...

Bahar Muradova: Yerlərdə Milli Məclisin ofisləri yaradılmalıdır

Siyasət Materials 14 Noyabr 2013 15:02 (UTC +04:00)
Azərbaycanda yerlərdə Milli Məclisin özünə məxsus, onun balansında olan ofisləri yaradılmalıdır.
Bahar Muradova: Yerlərdə Milli Məclisin ofisləri yaradılmalıdır

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda yerlərdə Milli Məclisin özünə məxsus, onun balansında olan ofisləri yaradılmalıdır. Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova büdcə zərfinə daxil olan "Milli Məclisin xərclər smetası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Vitse-spikerin sözlərinə görə, qanunvericiliklə deputatlar üçün müəyyən xidmətlərin təmin edilməsi nəzərdə tutulsa da, bir sıra çətinliklər yaranır.

Ona görə də Bahar Muradova hər bir deputat üçün ayrıca ofisin tikilməsini təklif edib və bu məsələdə ölkə Prezidentindən dəstək istəyib: "Yerlərdə hakimiyyətin ayrıca qanadı olan Milli Məclisin özünə məxsus, onun balansında olan ofisləri olmalıdır. Qanunvericilikdə müəyyən mənada icra orqanlarının, millət vəkillərinin qərargah və telefon xidməti ilə təmin edilməsi nəzərdə tutulub. Amma bunun icrasındakı problemlər bizə məlumdur. Biz bilirik ki, burada hansı çətinliklərlə üzləşirik. Bu gün bir çoxları deyə bilər ki, millət vəkilləri öz problemlərini həll edə bilərlər. Biz bu məsələni bu şəkildə yox, inkişaf etməkdə olan Azərbaycan dövlətinin qanunverici hakimiyyəti və onun üzvlərinin qanunla nəzərdə tutulmuş təminatlarının yerinə yetirilməsi kimi ortaya qoymalıyıq. Təklif edirəm ki, Milli Məclisin yerlərdə özünə məxsus və icra hakimiyyəti orqanlarının vasitəsi ilə reallaşdırılıb ortaya qoyulan mülkiyyəti olmalıdır. Hər bir deputatın konkret dairədə ofisi, qərargahı olmalıdır. Rayonlarda o qədər quruculuq işləri gedir, o qədər tikililər, inzibati binalar yaranır. Bunların fonunda hər bir millət vəkili üçün 2-3 otaqdan ibarət qərargahın tikilməsi heç də böyük vəsait tələb etmir. Biz hər bir deputatın ofisinin tikilməsi işinə nail olmalıyıq. Buradan ölkə Prezidentinə müraciət edirəm ki, bu məsələdə bizə dəstək versin. Mən bunu bu il üçün nəzərdə tutmuram. Ən azı 2015-ci ildən sonrakı çağırış üçün millət vəkillərinin ayrı-ayrı qərargahları olmalıdır".

Vitse-spiker qeyd edib ki, bütün məsələləri millət vəkillərinə ayrılmış müavinətlə həll etmək mümkün deyil.

Bahar Muradovanın fikrincə, həmin müavinətin ayrı-ayrı istiqamətlər üzrə necə xərclənməsi və hesabatlılığının təmin edilməsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti