Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xarici diplomatik missiyaların nümayəndələrini ölkənin daxili işlərinə müdaxilə etməməyə çağırıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Onun sözlərinə görə, əgər xarici diplomatik missiyaların nümayəndələri bundan sonra da ölkənin daxili işlərinə müdaxilə etsə, onda məsələni diplomatik səviyyədə həll etmək və səfirləri ölkədən çıxartmaq lazım gələcək.
Baş nazir onu da qeyd edib ki, Türkiyədə son hadisələrin arxasında ölkənin inkişafını istəməyən daxili və xarici qüvvələr dayanır.
R.T.Ərdoğan bildirib ki, heç kim Türkiyə hökumətini zəiflədə bilməz: "Hökumət son hadisələrə tam aydınlıq gətirmək üçün mümkün olan hər şeyi edəcək".
Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib.
Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.
Qeyd edək ki, bu gün Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var.