...

Masallıda Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib (FOTO)

Siyasət Materials 5 Sentyabr 2013 00:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
Masallıda Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunub. Bu mədəniyyət ocağı istismarda olduğu müddətdə əsaslı təmir edilməyib. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanılıb. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilib.

Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanıb.

Dövlətimizin başçısının Masallıya ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenidən qurulub.

Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısı rayon incəsənət məktəbi xor kollektivinin ifasını dinlədi.

Prezident İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mahmudavar kənd mədəniyyət evinin direktoru Natəvan Əliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mirqiyas Təhməzov Prezident İlham Əliyevə Masallı sakinlərinin təşəkkürünü çatdırdılar.

Sonra "Halay" folklor kollektivi "Ay lolo" xalq mahnısını ifa etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti