...

Litva Aİ Şurasında sədrliyə hazırdır

Siyasət Materials 7 İyun 2013 19:26 (UTC +04:00)
Litva 2013-cü ilin ikinci yarısında Avropa İttifaqı (Aİ) Şurasında sədrliyi qəbul etməyə hazırdır. Trend-in məlumatına görə, bunu cümə günü Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas mətbuat konfransında deyib.
Litva Aİ Şurasında sədrliyə hazırdır

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir S.Ağayeva/

Litva 2013-cü ilin ikinci yarısında Avropa İttifaqı (Aİ) Şurasında sədrliyi qəbul etməyə hazırdır. Trend-in məlumatına görə, bunu cümə günü Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas mətbuat konfransında deyib.

A.Jurauskas bildirib ki, Litvanın Aİ Şurasında sədrliyinin məqsədi Aİ-nin əsas prioritetləri olan fasiləsiz iqtisadi artıma, məşğulluğun artırılması ilə rəqabətə davamlılığa, ölkələrin maliyyə sabitliyinə və enerji təhlükəsizliyinə dəstək verməkdir. Litva Şuranın fasiləsiz və ardıcıl işini təmin etməyə çalışacaq.

Səfir deyib ki, Litva sədrliyi İrlandiyadan qəbul edəcək və sonra Yunanıstana ötürəcək.

Onun sözlərinə görə, Litva iqtisadi böhrandan çıxmağı və yaşayışın bahalı olmadığı 10 ölkənin siyahısına daxil olmağı bacard: "Sədrlik dövründə ölkənin büdcəsi 62 milyon avro təşkil edəcək".

Diplomatın sözlərinə görə, sədrliyə hazırlıq prosesi Xarici İşlər Nazirliyi ilə əlaqələndirilir: "Təqribən 1400 dövlət qulluqçusu Litvada və ölkənin Aİ-də daimi nümayəndəliyində sədrliyə hazırlıqda iştirak edəcək. Sədrliyin Litva modeli Brüsseldən proseslərin əlaqələndirilməsinə əsaslanır".

Səfir deyib ki, Litvanın sədrliyi dövründə əsas hadisələrdən biri noyabrda Aİ dövlət başçılarının sammiti olacaq: "Sammitdən savayı, bəzi vacib beynəlxalq konfransların keçirilməsi də planlaşdırılır".

Diplomat əlavə edib ki, Litvanın Azərbaycandakı səfirliyi, həmçinin siyasi və humanitar xarakterli bəzi tədbirlər təşkil etməyi planlaşdırır: "Litva gərgin iş və qanunvericilik sahəsində böyük həcmdə sənədlərin olduğu dövrdə, yəni Avropa Parlamenti seçkilərinədək və Avropa Komissiyasının iş dövrünün sonunda bir ildən az müddətə sədrlik edəcək.

Jurauskas deyib: "Ümid edirəm ki, Vilnüsdə readmissiyalar və viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan və Aİ arasında saziş imzalanacaq. Danışıqlar davam edir, tərəflər onu sammitədək başa çatdıra biləcəklər".

Litva Xarici İşlər Nazirliyinin "Şərq tərəfdaşlığı" üzrə səfiri Vaydotas Verba jurnalistlərə bildirib ki, Litva Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının dövlət başçılarının qarşıdakı sammitindən real nəticələr gözləyir: "Şərq tərəfdaşlığı" proqramımız çox iddialıdır, böyükdür və iqtisadi, siyasi, hüquqi sahələri əhatə edir. Litva bu məsələdə tərəfdaş ölkələrin köməyinə ümid edir".

Onun sözlərinə görə, digər prioritet sahələr daxili enerji bazarının formalaşdırılması və xarici enerji siyasətinin möhkəmləndirilməsi daxil olmaqla enerji təhlükəsizliyi; dördüncü illik forumun keçirilməsi daxil olmaqla Baltik dənizi regionunda Aİ strategiyasının səmərəli həyata keçirilməsi; Avropa Xarici Siyasət Xidmətinin fəaliyyəti vasitəsilə Aİ ölkələri və "Şərq tərəfdaşlığı" dövlətləri arasında daha sıx əməkdaşlıq, həmçinin 2013-cü ilin noyabrında Vilnüsdə "Şərq tərəfdaşlığı" sammitinin keçirilməsi; sərhədlərin mühafizəsi üzrə xidmətlər arasında daha sıx əməkdaşlıq daxil olmaqla Aİ-nin xarici sərhədlərinin səmərəli idarə edilməsi, həmçinin qaçaqmalçılıq və fırıldaqçılıqla mübarizədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti