Azərbaycan, Bakı, 7 fevral /Trend/
Sui-qəsdə məruz qalmış Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan xəstəxanadadır və onun səhhəti pisləşib. Trend-in məlumatına görə, bu barədə Hayrikyanın seçkiqabağı qərargahının əlaqələndiricisi Manya Ayvazyan Panorama.am-a bildirib.
"Onun sağlamlıq vəziyyəti pisləşib, problemlər yaranıb, lakin mən dəqiq məlumat verə bilmərəm. Digər məlumatları həkimlər bildirəcəklər", - Ayvazyan qeyd edib.
Belə olan halda Hayrikyanın ölkənin Konstitusiya Məhkəməsinə fevralın 18-nə nəzərdə tutuilmuş seçkilərin təxirə salınması ilə bağlı müraciət etməsinin mümkünlüyünə dair suala Ayvazyan belə cavab verib: "Hayrikyanın vəkili öz bəyanatında qeyd edib ki, indiki məqamda [yəni fevralın 5-dəki bəyanatın azırlandığı anda] biz KM-ə müraciət etməyəcəyik. Mən heç nəyi istisna etmirəm, lakin indi birmənalı şəkildə KM-ə müraciət edib-etməyəcəyimizi deyə bilmərəm".
Ayvazyan əlavə edib ki, Hayrikyanın seçkiqabağı kampaniyasını namizədin iştirakı olmadan onun qərargahı həyata keçirir.