...

Mərkəzi Seçki Komissiyasından növbəti qərar

Siyasət Materials 26 İyul 2013 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.İzzət/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda MSK katibi Natiq Məmmədov Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə dair çıxış edib.

MSK sədri Məzahir Pənahov bu seminarın keçirilməsinin aşağı seçki komissiyalarının maarifləndirilməsində mühüm rol oynadığını deyib və bunu təqdirəlayiq hal adlandırıb. Onun fikrincə, cəmiyyətdə seçkilərə olan münasibətin formalaşmasında bu kursların xüsusi əhəmiyyəti var.

Dairə seçki komissiyasının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iyulun 29-dan başlayaraq beş gün davam edəcək. Seminarlar əvvəlcə Bakıda DSK sədrləri üçün keçiriləcək, daha sonra isə bölgələr üzrə bütün ölkəni əhatə etməklə məntəqə seçki komissiyaları da bu kurslara qatılacaqlar.

Qeyd edək ki, kursların açılış mərasimində MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın iştirakı nəzərdə tutulub.

Kurslarda məruzəçi qismində Prezident Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ədliyyə nazirinin müavini Azər Cəfərov, daxili işlər nazirinin müavini Oruc Zalov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov və MSK üzvləri çıxış edəcəklər. Seminarlara avqustun 4-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti