...

Prezident İlham Əliyev: Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 15 Yanvar 2014 18:20 (UTC +04:00)
"Sülh naminə tərəfdaşlıq" proqramına 20 il üzvlük müddəti ərzində Azərbaycan və NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə mətbuat konfransında deyib.
Prezident İlham Əliyev: Azərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir A.Bədəlova/

"Sülh naminə tərəfdaşlıq" proqramına 20 il üzvlük müddəti ərzində Azərbaycan və NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə mətbuat konfransında deyib.

Prezident bildirib: "Mən NATO və Azərbaycan arasında strateji əməkdaşlıq üzrə müzakirələrimizin davam etdirilməsindən çox şadam. Bu mənim NATO-nun mənzil-qərargahına beşinci səfərimdir və əməkdaşlığın səviyyəsini göstərir".

İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin 2012-ci ildə Azərbaycana səfərini xatırladıb: "Bu gün bir çox məsələlər, ISAF-da iştirakımızla bağlı məsələlər üzrə müzakirələri davam etdiririk. Biz 2014-cü ildən sonrakı dövrdə Əfqanıstanın təhlükəsizliyinə sadiqliyimizi qoruyacağıq. Hazırda silah və döyüş sursatları olmayan yüklərin təqribən 40 faizi Azərbaycan ərazisi ilə Əfqanıstana çatdırılır və Azərbaycan ərazisi üzrə marşrut ən etibarlı və təhlükəsizdir".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan regionda sülh və təhlükəsizliyi möhkəmləndirmək məqsədi ilə səylərini davam etdirəcək: "NATO-nun sülhməramlı əməliyyatlarında iştirak əməkdaşlığımızın mühüm tərkib hissəsidir".

İlham Əliyev deyib ki, Azərbaycan terrorçuluqla mübarizədə əməkdaşlıq edir və NATO-nun standartlarına uyğun olmaq üçün yenidən formalaşan Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlara verdiyi dəstəyə görə alyansa minnətdardır: "Həmçinin Azərbaycanda NATO-nun yardımı ilə ərazilərin minalardan təmizlənməsi üzrə layihələr həyata keçirilir".

Dövlət başçısı bildirib ki, eyni zamanda, Azərbaycan Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna öz töhfəsini verir: "Biz artıq 1 milyon avro məbləğində maddi yardım göstərmişik və daha 1 milyon avro yardım göstərəcəyik. Bu gün bildirmək istəyirəm ki, biz Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna əlavə 1 milyon avro ayıracağıq. Biz bu addımı Əfqanıstanda sülh və təhlükəsizliyə verdiyimiz töhfə kimi qiymətləndiririk".

Prezident qeyd edib ki, tərəflər, həmçinin Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər: "Ermənistan və Azərbaycan arasında münaqişə regionun sabitliyi və təhlükəsizliyi üçün əsas təhdiddir. Biz tezliklə münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan həllini tapmalıyıq".

İlham Əliyev bildirib ki, bir aydan az müddət əvvəl Azərbaycan "XXI əsrin layihəsi" olacağı hesab edilən "Şahdəniz-2" layihəsi üzrə saziş imzalayıb: "Azərbaycan qazının Avropaya tədarükü üçün nəqliyyat infrastruktunun tikintisi tezliklə başlayacaq və Azərbaycan bu layihəni vaxtında həyata keçirmək məsuliyyəti və təşəbbüsünü öz üzərinə götürüb. Bu, Avropanın iri infrastruktur layihəsi olacaq enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı layihəsinə çevriləcək və onun mövcud layihədə iştirak edən ölkə və şirkətlərin əlavə koordinasiyasına ehtiyacı var".

Dövlət başçısının sözlərinə görə, beləliklə, NATO və Azərbaycan arasında əməkdaşlıq uğurla davam edir: "Bu gün NATO-nun baş katibi ilə əməkdaşlığın gələcək perspektivləri, onun dərinləşdirilməsi imkanları və gələcəkdə əməkdaşlığın yeni formalarının tapılması məsələsi müzakirə edilib. Biz, həmçinin gələcəkdə NATO üçün yaxın və etibarlı tərəfdaş olmaq istəyirik. Mən əminəm ki, bu belə də olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti