...

Mübariz Əhmədoğlu: G-7 və Aİ-nin üzvü olan İtaliya Azərbaycanla əlaqədən maliyyə böhranından çıxmaq üçün öz xalqına optimist təsir edən amil kimi istifadə edir

Siyasət Materials 12 Avqust 2013 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend/

İtaliyanın Baş naziri və ya İtaliya Respublikası Nazirlər Şurasının prezidenti Enriko Letta Azərbaycanda ilk rəsmi səfərdə oldu. Nəzərə almaq lazımdır ki, İtaliyanın Baş nazirləri MDB məkanına çox nadir hallarda səfər ediblər. Bu, İtaliyanın Baş nazirinin Cənubi Qafqaz dövlətlərinə isə ilk səfəri idi. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

E.Lettanın daha bir fikrinə istinad etməyi məqsədəuyğun hesab edən M.Əhmədoğlu deyib ki, Baş nazir səfərində əsas məqsədlərindən birinin TAP layihəsinə görə Azərbaycana təşəkkürünü bildirmək olduğunu bəyan etmişdi: "İtaliya Azərbaycanın birinci xarici ticarət tərəfdaşıdır. Siyasi məsləhətləşmələr 2012-ci ilin ikinci yarısından etibarən xeyli sürətlənib. Siyasi, təhlükəsizlik, hərbi əməkdaşlıq sahəsində məsləhətləşmələr İtaliya ilə Azərbaycan arasında əməkdaşlığı yüksək səviyyəyə qaldırmaq məqsədi daşıyırdı.Baş nazirin səfəri göstərdi ki, qarşıya qoyulan məqsədə nail olunub. Azərbaycan Prezidenti ilə birlikdə keçirdiyi mətbuat konfransında E.Letta Dağlıq Qarabağ münaqişəsilə bağlı aydın mesajını verdi: "Status-kvo dəyişilməlidir". Aİ üzvü olan İtaliyanın bu fikri Aİ ilə Ermənistan arasında gedən indiki siyasi sövdələşmə fonunda çox yerində olan bir məsələdir. İtaliya bütün Aİ üzvlərinə Dağlıq Qarabağ məsələsi üzrə status-kvonun dəyişilməsi istiqamətində çağırış etdi. Nəzərə almaq lazımdır ki, İtaliya dünyanın 7 ən güclü dövlətindən biridir. İtaliya nəinki G-8-in, hətta dünyanın ən böyük güc qrupu olan G-7-nin üzvüdür".

Politoloq hesab edir ki, G-7-nin üzvü olan İtaliyanın Baş naziri E.Lettanın Azərbaycana səfərində daha iki məqam var: "Fikrimizcə, bu məqamlar əvvəlkilərdən daha sanballıdır. Bu məqamlardan birincisi E.Lettanın səfərinin Azərbaycanda prezident seçkilərinə start verilməsilə eyni vaxta düşməsidir. E.Letta hesab edir ki, məhz belə dövrdə İtaliya rəhbərliyi özünü İlham Əliyevin yanında göstərməlidir. İtaliya rəhbərliyi buna ehtiyac hiss edir və İlham Əliyevin Prezident seçiləcəyinə zərrə qədər şübhəsi yoxdur. Birgə mətbuat konfransında səslənən perspektivə hesablanmış bəzi fikirlər bunu aydın göstərir. Bir az da açıq desək, İ.Əliyevin Prezident seçkilərində İtaliyaya ehtiyacı yoxdur. İtaliyanın ehtiyacı var ki, prezident seçkisi zamanı özünün Azərbaycan Prezidenti İ.Əliyevin yanında olduğunu bəyan etsin. İkinci məqam İtaliyanın düşdüyü maliyyə böhranı ilə əlaqəlidir. Böhran uzun müddətdir davam edir. Bir neçə dəfə hakimiyyət dəyişikliyi İtaliyadakı maliyyə böhranını aradan qaldıra bilməyib. İtaliyada maliyyə böhranının aradan qalxmasının ən mühüm şərtlərindən biri E.Letta hökumətinin öz əhalisində real optimizm yaratmaq bacarığından asılıdır. Onun Azərbaycana səfərində bu aşkar şəkildə göründü. TAP-a görə Azərbaycan Prezidentinə təşəkkür etmək İtaliyanın daxilinə hesablanmış addımdır".

Politoloqun fikrincə, İ.Əliyevin yaratdığı Azərbaycanın reallığı budur. G-7 və Aİ-nin üzvü olan İtaliyanın hökuməti maliyyə böhranından çıxmaq üçün Azərbaycanla əlaqəni öz xalqına müsbət və ya optimist təsir edən faktor kimi qəbul edir və bundan istifadə edir: "İtaliyanın Baş naziri Enriko Lettanın Azərbaycana səfəri Azərbaycanın uğurlar silsiləsinin yeni keyfiyyət mərhələsinin göstəricisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti