Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Mehdiyev/
Hər hansı bir ölkədə baş verən hadisə bütövlükdə həmin ölkənin özünə aiddir. Bu və ya digər ölkələrdə baş verən hadisələrin digər ölkədə təkrarlanacağını düşünmək politoloji baxımdan da doğru deyil. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın rəsmi saytına müsahibəsində Ukraynada baş verən hadisələrin Azərbaycanda da baş vermə ehtimalı ilə bağlı iddialara münasibət bildirərkən deyib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin milli maraqlarının təmin edilməsi üçün həm daxili, həm də xarici siyasətində praqmatik kurs həyata keçirməkdədir: "Azərbaycanın müstəqilliyinin ideya prinsipləri, dövlətçilik prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Bu gün həmin siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan ölkəmizdə hansısa bir qarşıdurma, o cümlədən xaotik vəziyyətin yaradılması ehtimalı sıfıra bərabərdir. Ona görə də müxalifətin radikal qanadında olan dairələrin Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanacağı barədə fikirləri başdan ayağa fantaziyadır, cəfəngiyatdır".
O bildirib ki, Ukrayna hadisələri artıq öz müstəvisindən çıxaraq beynəlxalq bir qarşıdurma səviyyəsinə çatıb: "Nəticə etibarilə bu hadisələr Ukraynanın ərazi bütövlüyünü təhlükə altına alıb. Ölkənin daxilində gedən proses elə daxildə də həll edilməlidir. Daxildən çıxaraq kənardan dəstək axtarmaq ölkə, eyni zamanda, siyasi dairələr üçün ağır fəsadlar törədir. Bu gün Ukraynada siyasi hakimiyyəti ələ alan dairələr əslində xarici amillə bağlı olduqlarından, o cümlədən bu ölkə geopolitik çərçivədə maraqların toqquşduğu məkana çevrildiyindən, Ukraynada baş verən hadisələr istər hakimiyyəti tərk edən Yanukoviç, istərsə də hakimiyyəti ələ almış dairələr üçün ümummilli baxımdan ağır nəticəyə gətirib çıxarıb".
Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, siyasi hakmiyyəti ələ almış dairələr hadisələrin gedişini proqnozlaşdırmadan Ukraynanı iki böyük güc arasında döyüş meydanına çevirdilər: "Bu da həmin ölkə, həmin xalq üçün böyük fəlakət deməkdir. Hazırda orada gedən prosesi tam proqnozlaşdırmaq mümkün deyil. Fikrimcə, yeganə çıxış yolu tərəflərin, qlobal toqquşma meydanında olan oyunçuların danışıqlar masası arxasında məsələni həll etməsidir. Ümid edirəm ki, Ukrayna məsələsi sülh yolu ilə həll olunacaq. Hər bir ölkə rəhbəri dövlətin milli maraqlarını qorumağa qadir olmalı, ölkəsini çarpışma meydanına deyil, barış meydanına çevirməlidir. Barış meydanına çevrilməsən, təcrübə meydanına çevriləcəksən".
M.Qurbanlı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərinə nəzər salsaq görərik ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinədək ölkəmiz az qala böyük dövlətlərin çarpışma meydanına çevrilirdi: "Onun ağır nəticələri Dağlıq Qarabağ problemində bizim ziyanımıza olan proseslə müşahidə olunmaqda idi. Ancaq ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik təmin olundu, Azərbaycan çarpışma meydanından barış meydanına çevrildi. Bu gün də bu siyasət davamlı olaraq ölkə başçısı İlham Əliyev tərəfindən düşünülmüş, balanslı şəkildə həyata keçirilir. Yəni dövlətimiz bütün məsələlərdə öz marağından çıxış edərək hərəkət edir. Ölkəmizin daxilində olan bəzi dairələr bütün bunlardan bir nəticə çıxarmalıdırlar, demokratiya, insan haqları adı altında bu və ya digər ölkələrdə qarışıqlıq yaratmaq istəyən qrupların alətinə çevrilməməlidirlər".