...

Prezident İlham Əliyev Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə ilə tanış olub (FOTO)

Siyasət Materials 10 Sentyabr 2013 15:26 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınmış beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olmuşdur.
Prezident İlham Əliyev Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınmış beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olmuşdur.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilmiş, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 866 məcburi köçkün ailəsi üçün Bərdədə salınan yeni məhəllədə yaradılan şərait də təsdiqləyir.

Bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğının təzahürüdür ki, son 10 ildə 1,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 61 müasir qəsəbə salınmış, 25,5 min ailə və ya 129 min nəfərdən çох məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu da indiyədək yeni salınan qəsəbələrə köçürülənlərin 81 faizini təşkil edir. Yeni qəsəbələrin salınmasına Dövlət Neft Fondundan və digər mənbələrdən 1 milyard 547 milyon manat ayrılmışdır ki, bu da ümumilikdə bu məqsədlərə ayrılan vəsaitin 97,6 faizini təşkil edir. Yeni yaşayış komplekslərində 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilmişdir. Minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 82 müasir qəsəbə salınmış, 33 min ailə və ya 159 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ümumilikdə 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 2 milyard manatı dövlət büdcəsinin, 1,5 milyard manatı Dövlət Neft Fondunun və 800 milyon manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Həmin vəsaitin 83 faizi, yaxud 3,6 milyard manatı son 10 ildə istifadə olunmuşdur. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır. 2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü il ildəkinə nisbətən 9 dəfə çoxdur.

Dövlətimizin başçısı məhəllədə tikilən 280 yerlik uşaq bağçası ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır.

Azərbaycan Prezidenti bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılan şəraitlə yaxından tanış oldu.

Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir.

Bağça ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, binada tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Bağçada uşaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd olundu. Həyətyanı sahədə də abadlıq tədbirləri görülmüş, uşaqlar üçün xüsusi guşələr yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.

Sonra Prezident İlham Əliyev 540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış oldu.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə qayğısını və Ağdamdan olan məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər quraşdırılmışdır. Burada, həmçinin indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulmuşdur.

Dövlətimizin başçısı məhəllənin baş planı ilə tanış oldu.

Bildirildi ki, bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Buraya 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcəkdir. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Burada klub-icma mərkəzi, tibb məntəqəsi və ATS tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdə rayonunun kommunikasiyalarına qoşulmuşdur. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunmuşdur. Məhəllənin tikintisinə 2012-ci ilin fevralında başlanılmış və bu ilin sentyabrında başa çatdırılmışdır.

Məktəblə tanışlıq zamanı qeyd olundu ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə özünəməxsusluğu ilə diqqəti çəkir.

Dövlətimizin başçısı daha sonra Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində oldu.

Ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səfurə Hüseynovanın mənzili üçotaqlıdır. Burada ailənin yaşaması üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət etdi.

Ev sahibi məcburi köçkünlər üçün yaradılan bu gözəl şəraitə görə dövlətimizin başçısına təşəkkür etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti