...

İordaniya senatının sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 8 Aprel 2014 12:13 (UTC +04:00)
İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdeh aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.
İordaniya senatının sədri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir S.Əhmədova/

İordaniya Haşimilər Krallığı Senatının sədri Abdur-Rauf Ravabdeh aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrinin Senatın sədri ilə Əmmanda keçirilmiş görüşü zamanı əldə olunub. Abdur-Rauf Ravabdeh Forumda iştirak üçün dəvətdən məmnun olduğunu və bu fürsətdən istifadə edərək dost Azərbaycana səfər edəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə İordaniya Krallığı arasında tarixi dostluq münasibətlərinin mövcudluğu xüsusi vurğulanıb və İordaniya Senatında Xocalı soyqırımının qəbul olunmasının böyük əhəmiyyət daşıdığı qeyd olunub.

Söhbət zamanı Senatın prezidenti və üzvləri Azərbaycanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi qurumun yaradılmasının çox sevindirici hal olduğunu vurğulayıb, bu qədər nüfuzlu insanın bir məkana toplanmasının mövcud problemlərin həllində yeni bir təkan olacağına əminlik bildiriblər.

II Qlobal Müştərək Cəmiyyətlər Forumunda İordaniya şahzadəsi, əlahəzrət Basma bin Talat da iştirak edəcək. Basma bin Talat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mədəniyyətlər və xalqlar arasında dialoq və anlaşmanın təbliğindəki rolunu yüksək qiymətləndirib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi II Qlobal Müştərək Cəmiyyətlər Forumunda 200-dək ölkənin sabiq hökumət və dövlət başçısı, nüfuzlu siyasi xadimlər, beynəlxalq qurumların təmsilçiləri iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti