariş olduğu şübhə doğurmur. Məruzənin Hüquqi məsələlər və insan haqları Komitəsində hazırlanmasına baxmayaraq, bu sənədin hüquq və məntiqlə əlaqəsi yoxdur.

Kristof Ştrasser Azərbaycana qərəzli münasibətini dəfələrlə nümayiş etdirmişdir. Onun Avropa Şurası Parlament Assambleyasının məruzəçisi statusu ilə bir araya sığmayan müsahibə və açıqlamalarını xatırlamaq kifayətdir.

Avropadakı müəyyən dairələrin, xüsusən Almaniyanın məruzəyə səs vermələri üçün AŞPA rəhbərliyi və üzvlərinə göstərdiyi təzyiq də bu hesabatın siyasi məqsədli olduğunu ortaya qoyur. Faktiki olaraq, məruzəçinin bütün işi və hazırladığı məruzə ölkəmizə qarşı siyasi pressinqin elementlərindən biri idi.

AŞPA-nın iclasından sonra məruzəçi öz iflasını "insan haqları və Parlament Assambleyası üçün qara gün" adlandırmışdır.

Əslində Avropa Şurasının insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti baxımından hər hansı dəyəri olmayan sərsəm bir sənədin qəbulu təşkilatın reputasiyasına sağalmaz zərbə vurardı və doğrudan da təşkilat üçün qara gün olardı. Hesabatın 40-dən artıq səs fərqi ilə rədd edilməsi göstərir ki, AŞPA-nın əksər üzvləri bunu çox gözəl anlayırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti