Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir E.Mehdiyev/
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri hesab edir ki, Müsavat Partiyasının Milli Şuradan çıxması gözlənilən idi.
VİP sədri Əli Əliyev Trend-ə bildirib ki, Müsavat Partiyası 2015-ci il parlament seçkilərinə start verir və həmin startın tərkib hissəsi kimi əvvəl Milli Şuradan Rüstəm İbrahimbəyovun getməsinə səbəb oldu, Milli Şuranı Rüstəm İbrahimbəyovun getməsi ilə zəiflətdikdən sonra isə öz gedişləri ilə Milli Şuraya daha bir zərbə vurdular:
"Bu, əslində prezident seçkilərində özlərinin də namizədi olmuş Cəmil Həsənliyə arxadan vurulan zərbədir. Burada təəccüblü heç nə yoxdur. Müsavat Partiyası öz prinsiplərinə sadiqdir, öz xislətinə uyğun hərəkət edir və növbəti dəfə parlamentə düşmək istəyir. Ona görə də bu addımları atır, çünki onların səsləndirdiyi arqumentlər hamısı bəhanədir. Görünür, hansısa çevrələr belə addımlar atılacağı tədqirdə 2015-ci il seçkilərində onların hansısa maraqlarını nəzərə alacaqlarına işarə vurub".
Bundan sonra Milli Şuranın perspektivi məsələsinə münasibət bildirən Ə.Əliyev qeyd edib ki, əslində, əvvəl də Milli Şuranın perspektivi yox idi: "Həmişə Milli Şuranı Moskva layihəsi, lazımsız bir layihə kimi qiymətləndirirdim. Milli Şuranın hər hansı bir nailiyətindən və ya uğurundan danışmaq olmaz".
Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan çıxması barədə qərar verib.