...

Azay Quliyev: ATƏT/DTİHB-nin mövqeyinin qəbul edilməməsi Büronun direktorunu ciddi şəkildə düşündürəcək

Siyasət Materials 11 Oktyabr 2013 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) təklikdə qalması və onun mövqeyinin yerli və beynəlxalq ictimaiyyət, xüsusilə, ATƏT-in sədri və ATƏT-in seçki müşahidə missiyasının rəhbəri tərəfindən qəbul edilməməsi Büronun direktoru Yanez Lenarçiçi ciddi şəkildə düşündürəcək. Trend-in məlumatına görə, bunu millət vəkili, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Azay Quliyev ATƏT/DTİHB-nin 9 oktyabr prezident seçkisi ilə bağlı açıqladığı hesabata münasibət bildirərkən deyib.

A.Quliyev deyib ki, artıq bütün beynəlxalq təşkilatlar oktyabrın 9-da keçirilən prezident seçkilərinin yekunları ilə əlaqədar öz rəylərini açıqladılar: "Təqdirəlayiq haldır ki, dünyanın bir çox ölkələrindən gələn qurumlar, xüsusilə, AŞ PA və Avropa Parlamenti seçkilərin azad, ədalətli və şəffaf şəkildə keçirildiyini və demokratik prinsiplərə cavab verdiyini bəyan etdilər. Lakin ATƏT/DTİHB və ATƏT PA-nın adından açıqlanan ilkin rəy kifayət qədər mübahisəli və reallığı tam olaraq əks etdirmədiyindən ciddi narazılığa səbəb oldu".

O bildirib ki, hesabata ilk etiraz edən ATƏT-in müşahidə missiyasının koordinatoru, ATƏT PA-nın üzvü Mişel Vauzə oldu: "Faktiki olaraq ATƏT/DTİHB və ATƏT PA-nın fəaliyyətini əlaqələndirən şəxsin bu hesabatla razılaşmaması və seçkilərin şəffaf, azad və ədalətli keçməsini təsdiqləməsi, Avropa Parlamentinin və Avropa Şurasının seçki ilə bağlı qərarlarına qoşulması bir çox qaranlıq məsələlərə aydınlıq gətirdi. Bunun ardınca ATƏT-in fəaliyyətdə olan hazırkı sədri cənab Leonid Kojara da seçkilərin ATƏT-in və Avropa Şurasının tələblərinə uyğun keçirildiyini və bu istiqamətdə tərəqqinin əldə olunduğunu bildirməklə ATƏT/DTİHB-nin mövqeyi ilə həmrəy olmadığını nümayiş etdirdi".

Millət vəkili qeyd edib ki, bu siyahıya digər beynəlxalq təşkilatların da rəyini əlavə etsək görərik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun açıqladığı ilkin rəy hamı tərəfindən birmənalı şəkildə rədd edilmiş oldu:

"Güman edirəm ki, DTİHB-nin təklikdə qalması və onun mövqeyinin yerli və beynəlxalq ictimaiyyət, xüsusilə, ATƏT-in sədri və ATƏT-in seçki müşahidə missiyasının rəhbəri tərəfindən qəbul edilməməsi Büronun direktoru cənab Yanez Lenarçiçi ciddi şəkildə düşündürəcək. Ümidvaram ki, ATƏT PA-nın oktyabrın 12-də Monteneqroda keçiriləcək Büro iclasında və sonrakı günlərdə baş tutacaq payız sessiyasında DTİHB-nin ünvanına deyilən iradlara əsaslandırılmış və məntiqi bir cavab almaq mümkün olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti