Azərbaycan, Bakı, 13 may /Trend/
Azərbaycanın gənclər təşkilatları Prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər.
Trend-in məlumatına görə, bəyanatda qeyd olunur ki, demokratik inkişaf yolu tutmuş Azərbaycan dövləti tərəfindən həyata keçirilən daxili və xarici siyasət xalqımızın rifahının yüksəldilməsinə, cəmiyyətin inkişafına və təhlükəsizliyinin təmin olunmasına istiqamətlənib.
Cəmiyyətin fəal üzvləri olan gənclər də bu siyasətdən faydalanırlar. Bu siyasət gənclərin daha keyfiyyətli və müasir təhsil almasına, fiziki sağlamlığının və sosial müdafiəsinin güclənməsinə yönəlib. Cənubi Qafqazın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycan bu gün həm də MDB və Şərqi Avropa məkanında iqtisadi inkişaf templərinə görə lider dövlətlərdəndir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.
Azərbaycan gənci təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda ən müasir təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib. Belə gənclərin əksəriyyəti məhz dövlətin maliyyə imkanları hesabına təhsil alır, yüksək ixtisaslara yiyələnirlər.
Azərbaycanda çox sayda bədən tərbiyəsi və idman obyektlərinin tikilib gənclərin istifadəsinə verilməsi də gənclərin fiziki inkişafına və sağlamlığna istiqamətlənmiş siyasətdir.
Hər il dünyanın müxtəlif yerlərində keçirilən mötəbər idman turnirlərində Azərbaycan bayrağını yüksəyə qaldıran gənclərimizin sayı durmadan artır.
Azərbaycan gənclərinin tam əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnundur. Bu məmnunluğun səbəbi həyata keçirilən siyasətin ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamı olması, Azərbaycana sabitlik və davamlı inkişaf bəxş etməsi, Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarması, Azərbaycan vətəndaşlarının sosial rifahını yüksəltməsi, Azərbaycan gəncliyinin və gələcəyinin inkişafını təmin etməsidir. Ona görə də Azərbaycan gənclərinin tam əksəriyyəti bu siyasətin arxasındadır və onu müdafiə edir. Azərbaycan gəncliyi müstəqillik tariximizin bütün dövrlərində müxtəlif sınaqlardan alnıaçıq çıxmağı bacarıb və doğru qərar qəbul edib. Azərbaycan gəncliyi cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona səs verməklə öz gələcəyinə səs verəcək.
250-dən artıq gənclər təşkilatı Azərbaycan istiqlaliyyətinin, dövlətçiliyinin gücləndirilməsi, vətənimizin daha da çiçəklənməsi naminə üzərinə düşən tarixi və vətəndaş məsuliyyətini dərk edərək, ölkəmizdə 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini yüksək qürur hissi ilə bəyan edir.