Azərbaycan, Bakı, 4 iyul /Trend/
Bəzi müxalifət mətbuatı hər zaman olduğu kimi, bu dəfə də qeyri-obyektiv, yalan və əsası olmayan məlumatlar yaymaqla ictimai rəyi çaşdırmağa cəhd göstərir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib.
Vəliyevanın sözlərinə görə, bu cür mətbuatda YAP-ın rayon təşkilatları haqqında reallığı əks etdirməyən informasiyalar dərc edilməklə, Milli Şuranın əhəmiyyətsiz, zəif dərnək olması haqqında olan ictimai düşüncəyə təsir etmək istəyirlər:
"İlk olaraq, deyim ki, onu yazan qəzetin müxbiri ümumiyyətlə, YAP Nizami rayon təşkilatında olmayıb. Digər tərəfdən, təşkilatın aparatının bütün əməkdaşları həftənin 5 günü saat 9:00-dan 18:00-dək işdə olurlar. Hazırda bütün rayon təşkilatları kimi, YAP Nizami rayon təşkilatı da partiyanın Mərkəzi Aparatının tapşırıqları əsasında seçkilərə hazırlıq işlərini sistemli şəkildə həyata keçirir. Hələ seçkilərə rəsmən start verilmədiyindən, kütləvi hazırlıq işlərinin texniki tərəfləri reallaşdırılır. Görünür həmin mətbuat qurumunda çalışanlar Seçki Məcəlləsindən bixəbərdirlər. Bu mənada hesab edirəm ki, qəzetin yaydığı informasiyanın əsası yoxdur, böhtandır".
Vəliyeva xüsusi olaraq vurğulayıb ki, bu gün radikal müxalifətin nəzarətində olan qəzetlər Milli Şura adlı bir qurumun "mövcudluğunu isbatlamağa" çalışırlar: "Amma Dağlıq Qarabağı ermənilərə güzəştə getməyə hazır olanların birləşdiyi Milli Şura cəmiyyət tərəfindən qəbul edilməyəcək. Ona görə də, əminliklə deyə bilərəm ki, Milli Şuradan dəfələrlə güclü olan YAP-ın ayrı-ayrı rayon təşkilatları haqqında yalan informasiyaların yayılması onları iflasdan xilas etməyəcək".