...

Nazim İbrahimov: Diaspor təşkilatları arasında baş verən parçalanma heç zaman bizim xeyrimizə ola bilməz (MÜSAHİBƏ) (FOTO)

Siyasət Materials 16 Sentyabr 2013 17:20 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Trend-ə müsahibəsi.
Nazim İbrahimov: Diaspor təşkilatları arasında baş verən parçalanma heç zaman bizim xeyrimizə ola bilməz (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İzzət/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Trend-ə müsahibəsi

- Xarici ölkələrdə Azərbaycan diasporunun təşkilatlanması işinin hazırki vəziyyətini necə qiymətləndirir, onu hansı mərhələdə görürsünüz?

- Ümumiyyətlə, Azərbaycan Respublikasının diaspora işinə ayırdığı zaman mərhələsini bir neçə hissəyə bölmək olar. İlkin dövrlərə ümummilli lider Heydər Əliyevin hələ 1993-cü ildən Azərbaycan Respublikasına ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra başladığı böyük fəaliyyət, dünya ölkələrinə getdiyi yerlərdə azəbaycanlıların toplanması, onlara azərbaycançılıq ideologiyasını aşılaması, onları Azərbaycanla fəxr etməyə sövq etməsi, birliyə çağırmasını aid etmək olar. İlkin dövrləri 2003-cü ilədək olan dövr əhatə edir. Dahi liderin həmin illərdə bu sahədə gördüyü həqiqətən nəhəng işləri, fəaliyyəti, nəzəriyyələri oldu. Verdiyi göstərişlər, qurduğu ideologiya öz bəhrəsini verdi. Bunun kulminasiya nöqtəsi 2001-ci ildə Bakı şəhərində dünyanın müxtəlif ölkələrindən olan çoxlu sayda Azərbaycan diaspor nümayəndələrinin iştirak etdiyi Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi oldu. Bunu Azərbaycan Respublikasının diaspor fəaliyyətində böyük bir işin başlanğıcı saymaq olar. Bundan əvvəlki dövrü hazırlıq illəri hesab etmək olar. 2001-ci il isə artıq təşkilatlanmağa böyük vüsət verdi. Çox qısa müddətdə dünyanın müxtəlif ölkələrində yüzlərlə təşkilat yarandı və fəaliyyətə başladı. İlk illərdə həmin insanlardan yüksək səviyyədə hər hansı fəaliyyət tələb etmək düzgün deyildi. Çünki orada yaşayan azərbaycanlılar həmin ölkələrə Azərbaycandan yenicə getmişdilər, digərləri tarixən uzun illər ərzində Cənubi Azərbaycandan, İran Azərbaycanından köçüb gedən azərbaycanlılar isə başqa bir formasiyada böyümüş insanlar idi. Onların prioritetləri, həyat məqsədləri başqa olduğu üçün ilk illərdə onları Azərbaycan Respublikasına mənəvi cəhətdən bağlamaq o qədər də asan deyildi. Bununla yanaşı, insanların diaspor fəaliyyəti göstərməsi üçün mühüm bir ideologiya ətrafında birləşmələri lazım idi. Bilirsiniz, Azərbaycanın yüz illər ərzində vahid ideologiyası olmayıb. Ümummilli liderin yaratdığı azərbaycançılıq ideologiyası isə azərbaycanlılar tərəfindən vahid ideoloji istinad nöqtəsi olaraq qəbul edildi. Bundan sonra artıq bütün azərbaycanlılar təşkilatlarını yaradaraq həm Azərbaycanın dünyada tanıdılmasında, həm də dövlətçiliyimiz ətrafında sıx birləşərək fəaliyyətə başladılar. Bununla bağlı 2002-ci ildə Dövlət Komitəsi yarandı. O zaman komitə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi adlanırdı. Bu təşkilat yarandığı gündən indiyədək Azərbaycan diasporunun formalaşmasında, onun təşkilatlanmasında mühüm rol oynaya bilib. Komitə dövlətin vahid siyasətini həmin təşkilatlara sirayət etdirə bilib. O, nəinki hər hansı ölkədə diasporun formalaşmasına, həmçinin dünyada olan Azərbaycan diaspor təşkilatlarının bir-biri ilə sıx əlaqəsinin qurulmasına, bir-birindən xəbərdar olmalarına, qarşılıqlı şəkildə bəhrələnərək ümumi fəaliyyət göstərmələrinə nail olub. Zaman keçdikcə, Azərbaycan diasporunun nümayəndələri xarici ölkələrdə yerləşdikcə, kök atdıqca, təşkilatlar akademik formaya gəlib çıxdıqca, iş fəaliyyətinin dərəcəsi və dairəsi də genişlənib, görülən işlərin keyfiyyəti artıb. Azərbaycan diasporu başqa diasporların yüz illər ərzində gördüyü işləri qısa müddət ərzində görə, özünü göstərə və tanıtdıra bildi. İndi artıq Azərbaycan diasporu bütün dünyada tanınan, sayılan və fəaliyyətini yüksək səviyyədə quran diaspora çevrilib.

- Dövlət tərəfindən diaspor fəaliyyəti sahəsində qarşıya qoyulan məqsədlərə ümumən nə dərəcədə nail olunub?

- Hesab edirəm ki, son 10 ildə cənab Prezident İlham Əliyevin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin başladığı böyük siyasəti davam etdirməsi və bu sahəyə qayğısını daha çox artırması, bu sahəyə çox ciddi diqqət yetirməsi Azərbaycan diasporunun uzun illər ərzində keçə biləcəyi yolu qısa müddətdə keçməsinə səbəb oldu. Hesab edirəm ki, biz diaspor təşkilatlarından gözlədiklərimizə tam nail olmuşuq. Təşkilatlar artıq formalaşmış şəkildə fəaliyyət göstərirlər. Təbii ki, müxtəlif ölkələrdə müxtəlif səviyyələrdə. Çünki hər bir ölkənin özünün milli azlıqlarla bağlı xüsusi proqram və siyasəti olur. Müəyyən ölkələrdə diaspor təşkilatlarının ciddi şəkildə fəaliyyətinə imkan verilmir. Müəyyən ölkələr də var ki, buna daha çox şərait yaradırlar. Həmin ölkənin prioritet istiqamətlərindən biri orada yaşayan milli azlıqların inkişafı, öz milli adət-ənənələrini saxlaması prinsiplərinə söykənir. Yəni, bizim diaspor təşkilatlarımız hər bir ölkənin mili azlıqlara yönəlmiş siyasətinin dərəcəsinə görə inkişaf edə bilib, öz sözlərini deyiblər. Əsas odur ki, Azərbaycanın problemlərini, Dağlıq Qarabağ problemini, Azərbaycanın işğal olunmuş əraziləri, bu işdə Azərbaycanın haqlı olması məsələsini dünyaya çatdıra bilsinlər. Bu işdə azərbaycanlılar çox irəli gediblər. Təkcə Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının dünyada nə qədər vüsət aldığına diqqət etsək, Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində dünyada Azərbaycanın tanıdılması və azərbaycanlıların da bundan daha çox nümunə götürərək öz fəaliyyətlərini daha akademik səviyyəyə gətirib çıxarmaları hesab edirəm ki, həqiqətən də bizim gözlədiklərimizin bəlkə də olduğundan daha yaxşı olduğunu göstərir. İstərdim ki, diaspor təşkilatlarının bu sahədə olan fəaliyyəti hər kəs tərəfindən təqdir olunsun.

- Diaspor təşkilatları həm yaşadığı ölkələrdəki Azərbaycan icmasının problemlərinin həllinə çalışır, həm də mənəvi cəhətdən bağlı olduğu Vətəninin - Azərbaycanın maraqlarından çıxış edirlər. Bəs diasporumuzun Azərbaycan naminə lobbiçilik işinin gücləndirilməsində, ölkəmiz üçün həyati vacib olan məqamlarla bağlı siyasi və iqtisadi qərarların qəbuluna lobbiçilik vasitəsilə təsir edilməsində rolunu necə qiymətləndirirsiniz?

- Diasporumuzun təşkilatlanma dövrü bitmiş hesab olunur. Artıq məqsəd diaspor təşkilatlarının fəaliyyətini daha dolğun, akademik, dünya təcrübəsinə əsaslanan bir səviyyəyə gətirib çıxarmaqdır. Dövlət Komitəsi olaraq bizim əsas vəzifələrimizdən biri də diaspor təşkilatlarına lobbiçilik fəaliyyətində yardımçı olmaqdır və Komitə yarandığı gündən diaspor təşkilatlarına bu sahədə paralel olaraq böyük dəstək verir. Dünyanın müxtəlif ölkələrindən çox yüksək səviyyəli ictimai və siyasi xadimlərlə, iş adamları ilə müəyyən əlaqələrin qurulması, onların Azərbaycana dəvət olunması, burada onlara Azərbaycan həqiqətlərinin daha dolğun çatdırılması, onlarla dost münasibətlər qurmaq, onlarla diaspor təşkilatlarımız arasında sıx əlaqələr yaratmaq, həmin insanlar vasitəsilə Azərbaycanın daha çox tanıdılmasına nail olmaq elə lobbiçilik fəaliyyətinin əsas tərkib hissələrindən biridir. Bu sahədə, doğrudan da çox böyük işlər görülüb. Bəzən olur ki, mətbuatda bizim lobbiçilik sahəsindəki fəaliyyətimizlə bağlı anlaşılmayan məqamlara, yazılara rast gəlinir. Hesab edirəm ki, gərək mətbuat nümayəndələri də bu sahəni dərindən öyrənsinlər ki, lobbiçilik istiqamətində göstərdiyimiz fəaliyyətin sırf diaspor işi olduğunu bilsinlər. Bilirsiniz ki, biz müxtəlif tədbirlər keçiririk. Ölkəmizə müxtəlif ölkələrin keçmiş və fəaliyyətdə olan dövlət və hökumət başçıları, alimləri, ictimai, siyasi və mədəniyyət xadimləri gəlir. Bəzən söyləyirlər ki, bunun diaspora nə aidiyyəti var? Verdiyiniz suala cavab elə hamıya da bir cavabdır ki, gördüyünüz bu iş lobbiçiliyin ən üst səviyyəli tərkib hissələrindən biridir. Hər hansı bir ölkədə 10 il ərzində demokratik seçilmiş prezidentin, artıq o dövlətdə hər kəsin tanıdığı, hörmət etdiyi bir şəxsin Azərbaycana gəlib, buranı tanıyıb geri dönərkən azərbaycanlıların müraciətinə müsbət cavab verib, bütün işlərində iştirak etməsi lobbiçiliyin ən yüksək səviyyəyə gətirib çıxarılması deməkdir. Bu sahədə geniş fəaliyyətlərimiz var və artıq müəyyən uğurlar əldə edilib.

- Nazirlər Kabinetində Azərbaycanın şəhər və rayonlarının Ermənistan tərəfindən işğal edildiyi günlərin xüsusi qaydada qeyd olunması ilə bağlı təkliflər hazırlanır. Gələcəkdə işğal günlərinin dünya ictimaiyyətinə fərqli şəkildə çatdırılması nəzərdə tutulur. Bu işin bir tərəfi də yəqin ki, sizin rəhbərlik etdiyiniz komitə ilə bağlı olacaq. Necə düşünürsünüz, xüsusən də güc sahibi olan, dünyanın vacib qərarlarını qəbul edən ölkələrdə Azərbaycanın ərazilərinin işğal olunmasının ictimaiyyətə çatdırılması sahəsində hansı işlər görülə bilər və Azərbaycan diasporu buna hansı töhfələrini verə bilər?

- Əslində, bu istiqamətdə görüləsi işlər çoxdur. Bu sonu olmayan fəaliyyətdir. Hər hansı bir iş görülüb müəyyən müstəviyə qalxdıqca, işlərin səviyyəsi, həcmi, miqyası, tələbkarlıq daha da artır. Diaspor təşkilatlarının özlərinin iş səviyyəsi yuxarı qalxdıqca işlərin mahiyyəti və miqyası da dəyişir. Ona görə də bu təşkilatlarından daha çox peşəkarlıq tələb olunur. Hesab edirəm ki, gələcəkdə Azərbaycanın diaspor təşkilatları işlərə yerli ictimaiyyəti, yaşadığı dövlətlərin ekspertlərini cəlb etməlidirlər. Ya da o ölkələrdə doğulmuş, oranın vətəndaşları olan azərbaycanlılardan həmin ekspertləri artıq özümüz yetişdirməliyik. Diaspor təşkilatlarında iş artıq peşəkar səviyyəyə gəlib çatıb. Bu da əlbəttə ki, gələcəkdə işlərin keyfiyyətini artıracaq.

Mənim tam subyektiv fikrim belədir ki, xaricdəki diaspor təşkilatlarını Azərbaycan torpaqlarının işğal olunduğu günlərin geniş şəkildə qeyd olunması ilə tam mənada yükləyə bilmərik. Təsəvvür edin ki, il ərzində 1-ci aydan 12-ci aya qədər belə faciə günlərinin qeyd edilməsi bunun əhəmiyyətini nə dərəcədə azalmış olur. Mənim şəxsi düşüncəm budur ki, onların hamısını toplam şəkildə 26 fevral - Xocalı soyqırımı günündə birlikdə qeyd etmək daha effektiv, daha düzgün olardı. Çünki biz bir il ərzində dünya ictimaiyyətini belə faciələr və problemlərlə yükləsək, onda ətrafımızda heç kim qalmaz və bizdən uzaqlaşarlar. Dünya təcrübəsi göstərir ki, belə faciə və problemlər varsa, onlar ildə bir gün geniş, kütləvi şəkildə hər yerdə qeyd olunur, sonrakı aylarda isə daha çox şən, müsbət emosiyalar doğuran tədbirlər keçirməliyik ki, insanlar ətrafımızda toplaşaraq çoxalsın, lakin həm də ildə bir gün başımıza gələn müsibətləri, ağrı-acıları bölüşsün. Çalışırıq ki, fəaliyyətimizə məhz bu istiqamətə daha çox yer verək.

- Xarici ölkələrdəki diaspor təşkilatlarının formalaşmasına və diasporla bağlı digər işlərə orada təhsil alan azərbaycanlı tələbələrin yaxından cəlb edilməsini necə qiymətləndirirsiniz? Sizə elə gəlmir ki, tələbələr hazırda bu işlərə o qədər də fəal cəlb olunmurlar?

- Əlbəttə ki, tələbələr çoxsaylı və gənc olduqları üçün böyük qüvvədirlər. Onlar cəmiyyətin savadlı hissəsidir və onların gedib xaricdə Azərbaycan təşkilatlarında aktiv iştirak edib fəaliyyət göstərmələri də normal haldır. Amma mən hesab edirəm ki, xaricdə təhsil alan tələbələri siyasi və yaxud ictimai məsələlərdə yükləmək doğru deyil. Tələbənin əsas vəzifəsi oxumaqdır. Onları təhsildən ayırıb 3-4 il ərzində istifadə etmək sonda tələbələrin dərslərində axsamalara gətirib çıxarır. Bu iki iş paralel aparılmalıdır, onlar həm oxumalı, həm də lazım gələndə diaspor sahəsindəki fəaliyyətə müəyyən dərəcədə yardımçı olmalıdırlar. Diaspor fəaliyyəti uzun illər, onilliklər və bəlkə də daha çox müddət ərzində yetişən prosesdir. Hər dəfə yeni gələn tələbələrin, hələ formalaşmaqda olan gənclərin aktiv iştirak edib sonra geri qayıtmaları bu prosesə müəyyən çalarlar qatır. Digər tərəfdən də hər bir insanın, vətəndaşın vətənpərvərlik borcudur ki, bu prosesdə iştirak etsin. Lakin mən tələbələri birinci, əsas qüvvə yox, həmişə diaspor təşkilatlarına yardımçı, köməkçi qüvvə kimi qəbul olunmasının daha çox tərəfdarıyam. Yəni biz ümumən çalışmalıyıq ki, diaspor təşkilatlarının fəaliyyətini peşəkar səviyyəyə çatdıraq. Həmin ölkələrdə təhsil alan tələbələrimiz də peşəkar təşkilatların tərkibində fəaliyyət göstərsinlər, onlara yardımçı olsunlar. Bəzən tələbələrlə aparılan geniş işlər sonda lazımi effekti vermir, çünki tələbələrin tərkibi tez-tez dəyişir, onlar Vətənə geri qayıdırlar. Bu məsələlərdə həmin ölkələrdə yaşayan, oranın vətəndaşı olan azərbaycanlıların fəaliyyəti daha səmərəli olur.

-Bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında parçalanma məsələsi, xüsusilə də Rusiya və Ukraynadakı təşkilatlar arasında birliyin olmaması gündəmdən düşmür. Bununla bağlı artıq bir neçə də açıqlama da vermisiniz. Son açıqlamalardan birində qeyd etmisiniz ki, əgər onlar bir ola bilmirlərsə, paralel olaraq fəaliyyət göstərmələri də işin ziyanına deyil. Lakin istərdim ki, hansı halda bu parçalanmanın ümumi işin xeyrinə, hansı halda isə ziyanına olduğunu bildirəsiniz?

- Bu məsələdə ictimaiyyətə də bir aydınlıq və rahatlıq gətirmək lazımdır. Ona görə ki, diaspor sahəsinə ictimai fikirdə o qədər böyük maraq var ki, baş verən istənilən proses ictimaiyyət arasında geniş şəkildə şərh və izah olunur. Əlbəttə ki, diaspor təşkilatları arasında baş verən parçalanma heç zaman bizim xeyrimizə ola bilməz. Yox, əgər hər hansı bir qrupun daxilində birgə yaşam, fəaliyyət mümkün deyilsə, birgə olmaq ümumi mənafeyimizə və strategiyamıza böyük ziyan vurursa, o halda iki paralel hissəyə ayrılıb fəaliyyət göstərmək Azərbaycana, azərbaycançılığa ziyan gətirməz. Ukraynanın timsalında deyə bilərəm ki, onları şəxsən tanıdığım üçün bilirəm ki, onların hər biri Azərbaycan dövləti və dövlətçiliyinə çox sədaqətli, Azərbaycan Prezidentinin siyasətini tam dəstəkləyən insanlardır, əsl vətənpərvərlərdir. Əgər onların arasında müəyyən mənada fikir ayrılığı varsa da, bu Azərbaycan və azərbaycançılıqla bağlı deyil, təşkilatda idarəçilik prinsipləri, yaxud kimin rəhbər olub-olmayacağı ilə bağlıdır. Biz də fikirləşdik ki, əgər onlar parçalanmalarına baxmayaraq, Azərbaycan dövləti və dövlətçiliyinə xidmət edirlərsə, belə halda tərəf tutmaq olmaz. Çünki belə hallarda tərəf tutmaq böyük bir hissəni itirmək, onların hüquqlarını tapdalamaq, onların vətənpərvərlik hisslərinə toxunmaq deməkdir. Ona görə də orada paralel yaranan hər iki təşkilatı müdafiə edirik. Onların sağlam rəqabətinə böyük hörmətlə yanaşırıq. Onların rəhbərləri ilə görüşdə də elan etmişəm ki, dövlət sizin yanınızdadır. Siz fəaliyyət göstərin. Gələcək özü göstərəcək ki, kim öz işində daha irəli gedə bilib. Bir gün gələcək ki, bir-birinizlə razılaşacaqsınız. Çünki insanlar illər ötdükcə da müdrik olurlar və bir gün bir masa arxasına toplaşaraq razılaşıb gələcəkdə tam birlikdə fəaliyyət göstərmək istəyəcəklər. Mən hesab edirəm ki, bu nəinki faciə, heç böyük bir problem də deyil. Yəni bunu bu qədər qabartmağımız bizim ümumi mənafeyimizə uyğun deyil. Biz tərəf tutduqca orada olan çoxlu insanları incidirik. Xaricdə yaşayan azərbaycanlılar həmişə Vətəndə baş verən hər bir prosesə, onların haqqında yazılan hər hansı bir yazıya çox böyük həssaslıqla yanaşırlar və bunu da həmişə nəzərə almaq lazımdır.

- Ukrayna təşkilatları haqqında dediklərinizi Rusiyadakı Azərbaycan təşkilatlarına da aid etmək olarmı? Konkret olaraq komitənin ötən ilin sonlarında yaradılmış və xalq arasında daha çox "Milyarderlər İttifaqı" adı ilə tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqına münasibəti necədir?

- Sualınızın birinci hissəsinə cavab olaraq deyirəm ki, bəli, eynilə aid etmək olar. Mən bir az öncə bir ifadə işlətdim: "Əgər Azərbaycan dövlətinə və dövlətçiliyinə xidmət edirlərsə". Əlbəttə ki, hər hansı yaranmış təşkilat dövlətçiliyə xidmət etmirsə, bizim dövlətçiliyimizin əsaslarına müəyyən ziyanlar gətirə bilərsə, onların fəaliyyətində müəyyən şübhələr varsa, bütün bunlar bizim tərəfimizdən qəti surətdə qəbul olunmur. Mətbuatda bu təşkilat "Milyarderlər İttifaqı" adlandılır, lakin biz rəsmi olaraq belə bir ifadə işlətmirik. Hesab edirik ki, indiki dövrdə Rusiyada hər hansı belə bir təşkilatın, bu tipli cəmiyyətin yaranması ümumi diaspor quruculuğu sahəsinə böyük bir ziyan gətirəcək element ola bilər. Məsələn, uzun illərdir ki, orada "AzərRos" təşkilatı, Rusiya Azərbaycanlıları Konqresi var və fəaliyyət göstərirlər. Biz nəinki bunun əleyhinə olmamışıq, əksinə çox normal qarşılamışıq. Bu təşkilatların fəaliyyətləri də daim göz qabağında olub. Kimin daha uğurlu olduğunu isə zaman göstərəcək. Rusiyada baş verən həmin proses, dediyiniz həmin təşkilatın yaranması müəyyən suallar doğurdu və biz bunu açıq şəkildə söylədik və bu həqiqətən də dövlətə və dövlətçiliyimizə böyük ziyan gətirə biləcək məsələ idi. Hansısa qüvvələr belə bir təşkilat yaradıb ondan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək planlarını ortaya qoyurdular. Orada hətta başqa məsələlər də var ki, onların mətbuata və ictimaiyyətə açıqlanması düzgün olmazdı. Ümumən deyə bilərəm ki, bu təşkilatın yaranması heç də təqdirəlayiq deyildi. Bununla bağlı açıq söhbətimiz olmuşdu və bildirmişdik ki, bu yaradılmasaydı, daha düzgün olardı. Əslində Rusiyada yeni nəsə yaradıb mövcud olanları parçalamaqdansa, azərbaycanlıların mövcud təşkilatlarının möhkəmləndirilməsi daha məqsədəuyğun olardı.

- Həm diaspor təşkilatlarının, həm də dövlətin marağı budur ki, Azərbaycan xarici ölkələrdə daha çox tanıdılsın, oradakı Azərbaycan icmasının problemləri həll edilsin. Lakin bəzi məsələlər var ki, onlar Azərbaycanın və azərbaycanlıların adına ciddi xələl gətirir. Məsələn, etnik kriminal qruplar arasında azərbaycanlıların adının tez-tez hallanması. Sizcə, xüsusilə də Rusiyada azərbaycanlıların adlarının bəzən qərəzli şəkildə kriminal qruplarla və bazarla əlaqələndirilərək aparılan təbliğatın qarşısını almaq üçün nə etmək lazımdır?

-İctimai fikirdə, mediada səslənən belə ifadələr, əlbəttə ki, dövlət adamına xoş olan şey deyil və əlbəttə ki, mən belə ifadələri işlətməyi özümə rəva bilmərəm. Azərbaycanı sevməyən müxtəlif qüvvələr var ki, azərbaycanlıların adının daha çox kriminal ünsürlərlə və yalnız bazarla bağlamağa çalışırlar. Bunlar azərbaycanlıları alçaltmaq, nüfuzunu aşağı salmaq üçündür. Əlbəttə ki, bunlar bizim dostlarımız tərəfindən edilmir. Çox təəssüf olsun ki, bizim qeyri-dostlarımızın və ya yaxud düşmənlərimizin söylədiyi fikirləri Azərbaycan mətbuatı daha çox verir, nəinki azərbaycanlıların orada gördükləri daha böyük işləri. Ucuz sensasiya xatirinə belə yanlış məlumatlar yazılır, fikirlər səsləndirilir. Bu da ümumi fikri formalaşdırmağa yönəlir. Azərbaycanlılar xüsusən Rusiyanın həm ictimai, həm siyasi həyatında özünə məxsus yer tutublar. Mədəniyyət, yaradıcılıq sahəsində uğur qazanmış çox görkəmli azərbaycanlılar var. Bazarda baş verən kiçik kriminal məsələdənsə, bu gün daha çox hər hansı mədəniyyət xadiminin uğurundan danışmaq daha yaxşı olardı. Yaxud Azərbaycanın daxilində, hansısa rayonda baş vermiş çox neqativ şeyləri qabardıb manjetlərdə saxlamaqdansa, hər hansı azərbaycanlının əldə etdiyi müvəffəqiyyətdən yazmaq daha yaxşı olardı. Burada da ümumi ictimai rəyi yaradan kütləvi informasiya vasitələridir. Media hansı fikri qabartsa, ictimaiyyətdə də o fikir oyanacaq. Yaxşıları görməyib, daim yalnız neqativ faktlar üzə çıxarılsa, əlbəttə ki, azərbaycanlılar haqqında da neqativ fikir yaranacaq. Sonra da erməni mətbuatı, bizə dost olmayan ölkələrin, qüvvələrin mətbuatı bizim mətbuatdan nümunə götürürək onu dünyaya yayırlar. Bu çox yaramaz haldır. Azərbaycanda mətbuatın üzərindən senzura götürülüb. Bu, çox düzgün qərardır. Ölkədə mətbuat azadlığı var. Lakin bəzi yazılara baxıram, Azərbaycandakı qədər bu tipli ifadələr, ifrata varmaq dünyanın heç yerində yoxdur. Özü də öz millətinə qarşı. Bəzən olmayan şeylər yazılır. Bununla bağlı çoxlu faktlar sadalamaq olar.

Təhlillər göstərir ki, dünyadakı bütün diasporlar bu mərhələləri keçiblər. Bunu 1950-ci illərdə Almaniyada Türkiyə vətəndaşlarına aid etmək olar. İndi həmin şəxslərin övladları hər yerdə, Almaniya hökumətində, parlamentində, bələdiyyələrdə yüksək vəzifələr, onun ictimai-mədəni həyatında layiqli yerlər tuturlar. O cümlədən, vaxtilə ABŞ-a köç edən İrlandiya diasporu haqqında bu sözləri demək olar. İrlandiyadan olanlarla söhbətimizdə irlandların ABŞ-da yaranan mənfi imici bu gün düşmənlərimizin bizim haqqımızda yaratmaq istədikləri imicdən qat-qat aşağı olub. Sonradan uzun illər ərzində irlandlar həmin imici dağıtmaq üçün proqram şəklində böyük işlər görüblər. Bu iş nədən ibarətdir? Əgər doğrudan da bizim haqqımızda belə bir imic yaradılırsa, xaricdə yaşayan azərbaycanlılar da övladlarını elə böyütməlidirlər ki, gedib həmin ölkənin aparıcı imic yaradan təşkilatlarında və yaxud media orqanlarında yer alsınlar. Özləri daha yaxşı imic yaratsınlar. Təbii ki, bu bir-iki ilin işi deyil. Bu, uzun illər nəticəsində formalaşan bir fikirdir, ictimai rəydir. Güman edirəm ki, çox yaxın gələcəkdə Rusiyada da azərbaycanlılar haqqında çox yüksək fikir formalaşacaq və bu fikir artıq formalaşmaqdadır.

- Azərbaycan mədəniyyəti və tarixinin dünyada təbliğ edilməsində Diasporla İş üzrə Dövlət Komitəsinin də müstəsna xidmətləri var. Yeri gəlmişkən, bu günlərdə verdiyiniz açıqlamalardan birində bildirmişdiniz ki, baxmayaraq ki, dahi mütəfəkkir Nizami Gəncəvi fars dilində yazıb, yaradıb, onun Azərbaycan şairi olduğunu heç kim şübhə altına ala bilməz. Hətta qeyd etmişdiniz ki, beynəlxalq institutlarla birgə Nizami Gəncəvi irsinin araşdırılıb dünyada oxunan dildə tanıdılması istiqamətində tədbirlər görülür. Lakin məsələ burasındadır ki, İran Əfqanıstan və Tacikistanla birgə hərəkətə gələrək Nizami Gəncəvinin dünyaya fars şairi kimi tanıdılmasına dair işlər həyata keçirir. Nə vaxta kimi bu məsələ intriqalara səbəb olacaq? Olmazmı ki, bununla bağlı beynəlxalq mütəxəssislərdən ibarət birgə komissiya yaradılsın və məsələyə birdəfəlik son qoyulsun?

- Mən sizin intriqaların yaranması ilə bağlı fikrinizlə razılaşmıram. Dahi şairin hansı millətə, hansı xalqa məxsus olmasının müəyyənləşdirilməsi intriqa deyil. Bu çox böyük tarixi əhəmiyyəti olan şeydir. Biz bu gün bütün dünyaya göstəririk ki, hələ 10 əsr bundan əvvəl bu qədər dahi bir şairi, mütəfəkkiri olan millət bu gün həqiqətən dünyada ən ön cərgələrdə yer tutmağa layiqdir. Düşmənlərimizin bizim haqqımızda yaydığı "azərbaycanlılar bir yığma komandadır", "hələ formalaşmamış bir xalqdır", "dünən meydana gəliblər", "30-40 il bundan əvvəl onlara tatar deyirdilər", "bu tarixi olmayan xalqdır", "tarixi olmayan xalqın necə ola bilər ki, tarixi torpaqları olsun?" və s. fikirləri əsasən də erməni təbliğatında əsas yerlərdən birini tutur. Bunlar çox böyük prinsipial əhəmiyyəti olan məsələlərdir.

Nizami Gəncəvi hələ XI-XII əsrlərdə bütün dünyaya ideya verən bir şəxs olub. Dünyaya indi yayılan çox böyük ideologiyaların əsasını məhz Nizami Gəncəvi qoyub və Azərbaycan fəlsəfi fikri, fəlsəfi məktəbinin nümayəndəsi kimi dünya irsinə böyük töhfələr verib. Bu çox sadə məsələ deyil ki, nəyinsə xatirinə güzəştə gedə biləsən. Nizami Gəncəvi Azərbaycan torpağında böyüyüb, burada yaşayıb, burada dəfn olunub, deməli o, bu torpağın, bu millətin oğludur, bu xalqın nümayəndəsidir. Kimlər güzəştə getmirsə, bu o demək deyil ki, biz onlara güzəştə getməliyik. Bundan böyük amalımız ola bilməz. Nizamini Azərbaycan xalqının böyük övladı və böyük irsimizin yaradıcılarından biri kimi qələmə verməkdən azərbaycanlıların daha böyük işi ola bilməz ki, Nizamini onun naminə biz təhvil verək və ya bu məsələdə güzəştə gedək. Yəni onun Azərbaycan şairi olduğuna zərrə qədər də şübhə ola bilməz!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti