...

Elmar Məmmədyarov AŞ PA prezidenti ilə görüşüb

Siyasət Materials 27 May 2013 18:18 (UTC +04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov AŞ PA prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 27 may /Trend/

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmtindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə AŞ PA arasında uğurlu əməkdaşlığın yaradılmasından məmnunluq ifadə olundu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi vurğulandı.

Jan-Klod Minyon Azərbaycana ilk dəfə 2010-cu ildə parlament seçkilərini izləmək üçün müşahidəçi kimi səfər etdiyini, AŞ PA prezidenti kimi budəfəki gəlişində isə ölkəmizin daha da inkişaf etməsinin şahidi olduğunu diqqətə çatdırdı. Azərbaycanı Avropa Şurası üçün ən vacib tərəfdaşlardan biri kimi qiymətləndirən Jan-Klod Minyon səfərinin əsas məqsədlərindən birinin ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə qarşıdan gələn sədrliyinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olduğunu və bu işdə hərtərəfli yardım edə biləcəklərini qeyd etdi.

Nazir Elmar Məmmədyarov parlament diplomatiyasının müasir beynəlxalq münasibətlərdə mühüm yer tutduğunu, bu tendensiyanın getdikcə gücləndiyini və bu istiqamətdə ölkəmizin AŞ PA ilə münasibətlərə önəm verdiyini diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Elmar Məmmədyarov hazırkı status-kvonun qəbul edilməzliyini və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini qeyd etdi. Nazir hazırkı vəziyyətin hər bir tərəfə ziyan vurduğunu və münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistanın konstruktiv mövqe tutmalı olduğunu bəyan etdi.

Jan-Klod Minyon AŞ PA-nın ATƏT-in Minsk qrupu ilə paralel olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə vermək istəyində olduğunu, bu istiqamətdə səylərini gücləndirəcəyini bildirdi. Münaqişənin həlli yollarına toxunan rəsmi qonaq bununla bağlı AŞ PA-nın öz mövqeyini hələ 2005-ci ildə bu münaqişə ilə bağlı qətnamə qəbul etməklə ortaya qoyduğunu, bir ölkənin ərazisinin başqa ölkəyə birləşdirilməsinin yolverilməz olduğunu vurğuladı. O, AŞ PA-nın münaqişə ilə bağlı mövqeyinin dəyişmədiyini, qətnamələrinin yerinə yetirilməsinin vacibliyini bir daha bəyan etdi.

Nazir Elmar Məmmədyarov AŞ PA-nın Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlı olmasını müsbət qiymətləndirdiyini, təkcə AŞ PA-nın deyil, eləcə də BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin zəruriliyini xüsusi vurğuladı. Azərbaycanın xarici işlər naziri hazırda Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərlik edən Ermənistanın bu təşkilatın üzvü olan Azərbaycanın ərazilərini işğal etməsinin yolverilməz olduğunu qonaqların diqqətinə çatdırdı.

Görüşdə, həmçinin regionda baş verən proseslər və aktual mövzular ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti