...

Qara dəniz QHT Forumunun müşahidə missiyasının rəhbəri: Azərbaycanda seçki prosesi yüksək səviyyədə təşkil olunub

Siyasət Materials 9 Oktyabr 2013 14:47 (UTC +04:00)
Azərbaycan paytaxtının seçki məntəqələrində səsvermə prosesi kifayət qədər yüksək səviyyədə təşkil edilib.
Qara dəniz QHT Forumunun müşahidə missiyasının rəhbəri: Azərbaycanda seçki prosesi yüksək səviyyədə təşkil olunub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan paytaxtının seçki məntəqələrində səsvermə prosesi kifayət qədər yüksək səviyyədə təşkil edilib. Bu barədə çərşənbə günü Trend-ə Qara Dəniz QHT Forumunun Müşahidə Missiyasının rəhbəri Azərbaycanda prezident seçkilərinin gedişini izləyən müşahidəçilər qrupunun rəhbəri İsmayıl Safi deyib.

Onun sözlərinə görə, günün birinci yarısında onun rəhbərlik etdiyi müşahidə missiyası üç seçki məntəqəsində olub.

Safi bildirib: "Hər üç seçki məntəqəsində səsvermə prosesi yüksək səviyyədə təşkil olunub və bu, ilk baxışdan da görünür. Səsvermə prosesini həm hakim partiya, həm müxalifətdən olan, həm də müstəqil müşahidəçilər izləyirlər. Biz onların fikirləri ilə yerindəcə tanış olduq. Onların hamısı seçki prosesini yüksək qiymətləndirir. Mənim Bolqarıstan və Türkiyədən olan həmkarlarımda eyni fikirdədir".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti