...

Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Siyasət Materials 25 Oktyabr 2013 18:01 (UTC +04:00)
Çili Respublikasının Prezidenti Sebastian Pinera Eçenike Azərbaycanın dövlət başçısı İlham Əliyev yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidentinin ünvanına təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Çili Respublikasının Prezidenti Sebastian Pinera Eçenike Azərbaycanın dövlət başçısı İlham Əliyev yenidən Prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırıram. Bu qələbə Azərbaycan xalqının Zati-alinizə olan etimadını və nikbinliyini bir daha sübut edir.

Eyni zamanda, Sizə və dövlətinizə Çili xalqının dostluğunu və rəğbətini ifadə edir, Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Zati-aliləri, fürsətdən istifadə edərək Azərbaycan ilə Çili arasında mövcud olan dostluq əlaqələrinin davamlı şəkildə güclənməsi istiqamətində arzularımı və Sizə ən dərin ehtiramımı bildirirəm".

XXX

Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı Partiyasının sədri, 2009-2013-cü illərdə Bolqarıstanın sabiq Baş naziri Boyko Borisovdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan qürur və fəxarət hissi duyuram.

Seçkilərdə parlaq qələbəniz Azərbaycanı uğurlu demokratik inkişaf yolu ilə irəliyə aparmaq səylərinizə və lideri olduğunuz partiyanın fəaliyyətinə xalqınızın dəstəyinin əyani göstəricisidir.

Əminəm ki, partiyalarımız arasında əməkdaşlıq bundan sonra da demokratik inkişaf dəyərlərindən faydalanmaq yolu ilə daha da dərinləşəcəkdir.

Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm.

İcazə verin, bir daha qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırım".

XXX

Moldova Elmlər Akademiyasının prezidenti, Moldova Respublikası Hökumətinin üzvü Akademik George Dukadan:

"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moldova Elmlər Akademiyası adından və şəxsən öz adımdan təbrik edim. Seçkilərin nəticələri Azərbaycan xalqının Sizin yürütdüyünüz, sabitliyə, ölkənin davamlı inkişafına və onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətə göstərdiyi böyük dəstək və etimadı bir daha sübut etdi.

Fürsətdən istifadə edərək, Moldovanın və Azərbaycanın elmi ictimaiyyəti və elmlər akademiyaları arasında əməkdaşlığın hərtərəfli inkişafına və möhkəmlənməsinə göstərdiyiniz yüksək qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, Sizin dəstəyiniz sayəsində biz gələcəkdə də bu sahədə yeni yüksək nailiyyətlər əldə edəcəyik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, gözəl ölkənizin və onun böyük xalqının firavanlığı naminə nəcib əməyinizdə yeni uğurlar arzulayıram".

XXX

Fransanın Konyak şəhərinin meri Mişel Qurinçasdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Cənab Prezident, Sizi əmin etmək istərdim ki, Azərbaycan ilə Fransa, xüsusilə də ölkənizin Tovuz şəhəri ilə bizim Konyak şəhəri arasında mədəniyyət və şərabçılıq sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə Konyak şəhəri böyük önəm verdiyini bir daha təsdiq edir.

Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

XXX

Merilend Universitetinin professoru, Vaşinqtondakı Şərq-Qərb Mərkəzinin direktoru Akademik Roald Saqdeyevdən:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan xalqı öz ölkəsinin müdrik siyasi kursunu tamamilə dəstəklədiyini yenidən nümayiş etdirdi. Təməli 20 il bundan əvvəl, sovet imperiyası dağılandan sonra ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş (təəssüf ki, postsovet məkanın digər ölkələrində az yerdə həyata keçirilmiş) bu kurs Azərbaycan üçün iqtisadi müstəqillik yolu və hər hansı xarici nüfuz mərkəzlərində deyil, Sizin ölkənizdə işlənib hazırlanan müstəqil siyasi fəaliyyət yolu açmışdır.

Azərbaycan xalqı ölkəyə rəhbərliyi Sizə etibar etdiyi illər ərzində bu kurs yeni impuls almışdır. Mən müntəzəm surətdə Sizin ölkənizdə oluram, yeni Azərbaycan quruculuğunun miqyasını və dərinliyini, onun gənc nəslinə xas olan enerji və optimizmi görürəm. Bu nəslin ali məktəblərdə, universitetlərdə müasir təhsil alması üçün yollar açıqdır. Həmin tədris müəssisələrində mənim azərbaycanlı dostlarım və həmkarlarım, ziyalılar - yaşlı nəslə mənsub olan alimlər öz təcrübə və biliklərini gələcək elmi və texniki kadrlara öyrədirlər.

Fəxr edirəm ki, mənə müxtəlif qitələrdə dünyanın bir sıra ölkələri ilə birbaşa rabitə kanalları açmış ilk Azərbaycan peyki "Azərspace-1"in kosmik orbitə çıxarılması layihəsində iştirak etmək xoşbəxtliyi nəsib olmuşdur. Beləliklə, Azərbaycan Rusiyadan sonra mahiyyət etibarilə özünün fəaliyyət qabiliyyətli kosmik rabitə sistemi olan ikinci postsovet respublikası olmuşdur.

Möhtərəm İlham Heydər oğlu, Sizi əmin edirəm ki, Azərbaycandan olan həmkarlarım, alim və mühəndislərlə əməkdaşlıq yolu ilə ölkənizin elmi və pedaqoji həyatında iştirakımı davam etdirəcəyəm".

XXX

Macarıstanın Dyöndyöş şəhərinin meri Laslo Faraqodan:

"İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan və Dyöndyöş şəhərinin sakinləri adından təbrik edim.

Azərbaycan ötən on ildə Sizin rəhbərliyinizlə dinamik inkişaf yolu keçmiş, iqtisadiyyat və xarici siyasət sahələrində böyük uğurlar qazanmış, həm öz regionunda, həm də beynəlxalq aləmdə münasibətlərin möhkəmlənməsinə sanballı töhfələr vermişdir. Beləliklə, həmin proseslərin bundan sonra da uğurlu inkişafının təməli qoyulmuşdur.

Hörmətli cənab Prezident, bu ilin may ayında bizim Dyöndyöş şəhəri Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan Şuşa şəhəri ilə qardaşlaşmaq barədə niyyət protokolu imzalamışdır. Bildiyimə görə, şuşalıların mütləq əksəriyyəti doğma şəhərin işğaldan azad olunması və ata-baba torpaqlarına qayıtmaq ümidlərini Sizin adınız və Sizin fəaliyyətinizlə bağlayırlar. Mən də buna ümid bəsləyir və səmimi qəlbdən bunu arzulayıram.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə böyük uğurlar diləyirəm".

XXX

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzrə Rusiya Milli Komitəsinin sədri, QDİƏT İşgüzar Şurası Direktorlar Şurasının üzvü Viktor Arxipovdan:

"Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Yenidən bu vəzifəyə seçilməyiniz sübut edir ki, Azərbaycan xalqı Sizə etibar edir, ölkənin sosial-iqtisadi sabitliyinin möhkəmlənməsinə olan ümidlərini Sizinlə bağlayır.

Əminik ki, Sizin peşəkar təcrübəniz, enerjiniz və təşkilati istedadınız prezidentliyinizin yeni dövründə də sanballı nailiyyətlər əldə etməyinizə imkan verəcəkdir.

Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrimizin inkişaf etdirilməsi üçün Sizin səylərinizi yüksək qiymətləndiririk. Əminik ki, bu istiqamətdə əməkdaşlığımız yüksək səviyyədə davam etdiriləcəkdir".

XXX

M.F.Vladimirski adına Moskva Vilayət Elmi Tədqiqat Klinik İnstitutu urologiya bölməsinin rəhbəri, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyasının Əməkdar Elm Xadimi, professor, tibb elmləri doktoru Marqarita Trapeznikovadan:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı və şəksiz qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, uzun ömür, əmin-amanlıq və firavanlıq arzulayıram!"

XXX

N.K.Baybakov adına İqtisadi İnkişafa Yardım Fondunun prezidenti Valeri Serovdan:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik.

Sizin rəhbərliyiniz ilə Azərbaycanın siması son on ildə tamamilə dəyişmişdir. Ölkənin iqtisadiyyatı möhkəmlənmiş, şəhər və kəndlər müasir görkəm almış, gözəl Bakı daha yaraşıqlı və əzəmətli olmuşdur. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün artır, Sizin adınız daim dünyanın ən populyar prezidentləri sırasında çəkilir.

Əminik ki, prezidentliyinizin yeni dövrü ölkənizin daha da çiçəklənməsinə və Azərbaycan xalqının rifahının yaxşılaşmasına yönəlmiş ən möhtəşəm planlarınızı həyata keçirməyə imkan verəcəkdir.

Sizin rəhbərliyiniz ilə yaxın beş il Azərbaycan ilə Rusiya arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində yeni mərhələ, iki ölkənin mehriban qonşuluq, qarşılıqlı faydalı münasibətləri üçün örnək olacaqdır".

XXX

Smolnı İnstitutunun Ali İnzibati Şurasının sədri Heydər İmanovdan:

"Sankt-Peterburq şəhərindəki Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutunun rəhbərliyi, professor-müəllim heyəti və tələbələri Sizi, görkəmli siyasi və dövlət xadimini, ulu öndər Heydər Əliyevin işinin layiqli davamçısını, üçüncü müddətə azad, demokratik Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən salamlayır və təbrik edir.

Yenidən bu vəzifəyə seçilməyiniz Azərbaycanda və onun hüdudlarından kənarda Sizə böyük sevgi və ehtiramın daha bir təsdiqidir. Azərbaycan Respublikasının gənc vətəndaşlarının bizim institutda təhsil alan böyük bir qrupu 2013-cü il oktyabrın 9-da yekdilliklə Sizin namizədliyinizə səs vermiş, bununla da müasir Azərbaycanın seçdiyi yolu dəstəklədiyini nümayiş etdirmişdir.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə böyük uğurlar arzulayırıq".

XXX

Ukrayna Müsəlmanları Dini İdarəsinin sədri, Ukraynanın müftisi Şeyx Əhməd Təmimdən:

"Seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Ukrayna müsəlmanları adından mənim səmimi təbriklərimi qəbul edin.

Biz, çoxsaylı Azərbaycan diasporunun yaşadığı çoxmillətli Ukrayna dövlətinin müsəlmanları xeyirxahlığın və həqiqi biliklərin yayılması üçün çalışmış Qafqazın böyük müsəlman teoloqlarının irsini yüksək qiymətləndiririk. Onların əsərləri müsəlman dünyası, o cümlədən Ukrayna müsəlmanları üçün bilik mənbəyidir. Ukrayna Müsəlmanları Dini İdarəsi bu böyük irsi indiki və gələcək nəsillərə çatdırmağa və onu qoruyub saxlamağa çalışır, Ukraynada yaşayan və İslama etiqad edən xalqların milli mədəniyyətlərinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir.

Sizin şəxsinizdə Azərbaycan xalqına yüksək mənəviyyatı və gözəl ənənələri həmişə qoruyub saxlamağı arzu edirik. Qadir Allahdan Sizin dövlətə sülh və çiçəklənmə diləyir, Sizə və ailənizə möhkəm cansağlığı və cəmiyyətin rifahı naminə səmərəli fəaliyyət arzulayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti