...

Səfirlik: BMT Baş Assambleyasının iclasında Azərbaycan Ukraynanın mövqeyini dəstəkləyəcək

Siyasət Materials 27 Mart 2014 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir S.Əhmədova/

BMT Baş Assambleyasının martın 27-də Ukraynadakı vəziyyətlə bağlı keçirəcəyi iclasda Azərbaycan Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə layihəsinin müzakirəsində Ukraynanın mövqeyini dəstəkləyəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bəyanatında qeyd olunur.

Bəyanatda deyilir ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən mövqeyi dəyişməz olaraq qalır: "Azərbaycan tərəfi ekstremizm, radikalizm və separatizmin istənilən formasını pisləyir və beynəlxalq sülh və təhlükəsizliyin, o cümlədən BMT üzv-dövlətləri arasındakı münasibətlərin özəyini təşkil edən suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə dönməz bağlılığını bir daha təsdiqləyir. Azərbaycan BMT üzv-dövlətləri arasında mövcud olan bütün münaqişələrin yuxarıda qeyd olunan prinsiplər əsasında siyasi dialoq vasitəsilə həllinin tərəfdarıdır".

Azərbaycan səfirliyi Ukraynanın "İnter" televiziya kanalında 26 mart 2014-cü il tarixində saat 17:45-də efirə verilmiş xəbərlər buraxılışında jurnalist Dmitri Yevçinin reportajında qeyd olunan xəbərə münasibət bildirərək bəyan edir ki, 24-25 mart 2014-cü il tarixlərində Strasburqda keçirilmiş Avropa Şurası yerli və regional hökumətləri konqresinin iclasında Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru, Rusiya nümayəndə heyətinin rəhbəri Svetlana Orlovanın guya Azərbaycanın Krımda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumu tanıdığını və Rusiya Federasiyasının Krımı federasiya subyekti kimi qəbul etməsini dəstəklədiyi fikri tamamilə əsassızdır: "Əksinə, iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Anar İbrahimov Krımın ilhaq edilməsini pisləyən qətnamənin lehinə səs vermişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti