Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.Mehdiyev/
O vaxtkı Milli Şura Azərbaycanı müstəqil etmək üçün idi, indiki Milli Şura isə müstəqilliyimizin təhlükəyə atılması üçündür. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
Hüseynov deyib ki, birincisi, Milli Şura layihəsini öz məhsulu kimi Azərbaycan ictimaiyyətinə sırıyan şəxsin - Rüstəm İbrahimbəyovun Azərbaycana və onun ictimaiyyətinə heç bir aidiyyəti yoxdur: "Onun milli düşüncədən uzaq olması hamıya bəllidir. Uzun illər mədəniyyət sahəsində çalışsa da, Azərbaycan mədəniyyətinə heç nə verməyib. Həyatının çox hisisəsini də Rusiyada yaşayıb. İndi nə oldu ki, birdən-birə Azərbaycanın "dərdi"ni çəkməyə başladı?"
Onun sözlərinə görə, hadisələrin necə cərəyan etməsi, süjet xətti bu faktorların haradan qaynaqlandığını ortaya qoyur: "Bu ssenarini həyata keçirmək üçün ona və onun ağalarına istifadə edəcəyi adamlar lazımdır ki, bunlar da İsa Qəmbər, Eldar Namazov və Əli Kərimli üçlüyüdür. Rüstəm İbrahimbəyov Ziyalılar Formunun, eyni zamanda, cəmiyyətdə "Milyarderlər İttifaqı" kimi tanınan qurumun üzvüdür. "Milyarderlər İttifaqı"nın da necə və nə üçün yarandığı hamıya bəllidir".
Hüseynov qeyd edib ki, Ziyalılar Forumunun bir üzvü də Eldar Namazovdur. O da Azərbaycanda Rüstəm İbrahimbəyovun göstərişlərini yerinə yetirir: "Milli Şuranın mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyində elan olunacağı deyilir. Bu, saxta və çox uğursuz bir cəhddir. Tarixə istinad etməklə Azərbaycan xalqını aldatmaq istəyirlər. Əvvəlcə qeyd edim ki, o zaman yaranan Milli Şura Azərbaycanın milli mənafelərinə xidmət edirdi. İndi isə həmin addan istifadə etməklə xalqı aldatmağa çalışırlar. O vaxtkı Milli Şura Azərbaycanın müstəqilliyi üçün idisə, indiki Milli Şura Azərbaycanın müstəqilliyini təhlükəyə atmaq üçündür. Amma istənilən halda biz buna imkan verməyəcəyik. Hakimiyyətə gəlməkdən ötrü milli maraqları satanlar hər şeyə hazırdırlar. Məgər indi Azərbaycan müstəqil deyil ki, Milli Şura onu müstəqil edəcək?"
O qeyd edib ki, bu, çox gülünc taktikadır və iflasa uğrayacağı qaçılmazdır: "Rüstəm İbrahimbəyovun mətbuata son açıqlamalarında onun gərginlik keçirdiyi hiss olunurdu ki, bu da səbəbsiz deyil. Yəqin ki, ağaları onu tələsdirdiyindən, o da buradakı özü kimi nökərləri tələsdirir. Təbii ki, konstruktiv müxalifət partiyalarından bir çoxu bunun xarici sifariş olduğunu başa düşdü və vaxtında geri çəkildilər. Bu partiya sədrlərindən bir çoxu da bizim dediklərimizi təsdiqlədilər. Onlar düzgün addım ataraq, tarixə Vətənə xəyanət edən, satqın kimi düşmək istəmədilər".