Təfərrüatlar əlavə edilib (İlk xəbər 11:41-də yayılıb)
Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Əliyev/
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi "Bakı Prosesi"nin təzahürüdür. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Bakıda keçirilən beynəlxalq forumun açılışında çıxışı zamanı deyib.
Prezident çıxışında bildirib ki, 2008-ci ildə "Bakı Prosesi" başlamışdı: "Hesab edirəm ki, müasir tarixdə bu, çox önəmli bir hadisə idi və geniş prosesin başlanması Bakıda 2008-ci ildə keçirilmiş Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yadımızda qalır".
Dövlət başçısı bildirib ki, ondan sonra artıq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasının həmkarları qoşulmuşdular: "Yəni Bakı əslində coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da icra edir".
Prezident çıxışında qeyd edib ki, birinci forumun keçirilməsi zamanı o belə bir fikir irəli sürmüşdü ki, bu forum ənənəvi olsun: "Və çox şadam ki, bizim dostlarımız da bu təşəbbüsü dəstəkləmiş və bu gün bizimlə bərabər bu forumun ikinci tədbirində iştirak edirlər".
İlham Əliyev xatırladıb ki, 2010-cu ildə də çox önəmli hadisə baş vermişdir: "Dünya dinləri liderlərinin Bakıda zirvə görüşü keçirilmişdir və 2011-ci ildə birinci forum keçirilmişdir. Artıq "Bakı Prosesi" inkişaf edir və əminəm ki, bu forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcək. Çünki biz hamımız istəyirik ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində öz həllini tapsın, əməkdaşlıq meylləri güclənsin, xoşagəlməz halların qarşısı alınsın, dünyada sivilizasiyalararası dialoqun inkişafında müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, hələ ki, biz tam şəkildə istədiyimizə nail ola bilmirik. Çünki dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, vətəndaş müharibələri baş verir, anlaşılmazlıq meylləri artır. Və hesab edirəm ki, bu formatda bu vacib məsələlərin müzakirə edilməsi ümumi işimizə, əməkdaşlıq işimizə bir töhfə olacaqdır".
Prezident hesab edir ki, bu forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil: "Çünki Azərbaycan əsrlər boyu burada yaşayan millətlər, bütün dinlərin nümayəndələri üçün Vətən olmuşdur. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada yaşayan bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi yaşayırlar. Sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır".
İlham Əliyev bildirib ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı idi: "Və çox şadam ki, müstəqillik dövründə biz nəinki müsbət meylləri qoruyub saxlaya bilmişik, hesab edirəm ki, biz onları daha da gücləndirmişik və təkcə artıq öz fəaliyyətimizi ölkənin hüdudları ilə məhdudlaşdırmırıq, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün dünyada da əks-səda yaradır və hesab edirəm ki, bizim bütün regional təşəbbüslərimiz - istər siyasi, iqtisadi və digər sahələrlə bağlı təşəbbüslərimiz də eyni zamanda regional əməkdaşlıq üçün yaxşı şərait yaradır. Və xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meylləri daha da gücləndirir. Ölkələrin siyasi maraqları ola bilər və vardır, təbii ki, iqtisadi maraqlar da var. O ölkələri birləşdirən bir çox hallarda elə bu maraqlardır. Ancaq hesab edirəm ki, əməkdaşlığın müsbət meyllərini gücləndirmək üçün mütləq xalqlararası əlaqələr də sağlam zəmində qurulmalıdır.
Prezident hesab edir ki, forumun gündəliyi çox genişdir: "Burada müzakirə ediləcək məsələlər böyük əhəmiyyət kəsb edir və müştərək gələcəyə baxışlarımızla bağlı fikirlər də səslənəcəkdir. Bu, çox vacib məsələdir - müştərək gələcək. Bu dünyada hər bir xalq üçün, hər bir millət üçün yer var. Təki sülh, əmin-amanlıq olsun, qarşılıqlı anlaşma olsun. Biz əməkdaşlığın uğurunu Azərbaycanın inkişafında görürük. Bizim regional təşəbbüslərimizlə bağlı olan bütün addımlarımız əməkdaşlığa yönəldilib və əməkdaşlıq, qarşılıqlı dəstək vasitəsilə biz öz iqtisadi və siyasi maraqlarımızı da tam şəkildə təmin edirik. Hesab edirəm ki, regional əməkdaşlıq məsələlərinə gəldikdə, bizim müsbət təcrübəmiz maraqlı ola bilər. Eyni zamanda, Azərbaycan nəinki çoxmillətli və çoxkonfessiyalı ölkədir, eyni zamanda nadir ölkələrdəndir ki, həm Avropa Şurasına və həm də İslam Əməkdaşlıq Təşkilatına üzvdür. Və hər iki təşkilatda çox fəal iş aparır və hər iki təşkilatda çox möhkəm mövqelərə malikdir. Və bax bizim bu xüsusiyyətlərimiz, hesab edirəm ki, Mədəniyyətlərarası Dialoq Forumunun inkişafına da öz töhfəsini verməkdədir.
İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan müsəlman aləminin bir parçasıdır və əlbəttə ki, milli və dini ənənələr Azərbaycanda çox güclüdür: "Müstəqil Azərbaycan dövləti güclü milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycanda müxtəlif dövrlərdə, xüsusilə XIX əsrdən başlayaraq Avropa təsiri də kifayət qədər güclü olmuşdur. Və iki gün əvvəl biz Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyini qeyd edirdik. Azərbaycan Demokratik Respublikası müsəlman aləmində ilk respublika idi. Və əslində nəinki Azərbaycan xalqının müstəqilliyini şərtləndirdi, eyni zamanda bölgədə də, müsəlman aləmində də respublika quruluşunun inkişafına, yayılmasına təkan vermişdi".
Dövlət başçısı bildirib ki, Azərbaycan müsəlman aləminin bir parcası olaraq, İslam Əməkdaşlıq Təşkilatında da cox fəal iş aparır: "Böyük qürur hissi ilə deyə bilərəm ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. 2018-ci ildə isə bizim digər qədim şəhərimiz - Naxçıvan bu şərəfli ada layiq görülüb. Bununla bərabər, keçən il Bakıda Avropanın, bəlkə də dünyanın ən mötəbər müsuqi yarışı - "Eurovision" keçirilib. 2015-ci ildə Avropanın I Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Yəni bu məsələlər özlüyündə göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun aparılması üçün nəinki çox gözəl zəmin və əsas var, eyni zamanda biz öz təşəbbüslərimizlə, xarici siyasətimizlə və sivilizasiyalararası dialoqa verdiyimiz töhfələrlə bu əməkdaşlığı daha da genişləndiririk. Bu doğrudan da vacib məsələdir. Çünki dünyada biz hamımız bunun şahidiyik - həm müsbət meyllər var, eyni zamanda mənfi meyllər də var. Son vaxtlar multikulturalizmlə bağlı müxtəlif fikirlər, yəni tam ziddiyyət təşkil edən fikirlər səslənir. Bəziləri hesab edirlər ki, multikultiralizm iflasa uğradı, bəzi ölkələrdə siyasətçilər bu barədə hətta açıq bəyanatlar verirlər. İctimai rəydə görürük ki, multikultiralizm meyllərinin inkişafı ilə bağlı çox bədbin fikirlər var. Əfsuslar olsun ki, bəzi hallarda siyasi bəyanatlar, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, bəzi media qurumlarının fəaliyyəti sivilizasiyalararası dialoqun inkişafına deyil, əksinə, ayrı-seçkiliyə daha da şərait yaratmışdı. Ona görə də burada siyasətçilərin, ictimai xadimlərin məsuliyyəti də böyük əhəmiyyət kəsb edir. Çünki bugünki dünyada qloballaşan internet dövründə istənilən yerdə səslənən hər bir fikir böyük əks-səda verir. Mən hesab edirəm ki, biz müsbət təcrübəni daha da geniş şəkildə təbliğ etməliyik. Çünki burada, bu forumda iştirak edən insanları bir amal birləşdirir. Multikulturalizmin inkişafı mədəniyyətlərarası dialoqun uğurlu gələcəyi və beləliklə, dünyada gedən müsbət meyllərin gücləndirilməsi amalı bizi birləşdirir. Belə olan halda, biz də çalışmalıyıq ki, öz işimizlə, öz praktiki addımlarımızla bu müsbət meylləri gücləndirək.
Yenə də Azərbaycana qayıdaraq deyə bilərəm ki, Azərbaycanda multikulturalizmin mövcudluğu əsrlər boyu vardır. Sadəcə olaraq, əvvəlki dövrlərdə biz bu ifadə ilə tanış deyildik. Bu, nisbətən yeni bir ifadədir".
Prezident bildirib ki, tolerantlıq, dözümlülük, multikulturalizm - bu anlayışlar daim olub, var idi və Azərbaycan multikulturalizmin ünvanlarından biridir: "Qeyd etdiyim kimi, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunur. Biz öz tarixi keçmişimizə çox böyük hörmətlə yanaşırıq. Bakıda gözəl dini abidə olan "Atəşgah" qorunub saxlanılır. Mayın 17-də Şamaxıda ölkəmizin ən qədim məscidi yenidən bərpa edilib. Məscid 743-cü ildə tikilib. Bu gün Azərbaycan bu məscidi bərpa etdi. Həmin məscid 1270 il bundan əvvəl tikilib. Azərbaycan dövləti Bakıda sinaqoqun tikilməsinə də öz dəstəyini əsirgəməyib. Qədim alban kilsələri Azərbaycanda dövlət tərəfindən bərpa edilir, qorunur. Pravoslav, katolik kilsələri fəaliyyət göstərir. Yəni, təkcə bu hadisələrin sadalanması göstərir ki, dorğudan da multikulturalizm üçün çox gözəl imkanlar var. Hesab edirəm ki, dünyanın istənilən yerində bu müsbət meyllər güclənə bilər. Təki siyasi iradə olsun, təki siyasətçilərdə bu məsələ ilə bağlı düzgün istiqamət üstünlük təşkil etsin. Çünki multikulturalizmin alternativ yolu, demək olar ki, yoxdur. Onun alternativi ayrı-seçkilik, ksenofobiya, rasizm, faşizmdir. Hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha da fəal olmalıdır. Bu fəallıq müxtəlif formalarla özünü tamamlamalıdır. Hesab edirəm ki, Bakıda keçirilən forum ümumi işimizə verilən böyük töhfədir. Ancaq biz təkcə forumların keçirilməsi ilə öz işimizi məhdudlaşdırmamalıyıq. Biz müxtəlif tədbirlər hazırlamalıyıq, müxtəlif aksiyalar keçirməliyik. Mədəniyyətlərarası dialoqun inkişafı üçün ciddi tədbirlər görülməlidir. Şadam ki, birinci forumdan keçən dövr ərzində biz bu istiqamətdə önəmli addımlar atmışıq. Əminəm ki, bu forumun nəticələri də çox müsbət olacaqdır və forumdan sonra fəaliyyət planımız da qəbul ediləcəkdir".
İlham Əliyev hesab edir ki, bu gün və sabah vacib məsələlərlə bağlı dəyərli fikirlər eşidiləcək: "Forumun keçirilməsi əlamətdar hadisədir. İki il bundan əvvəl I forumun keçirilməsi də, hesab edirəm ki, çox rəmzi xarakter daşıyırdı. Son 2 il ərzində Azərbaycanda bütün istiqamətlər üzrə inkişaf davam edib. Mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı çox vacib tədbirlər keçirilib".