...

Azərbaycanda prezidentliyə namizədlikləri qeydə alınanların yekun sayı məlum oldu

Siyasət Materials 13 Sentyabr 2013 16:37 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
Azərbaycanda prezidentliyə namizədlikləri qeydə alınanların yekun sayı məlum oldu

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha bir nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi qeydə alınıb.

Bununla da imza vərəqələrini MSK-ya təqdim edən bütün namizədlərin sənədlərinin yoxlanması başa çatıb. Qeydə alınan namizədlərin sayı 10 olub.

Qeyd edək ki, namizədlər seçki sənədlərini avqustun 20-dən etibarən təqdim etməyə başlayıblar.

Xatırladaq ki, 22 nəfər prezidentliyə namizədliklərinin təsdiq olunması üçün seçki sənədlərini MSK-ya təqdim edib. Onlardan bir nəfərinin namizədliyinin təsdiq olunmasından imtina edilib, digər 21 nəfərin isə prezidentliyə namizədliyi təsdiq olunub.

14 namizəd namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini və digər zəruri sənədləri MSK-ya qaytarıb, digər 7 nəfər isə sənədləri MSK-ya qaytarmayıb. MSK-nın əvvəl keçirilən iclaslarında Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli və Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyi qeydə alınıb.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti