Azərbaycan, Bakı, 14 may /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilmişdir.
AzərTAc xəbər verir ki, bu barədə "Ekovitrin"də verilmiş geniş yazıda jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondentin iştirak etdiyi bildirilmişdir.
Jurnalda İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Nəşrdə dövlətimizin başçısının daxili və xarici siyasətinin uğurlu nəticələri aşağıdakı ardıcıllıqla şərh edilib:
- Prezident İlham Əliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasını uğurla davam etdirmişdir. Enerji resurslarının ixracının şaxələndirilməsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz əsas ixrac boru kəmərlərinin tikintisi başa çatdırılmış, Azərbaycan nefti və qazı dünya bazarına çıxarılmış və ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olmağa başlamışdır;
- Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirmiş, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı dövlət proqramları, layihələr reallaşdırılmışdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Hazırda Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatmışdır. Doqquz milyondan çox əhalisi olan Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur;
- Başda paytaxt Bakı olmaqla ölkənin bütün yaşayış məntəqələrində geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, Azərbaycanın siması dəyişmiş və müasirləşmişdir. Bu gün Bakıya gələn xarici qonaqlar on ildə baş vermiş dəyişiklikləri heyranlıqla izləyir və yüksək fikirlər bildirirlər;
- Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşmüşdür. 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil edir. Son 10 ildə bir milyondan artıq yeni iş yeri yaradılmışdır;
- Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində mühüm nailiyyətlər əldə etmişdir. 2013-cü ildə ilk peykini fəzaya çıxarmaqla Azərbaycan kosmik ölkələr sırasına daxil olmuşdur;
- Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar məbləğində investisiya yatırılmışdır. Azərbaycan öz investisiya siyasətinin yeni konturlarını müəyyənləşdirmiş və fəal şəkildə xarici ölkələrin iqtisadiyyatına sərmayə yatırmağa başlamışdır. Türkiyənin "Petkim" şirkətini aldıqdan sonra Azərbaycan Egey neft emalı zavodu ("Star rafinerisi") layihəsinə 17,5 milyard dollar sərmayə yatırır;
- Son illər Azərbaycan həm də qaz ixrac edən ölkəyə çevrilərək Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü ilə Türkiyə ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulan Trans-Anadolu qaz boru kəməri layihəsi böyük həcmdə Azərbaycan qazını Avropa bazarına çatdıracaqdır. Həmçinin Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu kimi Şərq ilə Qərbi birləşdirən yeni nəqliyyat layihəsini tamamlamaq üzrədir;
- Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sıçrayış dövrünü yaşayan Azərbaycan, həm də dünya birliyinin fəal və nüfuzlu aktorlarından birinə çevrilmişdir. Rəsmi Bakı Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Avropa İttifaqı, İslam ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq edir. Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini möhkəmləndirmişdir. Elə həmin il Qoşulmama Hərəkatına daxil olmaqla Azərbaycan öz xarici siyasətinin yeni vektorlarını müəyyənləşdirmiş, Latın Amerikası və Afrika ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa başlamışdır;
- Müasir Azərbaycan sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir. Dünya İqtisadi Forumu, Krans Montana Forumu, Cənubi Qafqaz Forumu, "Eurovision" musiqi yarışması, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq dünyanın qlobal səciyyəli mərkəzlərdən biri kimi qəbul olunur;
- Prezident İlham Əliyev ölkədə idmanın inkişafına hərtərəfli dəstək göstərir. Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında hətta Türkiyəni qabaqlayaraq dünya ölkələri arasında 30-cu yeri tutmuşdur. Ardıcıl şəkildə əldə olunan mühüm nailiyyətlərin nəticəsidir ki, 2012-ci ildə Avropa Olimpiya Komitəsi 2015-ci il birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etmişdir;
- Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normaları əsasında həllini qarşıda duran başlıca vəzifə hesab edir. Onun həyata keçirdiyi fəal hücum diplomatiyası beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinin ifşa olunmasını sürətləndirir. Bütün regional layihələrdən təcrid olunmuş, iqtisadiyyatı çökən, əhalisi başqa ölkələrə üz tutan Ermənistan ilə müqayisədə Azərbaycan parlayan ulduza bənzəyir.
Jurnal qeyd edilmişdir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir. Növbəti dəfə Azərbaycan prezidentliyinə namizədliyini irəli sürməyə hazırlaşan İlham Əliyevə rəqib ola biləcək şəxs yoxdur. Bu və digər səbəblər Prezident İlham Əliyevi "10 ilin dövlət adamı" elan etmək üçün tam əsas yaradır.
Türkiyənin ən nüfuzlu media qruplarından biri olan "Ekovitrin" 14 ildir ki, iqtisadiyyat sahəsində müxtəlif proqramlar hazırlayaraq, qardaş ölkənin televiziya kanallarında nümayiş etdirir, ölkənin iqtisadi uğurlarını həm türk, həm də dünya ictimaiyyətinə çatdırır. Bu media qrupunun 2000-ci ildən buraxılan "Ekovitrin" aylıq jurnalı Türkiyənin ən sanballı nəşrlərindən birinə çevrilmişdir. Türkiyə ilə yanaşı, Asiya regionunda da geniş yayılan "Ekovitrin" jurnalı ənənəvi olaraq iqtisadiyyat, biznes, sənaye, ixracat, maliyyə, investisiya, siyasət və yerli idarəçilik sahələrində "İlin adamları"nı seçir. 2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avrasiyada ilin siyasət adamı" elan olunmuşdur.
Prezident İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilib (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı” seçilmişdir.