...

Prezident İlham Əliyev: Bu gün dünyada öz sözünü deyən və vətəndaşlarını daim müdafiə edən güclü Azərbaycan dövləti var (FOTO)

Siyasət Materials 1 Oktyabr 2013 22:22 (UTC +04:00)
Oktyabrın 1-də - Beynəlxalq Ahıllar Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak etmiş, burada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar.
Prezident İlham Əliyev: Bu gün dünyada öz sözünü deyən və vətəndaşlarını daim müdafiə edən güclü Azərbaycan dövləti var (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Oktyabrın 1-də - Beynəlxalq Ahıllar Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak etmiş, burada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar.

Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaratmışdır. Əlilliyi olan şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilmiş, bu çərçivədə 10-dək yeni hüquqi-normativ akt qəbul edilmişdir.

Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulmuş, bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına sadiq olduğunu ifadə etmişdir.

Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Pensiya təminatı sistemində həyata keçirilən islahatlar isə bu kateqoriyadan olan şəxslərin də əmək pensiyalarının ciddi artımına səbəb olmuşdur. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunmuşdur. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilmişdir. Ötən illərdə əlil vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və onların maddi təminatının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli də diqqət mərkəzində saxlanılmışdır. Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən fərdi evlər tikilmişdir. Ümumilikdə, ötən illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdur. O cümlədən kənd rayonlarında həyətyanı sahəsi olan 750-dək fərdi ev inşa edilərək müharibə əlillərinə verilmişdir. Hazırda ildə orta hesabla 700-dən çox mənzil inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir.

Bütün bunlarla yanaşı, Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı proqramı da həyata keçirilir. Son illərdə yüzlərlə Qarabağ müharibəsi əlilinə avtomobillər verilmişdir. 2009-cu ildə müharibə veteranlarına və əlillərinə 500, 2010-cu ildə 350, 2011-ci ildə isə 304 avtomobil paylanmışdır. 2012-ci ildə Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə 325 minik avtomobili təqdim olunmuşdur.

Prezident İlham Əliyevin ahıl insanlara, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkədə pensiya islahatları uğurla davam edir. Pensiya təminatına dair yeni qanunvericilik bazası işlənib hazırlanmışdır. Hazırda sığorta-pensiya sistemi beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanmış üç qanunla - "Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Əmək pensiyaları haqqında" qanunlarla tənzimlənir. Yeni sistem bütün vətəndaşlar üçün pensiya təminatında bərabər şərtlərin yaradılmasına və qazanılmış pensiya hüquqlarının reallaşdırılmasına təminat verir. 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir və bu sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği, istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artmışdır. İslahatların mühüm mərhələsi kimi 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə nail olunmuşdur. Pensiya islahatları çərçivəsində ölkədə sığorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafa dair müəyyən olunmuş strateji məqsəd, hədəf və göstəricilər nəzərə alınmaqla sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirmişdir. Bununla da sosial ədalət prinsipi üzərində qurulmuş və təkmilləşdirilmiş pensiya sistemi yaradılmışdır.

Xatırladaq ki, 2003-cü ilin əvvəlində Azərbaycanda orta aylıq pensiyanın məbləği 20 manat idi. Uğurlu pensiya islahatları nəticəsində indiyə qədər Prezident tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilmişdir. Yeni sistemin tətbiqindən etibarən pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artmışdır. 2011-ci ildə həyata keçirilmiş islahat tədbirləri isə 900 minə yaxın pensiyaçını əhatə etmiş və pensiyanın orta hesabla 40 faiz artması ilə nəticələnmişdir. Bütün bunlar da göstərir ki, son illərdə pensiyaçıların sosial müdafiəsi qat-qat güclənmişdir. 2006-cı ildə yeni sistem fəaliyyətə başladığı vaxtdan 2013-cü ilə qədər əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artmışdır. 2003-cü ilə nisbətdə orta əmək pensiyalarının məbləğində 8 dəfəyədək artım baş vermişdir. Eyni zamanda, son illərdə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği isə 3,7 dəfə artırılmışdır.

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bütün bunlar da təbii ki, ölkə əhalisinin, xüsusilə də qayğıya daha çox ehtiyacı olan kateqoriyanın - ahıl insanların problemlərinin həllinə imkan yaradır. Paytaxtın Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir olunması, burada geniş yenidənqurma işlərinin aparılması da bunu göstərir. Burada yaradılan şərait bir daha ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Prezident İlham Əliyevə məlumat verdi ki, pansionat ötən əsrin 60-cı illərində inşa edilmişdir. Uzun illər burada təmir işlərinin görülməməsi səbəbindən kompleksə daxil olan binalar yaşamaq üçün yararsız vəziyyətə düşmüşdü və yenidənqurma işlərinin aparılması zərurətə çevrilmişdi. Pansionatda aparılan yenidənqurma işləri çərçivəsində 7 hektar ərazi abadlaşdırılmış, ümumi sahəsi 10 min kvadratmetrdən çox olan yeni korpus inşa olunmuşdur.

Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, yeni korpusda 170 nəfərin yaşaması üçün hər cür şərait yaradılmışdır. Mövcud korpus isə əsaslı təmirdən sonra 130 nəfərə xidmət göstərəcəkdir. Yenidənqurma işləri tam başa çatdıqdan sonra pansionatda 300 nəfərə xidmət göstərmək mümkün olacaqdır. Qeyd edildi ki, yeni korpusdakı otaqlardan 160-ı bir nəfərlik, beşi iki nəfərlikdir. Ölkədə daha iki belə müəssisə fəaliyyət göstərir. Onlardan biri Gəncədə, digəri isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundadır.

Bildirildi ki, burada yaşayan insanların tibbi problemlərinin həlli daim nəzarətdə saxlanılır, onların sağlamlığına xüsusi diqqət göstərilir.

Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaşayan ahıl insanlarla görüşdülər.

Prezident İlham Əliyev çıxış edərək deyib: "Sizi salamlayıram. Bu gün bildiyiniz kimi, dünyada Ahıllar Günü qeyd edilir. Biz bu gündə əmək və müharibə veteranları üçün pansionatın yenidən qurulmasını qeyd edirik. Bu pansionat 1960-cı illərdə tikilmişdir. 1998-ci ildə ulu öndər Heydər Əliyev buraya gəlmişdir, veteranlarla görüşmüşdür. İndi bu pansionata yeni həyat verilir. Yeni korpus tikilmişdir. Əvvəlki korpus əsaslı təmir edilmişdir. Burada çox gözəl şərait yaradılmışdır. İndi burada 300 veteran yaşaya və dincələ bilər. Hər cür şərait vardır. Burada çox gözəl, müasir standartlar tətbiq edilib, gözəl bir otelə oxşayır. Əslində, belə də olmalıdır. Çünki Azərbaycanda veteranlara həmişə böyük hörmət olub".

Dövlət başçısı qeyd edib ki, ümumiyyətlə, cəmiyyətimizin çox möhkəm dayaqları vardır və dövlətimizin də əsasları milli dəyərlərdən ibarətdir. Azərbaycan cəmiyyətində bütün dövrlərdə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət olubdur:

"Biz bu ənənələri yaşatmalıyıq. Elə etməliyik ki, gənc nəsil də bu ruhda, milli ruhda böyüsün, milli dəyərlər əsasında öz həyatını qursun və sizdən nümunə götürsün. Siz Azərbaycan üçün, ölkəmiz üçün müxtəlif dövrlərdə böyük xidmətlər göstərmisiniz, işləmisiniz və bu gün ahıl yaşlarınızda dövlət tərəfindən təmin edilmisiniz. Bu pansionatın yenidən qurulması, bax belə müasir səviyyədə işlərin görülməsi Azərbaycan dövlətinin güclü sosial dövlət olduğunu təsdiqləyir. Mən bu barədə dəfələrlə fikirlərimi bölüşmüşəm, bir daha demək istəyirəm ki, dövlətimiz sosial dövlətdir. Sosial dövlət o dövlətdir ki, sosial sahəyə, insanlara böyük diqqət göstərilir və siyasətinin mərkəzində vətəndaş dayanır".

Preizident bildirib ki, bu gün müstəqil Azərbaycanda sosial dövlət anlayışı tam şəkildə təmin edilir. İldən-ilə artan pensiyalar, maaşlar, ünvanlı sosial yardım, - 120 min ailə sosial yardım alır, - son on il ərzində yoxsulluq təxminən on dəfə aşağı düşmüşdür. Köçkünlərə olan münasibət. Hər il 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür. Yaşlı nəslə olan münasibət Azərbaycanı tam şəkildə sosial dövlət kimi təcəssüm etdirir. Güclü sosial siyasət bundan sonra da davam etdiriləcəkdir. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir. Belə gözəl müəssisələrin yenidən qurulması və bütün işlərin müasir səviyyədə təşkili Azərbaycan dövlətinin siyasətini və iradəsini əks etdirir:

"Biz bütün sahələrdə nümunəvi ölkə olmalıyıq. Elə etməliyik ki, ölkəmiz hər bir sahədə güclənsin və vətəndaşlar daha da yaxşı yaşasınlar. Əlbəttə, inkişaf etmiş ölkələrdə yaşlı nəsil üçün evlər, pansionatlar, sanatoriyalar tikilir. Ancaq bizdən olan fərq ondan ibarətdir ki, orada bütün xidmətlər pulludur. Kimin pulu var gedir orada yaşayır, kimin pulu yoxdursa, necə deyərlər, qalır ağır vəziyyətdə. Burada isə dövlət bütün xərcləri öz üzərinə götürmüşdür. Yəni, sizin bütün təminatınız, burada yaradılan bütün şərait və gələcəkdə bu pansionatın istismarı - bütün işlər dövlətin hesabına görüləcəkdir. Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, Azərbaycan insanıdır. Vaxtilə neft kapitalını insan kapitalına çevirmək şüarımız bu gün reallaşır.

Mən bu əziz gündə sizi ürəkdən salamlayıram. Çox şadam ki, bu günü biz sizinlə bərabər qeyd edirik. Əminəm ki, bu yeni korpusda və təmirdən çıxmış köhnə korpusda veteranlarımız rahat yaşayacaqlar".

Sonra pansionatın sakini Mirabutalıb Talibov çıxış edərək deyib: "Cənab Prezident. Hörmətli Mehriban xanım. İcazə verin, mən sizi pansionatın kollektivi adından salamlayım və "Xoş gəlmisiniz!" deyim. Bəli, hörmətli Prezident, ataya, anaya rəhmət qazandıran övlad Sizin kimi olar. Allah Sizi saxlasın. Allah Sizin üstünüzdən əskik olmasın, Sizə ömür versin. Siz Azərbaycan xalqının rifahı üçün nələr etməmisiniz? İlbəil pensiyalarımız artır. Elə bu yaxın günlərdə pensiyalarımız artdı. Biz xoşbəxt ahıllarıq. Ona görə ki, Sizin kimi prezidentimiz, dayağımız vardır. Allah Sizi bizim üstümüzdən əksik etməsin. Var olasınız".

Prezident İlham Əliyev deyib: "Mən tanış oldum, otaqlar da rahatdır, genişdir. Bütün şərait vardır. Böyük ərazidir, 7 hektar. Şəhərdə yerləşir, Bilgəh qəsəbəsi də Bakının bir hissəsidir. İndi şəhərə getmək üçün də yaxşı imkanlar vardır, problem yoxdur. Əsas odur ki, siz rahat yaşayasınız. Siz buna layiqsiniz. Çünki uzun illər ölkəmiz üçün, xalqımız üçün işləmisiniz. Bu gün dövlət sizin bütün qayğılarınızı öz üzərinə götürür və sizin üçün sizə layiq olan şəraiti yaradır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə çox ciddi praktiki addımlar atılır. Ahıllar üçün evlər tikilir - Bakıda, Gəncədə, Naxçıvanda belə evlər vardır. Ondan sonra uşaq evləri. Demək olar ki, onların tam əksəriyyəti təmir edilibdir. Burada həm dövlət öz sözünü deyir, eyni zamanda, ictimai təşkilatlar da, iş adamları da kömək göstərirlər:

"Mən xüsusilə, Heydər Əliyev Fondunun fəaliyyətini vurğulamaq istəyirəm. Məhz Fondun xətti ilə bax bu sahəyə diqqət artırılmışdır. Demək olar ki, bütün uşaq evlərində gözəl təmir işləri aparılmışdır, xəstə uşaqlar üçün internatlarda da işlər görülür. Sosial cəhətdən az təmin edilən vətəndaşlar üçün dövlət öz köməyini əsirgəməməlidir. Yəni, sosial ədalət bu deməkdir. Əlbəttə, bu gün Azərbaycan ölkələrin əksəriyyəti kimi, iqtisadiyyatını bazar iqtisadiyyatı əsasında qurmuşdur və böyük uğurlar əldə etmişdir. Ancaq, eyni zamanda, sosial siyasət daim diqqət mərkəzindədir. Çünki biz insanlar üçün çalışırıq. Çalışırıq ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Kimin imkanı var imkanları daha da artıq olsun, kimin imkanı yoxdursa dövlət öz dəstəyini göstərməlidir. Azərbaycan vətəndaşları və yaşlı nəsil bilir ki, onların arxasında güclü dövlət dayanır. O dövlət ki, onları heç vaxt darda qoymaz və hər bir məsələdə onlara arxa-dayaq olacaqdır. Çünki belə də olmalıdır. Bax bu siyasət gələcəkdə davam etdirilməlidir ki, Azərbaycanda sosial ədalət heç vaxt pozulmasın və bizim ənənələrimiz davam etsin. Buna da, ağsaqqalların sözlərinə də böyük ehtiyac vardır. Çünki bu gün dünya dəyişir, qloballaşır, bəzi ənənəvi dəyərlər itib gedir. Buna yol vermək olmaz. Çünki hər bir cəmiyyətin əsasları onun dəyərləridir. Dəyərlər üzərində qurulan cəmiyyətlər sağlam cəmiyyətlərdir. Biz elə etməliyik ki, gənclərimiz bax bu ruhda - milli ruhda böyüsün, milli adət-ənənələrə sadiq olsunlar. Ona görə dövlət tərəfindən yaşlı nəslə göstərilən bu qayğı bilavasitə cəmiyyətdə də bu məsələlərə diqqəti artırır. Sizin üçün isə yeni bir şərait yaradılıbdır və əminəm ki, rahat yaşayacaqsınız".

Pansionatın sakini İlyas İskəndərov ulu öndər Heydər Əliyevin xatirəsinə ümumxalq məhəbbətindən danışaraq deyib: "Cənab Prezident, fəxr edirəm ki, mənim Heydər Əliyev kimi Prezidentim olub. O, həmişə mənim ürəyimdə yaşayır. Evdə Ulu Öndərin böyük bir şəklini asmışam. Həmişə o şəklə baxıb fəxr edirəm. Mən Sizdən çox razıyam. Mənim bir ayağım yoxdur, bir qolum da şikəstdir. Özüm də 19 ildir ki, bu pansionatda yaşayıram. Mən buranın vəziyyətindən çox razıyam. 2006-cı ildə pensiyalar artandan sonra mən dörd il pensiyamı yığıb özümə bir avtomobil də almışam".

Prezident İlham Əliyev: Çox yaxşı.

Daha sonra Kubra İslamova çıxış edərək deyib: "Cənab Prezident, Mehriban xanım, bizim təzə evimizə xoş gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Biz bu evi Sizin sayənizdə əldə etdik. Allah Sizi bizim üzərimizdən əksik etməsin. Sizin sayənizdə Bakı çiçəklənir, işıqlanır, yeni körpülər tikilir. Siz hər şəraiti yaratmısınız. Mehriban xanımın sayəsində də çoxlu məktəblər, uşaq bağçaları tikilmişdir. Allah Sizə cansağlığı versin".

Prezident İlham Əliyev deyib: "Çox sağ olun. Çox işlər görülübdür. Dediyiniz kimi, körpülər, binalar, şəhərlər tikilib. Ancaq bu işlərin içərisində əlbəttə ki, sosial məsələlər həmişə mənim üçün prioritet olub. Çünki hər şey insanlar üçündür. İnsanlar rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşasınlar. Yaxşı dolanışıq olsun, işlə təmin edilsinlər. Pensiyaçı yaxşı pensiya alsın. Kimin imkanı yoxdursa dövlət də onları öz himayəsinə götürsün və onlara qulluq etsin. Ona görə belə olan halda cəmiyyətdə də müsbət ab-hava yaşanır. Bu gün bizim cəmiyyətimiz sağlam cəmiyyətdir. Bu, çox böyük üstünlükdür. Sakitlik, əmin-amanlıq, sabitlik. Görün bu gün dünyanın müxtəlif yerlərində nələr baş verir!? Toqquşmalar, müharibələr, dava-dalaş, təxribatlar, fəlakətlər. Fəlakətlər burada da oldu. Keçən il zəlzələ, ondan sonra daşqın oldu. Biz bütün bu sınaqlardan şərəflə çıxdıq. Orada minlərlə ev tikildi. Zəlzələdən sonra bir il ərzində dövlət hesabına dörd mindən çox ev tikildi. Yəni, dövlət insanların bütün ehtiyaclarını ödəməlidir. Kim ki ağır vəziyyətə düşür, dövlət mütləq öz əlini uzatmalıdır. Zəlzələ, təbii fəlakət baş verdi, evlər dağıldı. İnkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə dövlət deyir ki, get sığorta şirkətindən pulunu al, evin sığortalanıb, get pulunu al. Amma bizdə belə deyildir. Burada dövlət bütün yükü öz üzərinə götürür. Bax, bu sahədə də, ahıllar üçün tikilən ev, uşaq evləri, xəstə uşaqlar üçün internatlar, xəstəxanalar, məktəblər - bütün bunlar böyük vəsait tələb edən layihələrdir. Bu gün dövlət güclüdür. Bu gün dünyada güclü Azərbaycan dövləti vardır ki, öz sözünü deyir və öz vətəndaşlarını daim müdafiə edir. Sizi bir daha təbrik edirəm".

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti