...

Prezident İlham Əliyev: Hazırda Azərbaycanda böyük bazaya malik idman infrastrukturu yaranıb (FOTO)

Siyasət Materials 27 Aprel 2014 23:21 (UTC +04:00)
Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AİPS-nin 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
Prezident İlham Əliyev: Hazırda Azərbaycanda böyük bazaya malik idman infrastrukturu yaranıb (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend /

Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AİPS-nin 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı tədbirdə çıxış edərək Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvlərini bu təşkilatın 90 illiyi münasibətilə təbrik etdi. Qurumun 77-ci konqresinin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyən Prezident İlham Əliyev bunun ölkəmizi təqdim etmək imkanını artırdığını diqqətə çatdırdı. İyirmi iki illik müstəqillik dövründə Azərbaycanın böyük uğurlara imza atdığını deyən Prezident İlham Əliyev bu dövrdə ölkəmizdə idman və Olimpiya hərəkatı sahəsində də mühüm nailiyyətlərin qazanıldığını bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, indiyə qədər Azərbaycanda çoxsaylı beynəlxalq yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. İdmançılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr əldə etmişlər. Dövlətimizin başçısı vurğuladı ki, 1996-cı ildə Azərbaycan Atlanta Yay Olimpiya Oyunlarında 1 medal qazanılmışdısa, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanmışlar və onlardan 2-si qızıldır. Azərbaycan bu göstəriciyə görə, 200 ölkə arasında 30-cu yeri tutmuşdur. Bütün bunların ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən qayğının təzahürü olduğunu deyən Prezident İlham Əliyev hazırda respublikamızın ərazisində böyük bazaya malik idman infrastrukturunun yarandığını, 40-dan çox Olimpiya İdman Kompleksinin tikildiyini vurğuladı.

Dövlətimizin başçısı gələn il Azərbaycanda ilk Avropa Oyunlarının keçiriləcəyini və ölkəmizin bu mötəbər idman tədbirinə xüsusi hazırlaşdığını qeyd etdi. "Bu, böyük bir məsuliyyət və böyük çağırışdır, lakin eyni zamanda, bu, ölkəmizi təqdim etmək üçün bir fürsətdir", - deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək niyyətindədir.

Azərbaycan Prezidenti dedi: "Fürsətdən istifadə edərək hamınızı gələn il açılış mərasimində iştirak etmək üçün Bakı Olimpiya stadionuna dəvət edirəm. 2016-ci ildə Dünya Şahmat Olimpiadasını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da bizim coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü Azərbaycanın göstəricisidir. İki il ərzində biz həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Azərbaycan müsəlman ölkəsidir, lakin Avropa ilə güclü əlaqələri olan ölkədir. Bunun da tarixi XIX əsrə gedib çıxır və indi bu əlaqələr daha da güclüdür. Çünki bu əlaqələrin əsasını tərəfdaşlığımız təşkil edir".

Prezident İlham Əliyev ölkəmizdə əsrlərdən bəri yaranıb formalaşan multikulturalizm ənənələrinin Azərbaycanda dövlət siyasəti olduğunu, möhkəm əsaslara malik tolerantlığın ölkəmizin vizit kartına çevrildiyini bildirdi.

Sonra AİPS-nin prezidenti Canni Merlo çıxış edərək bildirdi ki, qurumun 90-ci ildönümünün və 77-ci konqresinin Bakıda keçirilməsi böyük uğurdur. Dörd il əvvəl Bakıda olduğunu, burada gedən inkişafdan məmnun qaldığını deyən Canni Merlo rəhbərlik etdiyi təşkilatın idmanın inkişafı istiqamətində bir çox işlər gördüyünü, vacib sosial layihələr həyata keçirdiyini diqqətə çatdırdı. O, gələn il Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Sonra Canni Merlo Prezident İlham Əliyevə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının xüsusi xatirə hədiyyəsini təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti