Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Rusiya səfirini öldürən, Moskva metrosunda terror törədən, SSRİ-ni dağıdan erməni millətinin təmsilçilərinin Rusiya xarici siyasətində prioritet olması tarixin kinayəsidir. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq hesab edir ki, Vladimir Putinin Bakı səfəri Rusiyanın bəzi diplomatlarını narahat etməməlidir: "Azərbaycan həmişə öz kartı ilə oynayıb. Başqalarının kartından istifadə etməyib və kiminsə əlində karta çevrilməyib. Rusiya-Azərbaycan münasibətləri heç də həmişə düzxətli olmayıb. Rusiyanın Azərbaycana təzyiqlərinin olduğu dövrdə də Azərbaycan Rusiyaya dost münasibətini qoruyub saxlayıb. Başqa dövlətlərə, bloklara müraciət etməyib. İndi də belə olacaq. Rusiya müstəqilliyimizə xələl gətirməyən, risk yaratmayan və qarşılıqlı faydalı nə təklif edəcəksə qəbul edilə bilər".
M.Əhmədoğlu qeyd edib ki, Azərbaycan Rusiya qarşısında hansısa ekstravaqant təklif irəli sürmək niyyətində deyil. Azərbaycandakı rus diplomatların ermənilərə qahmar çıxması isə faydasızdır.
Politoloqun fikrincə, Azərbaycan Rusiya ilə münasibətlər qurarkən erməni faktorunu diqqətdən kənarda saxlamamalıdır: "Rusiyadakı bəzi qüvvələr, ermənilər Azərbaycanın Rusiya ilə düşmən olmasında maraqlıdırlar. Yalnız Azərbaycanla Rusiyanın düşmənçiliyi şəraitində Ermənistan regionda "at oynada" bilər".
M.Əhmədoğlu hesab edir ki, Rusiyanın xarici siyasəti ikisəslidir. Onun fikrincə, əksərən Kremlin apardığı siyasətlə Xarici İşlər Nazirliyinin apardığı siyasət fərqli olur: "Rusiya Azərbaycanı cəzalandırmağa, Ermənistanı isə mükafatlandırmağa daha çox meyillidir. 1991-ci ilin 17 martında SSRİ-nin saxlanılması ilə bağlı referenduma Azərbaycan müsbət, Ermənistan isə mənfi cavab verdi. Referendumdan bir il keçməmiş rus qoşunlarının iştirakı ilə Xocalıda azərbaycanlıların soyqırımı törədildi".
Politoloqun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarının böyük əksəriyyəti milliyyətcə ermənidir: "20-dən çox dövlətdə Rusiyanın səfiri erməni millətinin təmsilçisidir. Rusiyanın xarici işlər naziri S.Lavrovun atasının familiyası Kələntəryan olub. Rusiyanın Azərbaycandakı diplomatlarının böyük əksəriyyətində Azərbaycan sevgisi yoxdur. Əvəzində erməni sevgisi ilə rus sevgisi rəqabət apara bilər. Bu baxımdan Rusiya tərəfdən aparılan siyasətin icraçılarının müəyyənləşdirilməsi V.Putin ilə ayrıca müzakirə edilməlidir".
O, qeyd edib ki, erməni mənşəli rus diplomatların Ermənistanın maraqlarına işləməsi ümumi şübhədən irəli gələn fikir deyil: "Bəzən dünyanın ən ucqar dövlətləri Ermənistana maraq göstərirlər. Bu marağı həmin ölkənin Rusiya səfirliyində işləyən erməni diplomatlar yaradırlar. Anti-Azərbaycan təbliğatının böyük bir qismi erməni mənşəli Rusiya diplomatlarının hesabındadır. Getdikcə zəifləyən Ermənistanla getdikcə güclənən Azərbaycanın bərabər görünməsinin səbəbkarı da erməni mənşəli rus diplomatlardır. Ermənistanın Rusiya tərəfdən tam dəstəyə malik olması tezisinin müəllifi də erməni mənşəli rus diplomatlardır".
M.Əhmədoğlu əlavə edib ki, Rusiya Suriyada uğur əldə edə bilib: "Lakin bu uğur hələ də ziddiyyətlidir. Rusiyanın Suriya siyasətinin ziddiyyətli olmasının əsas səbəblərindən biri erməni faktorudur. Rusiya Suriya ermənilərini öz maraqlarına xidmət etdirə bilmədi. Suriya erməniləri müəyyən dövr neytral qaldıqdan sonra ABŞ-ın maraqlarına xidmət etdilər".
Politoloq qeyd edib ki, Suriya erməniləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirili inkar etdilər. Kirilin Yaxın Şərq regionuna səfəri zamanı pravoslav və ya katolik olmasından asılı olmayaraq bütün dini konfessiyaları başına yığa bildiyi halda, Suriyanın erməni icması həmin görüşdən imtina etdi: "Bu faktorlara dair rəsmi Moskvanın dəqiq, aydın və konkret mövqeyini əldə etdikdən sonra qarşılıqlı maraq doğuran planları icra etmək olar. Lakin Moskva metrosunun partladılmasında iştirak edən ermənilərə, SSRİ-nin dağılmasında rolu olmuş Ermənistan və Dağlıq Qarabağ regionundakı ermənilərə, Ermənistanda rus dilinin və mədəniyyətinin təhqir olunmasına dair erməni mənşəli Rusiya diplomatlarının mövqeyinə rast gəlmədik".
M.Əhmədoğlu qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin ayrı-ayrı şəxsləri Rusiya tarixini ermənilərin xeyrinə saxtalaşdırmasında iştirak edır.
Politoloqun sözlərinə görə, həmin ekspertlər məqsədyönlü şəkildə arxiv materialları ilə təmin olunurlar: "Çar Rusiyasının İrandakı səfiri A.Qriboyedovun fəaliyyəti və həyatı tamamilə saxtalaşdırılıb. Diqqətçəkən məqam burasındadır ki, ermənilərin A.Qriboyedovdan başladıqları ənənə bu günə kimi davam etməkdədir. Ermənilər İran şahının ətrafı və İngiltərədəki İran səfirinin hazırladığı plan əsasında səfir A.Qriboyedovu öldürdülər. 1977-ci ildə Qərb xüsusi xidmət orqanlarının hazırladığı plan əsasında Moskva metrosu partladıldı. Həmin dövlətlərin hazırladıqları plan əsasında 1970-ci illərin sonu 1980-cı illərin əvvəllərində SSRİ ərazisində ermənilər saxta pul kəsib iqtisadi diversiya törətdilər. 1980-ci illərin sonlarından isə həmin dövlətlərin hazırladıqları ssenari əsasında SSRİ-ni dağıtdılar. Hətta Rusiyanın Azərbaycandakı diplomatları da hadisələrə bu kontekstdən münasibət bildirməyiblər. Erməni mənşəli rus diplomatları bu hadisələrə münasibət bildirsəydilər, çox yaxşı olardı".