Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir R.Hafizoğlu/
Misirdə Prezident Məhəmməd Mursiyə dəstək məqsədilə kütləvi aksiyalar başlayıb. Bu barədə Trend cümə günü "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Mursinin tərəfdarları cümə namazından sonra Qahirə küçələrinə çıxıblar.
Bu gün Misir ordusu bəyan edib ki, ölkə vətəndaşları dinc aksiyalar keçirmək hüququna malikdirlər və ordu onlara mane olmaq niyyətində deyil.
Misir Prezidenti ordu tərəfindən hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ölkədə Məhəmməd Mursiyə dəstək məqsədilə kütləvi aksiyalar keçirilir. Ötən gün Misirin din xadimləri ölkə Prezidentinə dəstək olduqlarını bəyan ediblər.
Hakimiyyətə verilən ultimatumun vaxtı başa çatdıqdan sonra iyulun 2-də Misir ordusu hərbi çevriliş edərək ölkədə hakimiyyəti ələ alıb.
"Əl-Cəzirə" telekanalı məlumat verir ki, Misir Prezidenti Məhəmməd Mursi və "Müsəlman Qardaşlar" təşkilatının üzvlərinə qarşı Konstitusiyanın pozulması maddələri üzrə yeni ittihamlar irəli sürülüb.