...

Liviyanın dövlət başçısı istefa verdi

Siyasət Materials 28 May 2013 23:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend/

Liviya Ümummilli Konqresinin sədri və Prezident səlahiyyətlərini müvəqqəti icra edən Məhəmməd Yusif əl-Məqarif Liviyanın devrilmiş Prezidenti Müəmmər Qəddafi rejimində yüksək vəzifələrdə çalışmış məmurların mövcud hökumətdə vəzifə tutmasına qadağa qoyan qanunun parlamentdə qəbul olunmasından sonra istefa verib.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, parlamentdə "Siyasi təcrid haqqında" qanunun Qəddafinin devrilməsində rolu olan silahlı qrupların tələbi ilə qəbul olunmasından sonra Konqresdə çıxş edən əl-Məqarif bildirib: "Xalqın təmsilçiləri qərarlarını bildirdilər və buna hörmət etməliyik". Qanunun qəbul edilməsindən sonra istefa edən ilk məmur olan əl-Məqarif çıxışının sonunda Konqres üzvləri tərəfindən ayaqüstə alqışlanıb.

Ekspertlər və diplomatlar qanunun təcrübəli liderləri hökumətdən uzaqlaşdıraraq, hazırda qarışıq olan demokratik keçid dövrünü daha da çətinləşdirəcəyindən narahatdırlar.

Qeyd edək ki, Məhəmməd Yusif əl-Məqarif Qəddafi dönəmində 1980-ci ilə qədər Liviyanın Hindistandakı səfiri olub. Daha sonra ABŞ-da 30 il sürgündə olan əl-Məqarif 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsinə yol açan etirazlardan sonra vətəninə dönüb.

Xəbər lenti

Xəbər lenti