Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.Əliyev/
2005-2013-cü illərdə Azərbaycanın müdafiə sənayesi məhsullarının istehsal həcmi 8,3 dəfə artıb. Bu barədə cümə axşamı Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat veriblər.
Həmçinin, 2013-cü ilin iyul ayının yekunları üzrə ölkənin müdafiə müəssisələrinin istehsal etdiyi məhsulların həcmi 120 milyon manat olub. Bu sahədə istehsalın ən böyük artımı 2011-ci ildə müşahidə edilib. 2011-ci ilin yekunları üzrə ölkənin müdafiə sənayesi 154,5 milyon manat dəyərində məhsul istehsal edib ki, bu da 2010-cu ilin göstəricisini 80,7 faiz üstələyir.
İstehsal edilən məhsulların çeşidində də müsbət dinamika müşahidə edilib. 2013-cü ilin iyul ayının sonuna olan vəziyyətə görə, ölkənin müdafiə müəssisələri 750 adda məhsul istehsal edib ki, bu da 2005-ci ilin göstəricisindən 67 faiz çoxdur. Müqayisə üçün, 2005-ci ildə ölkənin müdafiə sənayesi 449 adda məhsul istehsal edib.