...

Fəzail Ağamalı: Sosial dayağı olmayan heç bir siyasi qüvvə uğur qazana bilməz

Siyasət Materials 18 Oktyabr 2013 17:21 (UTC +04:00)
Milli Şura, onun arxasında duran qüvvələr və onun bu gün təmsilçisi olan Cəmil Həsənli birdəfəlik başa düşməli, qəbul etməlidir ki, artıq prezident seçkiləri bitib və seçkilərdə İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə Prezidenti seçilib.
Fəzail Ağamalı: Sosial dayağı olmayan heç bir siyasi qüvvə uğur qazana bilməz

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Milli Şura, onun arxasında duran qüvvələr və onun bu gün təmsilçisi olan Cəmil Həsənli birdəfəlik başa düşməli, qəbul etməlidir ki, artıq prezident seçkiləri bitib və seçkilərdə İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə Prezidenti seçilib. Bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Milli Şuranın mitinq keçirmək planlarına münasibət bildirərkən deyib.

F.Ağamalı bildirib ki, seçki prosesini izləyən çoxsaylı həm yerli, həm də xarici müşahidəçilər seçkilərin yetərincə şəffaflıq və siyasi fəallıq şəraitində keçdiyini rəsmi şəkildə bəyan ediblər:

"Dünənə qədər tarixçi kimi tanınan, heç zaman siyasi arenada özünü təsdiq etməyən, Milli Şuranın ikinci namizədi kimi qeydiyyata alınan və proseslərdə iştirak edən Cəmil Həsənlinin seçkilərdə 6 faiz səs qazanması onun üçün ən böyük faiz idi. Nə Cəmil Həsənli, nə də onun arxasında dayanan radikal müxalifət bundan böyük faiz qazana bilməzdi. Bu, onların Azərbaycan xalqı içərisində ən yüksək səs həddidir".

Millət vəkili hesab edir ki, radikal, revanşçı müxalifətin mitinqlərinin arxasında dayanan, Azərbaycanda qarşıdurmalar, xaos yaratmaq, Azərbaycanı Suriyanın vəziyyətinə gətirmək istəyən xarici qüvvələrin daxildəki təmsilçiləridir: "Lakin Azərbaycan xalqı heç zaman buna getməz, Azərbaycan dövləti də kifayət qədər müdrik, ağıllı ənənələrə söykənən bir dövlətdir və radikal müxalifət məqsədlərinə nail ola bilməyəcək".

F.Ağamalı qeyd edib ki, radikal müxalifət mahiyyət etibarilə Azərbaycan xalqına bəllidir: "Bu insanlar Azərbaycan xalqının yaddaşında 90-ci illərin xaosunu yaradan insanlar kimi qalıb. Buna görə də Milli Şuranın heç bir perspektivi yoxdur. Bundan əvvəl də bir sıra birliklər yaratdılar, ancaq heç nə əldə edə bilmədilər. İndi də Milli Şuranın adı altında hər hansı məqsədə nail olmayacaqlar. Bunun başlıca səbəbi isə Azərbaycan xalqının onların arxasında dayanmamasıdır, sosial bazalarının olmamasıdır. Sosial dayağı olmayan heç bir siyasi qüvvə cəmiyyətdə və siyasi proseslərdə heç zaman uğur qazana bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti