...

Azərbaycanın BMT İP ilə əməkdaşlığı region ölkələri üçün gözəl nümunədir

Siyasət Materials 11 İyul 2013 18:01 (UTC +04:00)
Azərbaycanda BMT İnkişaf Proqramının (BMT İP) Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosu "Əməkdaşlıq və resursların səfərbərliyi" mövzusunda seminar keçirib. Bu barədə Trend BMT İP-nin rəsmi səhifəsinə istinadən məlumat verir.
Azərbaycanın BMT İP ilə əməkdaşlığı region ölkələri üçün gözəl nümunədir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir S.Əhmədova/

Azərbaycanda BMT İnkişaf Proqramının (BMT İP) Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosu "Əməkdaşlıq və resursların səfərbərliyi" mövzusunda seminar keçirib. Bu barədə Trend BMT İP-nin rəsmi səhifəsinə istinadən məlumat verir.

Seminarın məqsədi ölkə ofislərinin insanların həyat şəraitinin yaxşılaşdırılmasında səmərəli fəaliyyətini təşkil etmək üçün BMT İnkişaf Proqramının maliyyə dayanıqlığı və effektivlik planını hazırlamaqdan ibarətdir. Yeni strategiya vasitəsilə BMT İP etibarlı partnyor kimi hökumətlərlə əlaqələrini gücləndirəcək. Sözügedən seminar BMT İP-nin Şərqi Avropa və MDB məkanındakı bütün ofislərinin əməkdaşlarını bir yerə toplayıb.

Tədbirdə çıxışı zamanı təşkilatın Regional Bürosunun direktor müavini Haolinq Xu Azərbaycanın yoxsulluğun aradan qaldırılması istiqamətindəki uğurlarını təqdirəlayiq adlandırıb və hökumətin BMT İP ilə əməkdaşlığının region ölkələri üçün gözəl nümunə olduğunu qeyd edib:

"Maliyyə dəstəyi göstərməklə Azərbaycan BMT İP-nin sadiq tərəfdaşı olduğunu sübut edir. Azərbaycan hökuməti BMT İP-də öz rolunu əhəmiyyətli dərəcədə artırıb. Biz əminliklə deyə bilərik ki, Azərbaycan BMT İP-nin yeni baxış və strategiyasına hazırdır. Bu səbəbdən biz bu seminarı Bakı şəhərində keçirmək qərarına gəldik".

İştirakçıları salamlayan Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycan BMT İP sistemində artıq donor ölkə statusunu alıb.

Məmmədquliyev qeyd edib ki, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə Azərbaycanda yeni inkişaf dövrü başlayacaq.

O bildirib ki, Azərbaycan BMT və onun ixtisaslaşmış qurumları ilə kənd təsərrüfatı, İKT, turizm, təhsil, səhiyyə və idarəçilik sahəsində əməkdaşlığını davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti