Azərbaycan, Bakı, 27 yanvar /Trend, R.Hafizoğlu/
Türkiyə-Fransa münasibətləri qondarma "erməni soyqırımı"na qurban verilməməlidir. Trend-in məlumatına görə, bu barədə Türkiyə-Fransa parlamentlərarası dostluq qrupunun sədri Kasım Gülpınar Fransa Prezidenti Fransua Ollandın Ankaraya səfərini şərh edərkən "TRT Haber" telekanalına bildirib.
K.Gülpınarın sözlərinə görə, Ankara ümid edir ki, F.Olland Türkiyə üçün həssas olan bir məsələdə bundan əvvəlki prezidentlərdən fərqli olaraq daha məntiqli siyasət yürüdəcək.
O, qeyd edib ki, Fransada qondarma "erməni soyqırımı" hər zaman daxili siyasətə yönəlmiş bir addım olub: "1915-ci il hadisələrini siyasətçilər deyil, tarixçilər qiymətləndirməlidirlər".
Qeyd edək ki, bu gün Fransa Prezidenti Fransua Olland türkiyəli həmkarının dəvəti ilə Türkiyəyə gəlir. F.Olland son 22 il ərzində Türkiyəyə səfər edən ilk Fransa Prezidentidir.