...

Azərbaycanda cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz

Siyasət Materials 30 Aprel 2014 16:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Azərbaycanda cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə" 2014-cü il 18 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Məcəlləyə aşağıdakı məzmunda 86.7.2-1-86.7.2-3-cü maddələr əlavə edilir:

"86.7.2-1. törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlar üzrə ilkin yoxlamanın, təhqiqatın və ayrı-ayrı istintaq hərəkətlərinin təhqiqatçı tərəfindən həyata keçirilməsi üçün zəruri təşkilati tədbirlər görür;
86.7.2-2. təhqiqatçının bu Məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və s.) yarandıqda, cinayət işinin digər təhqiqatçının icraatına verilməsi barədə vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir;
86.7.2-3. zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyi üçün tədbirlər görülməsi ilə əlaqədar vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir;".

Aşağıdakı məzmunda 86.9-cu maddə əlavə edilir:

"86.9. Təhqiqat orqanının rəhbəri təhqiqat orqanı əməkdaşlarının bu Məcəllə ilə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsini, məhkəmənin, prokurorun, müstəntiqin və təhqiqatçının qərar, göstəriş və ya tapşırıqlarının icrası üçün müvafiq tədbirlər görülməsini təşkil edir, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin edir.".

Həmçinin, aşağıdakı məzmunda 148.6 və 148.7-ci maddələr əlavə edilir:

"148.6. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.
148.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 114, 120.2.11, 169, 214, 214-1, 214-3, 215.3, 217, 218, 219, 219-1, 220, 274, 275, 276, 277, 279, 280, 282 və ya 283-1-ci maddələri ilə istintaqı aparılan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü bu Məcəllənin 148.6-cı maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda, həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə 48 saatdan artıq olmayan müddətə uzadıla bilər.".

Dəyişikliklərə əsasən, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi üçün kifayət qədər əsas olmadığı qənaətinə gəldikdə, vəsatətin rədd edilməsi barədə qərar qəbul edir. Həbs edilmiş şəxsin məhkəməyədək icraat zamanı istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər.

Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat şikayətin daxil olduğu vaxtdan 10 gün müddətində, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 gün müddətində aparılır.

Məcəlləyə aşağıdakı məzmunda 293-1-ci maddə də əlavə edilir:

"Maddə 293-1. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasını istisna edən hallar
293-1.0. İbtidai araşdırmanın böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına aşağıdakı hallarda yol verilmir:
293-1.0.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməl yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildikdə;
293-1.0.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılmalı olduqda;
293-1.0.3. iki və daha çox cinayət törətmiş şəxsin törətdiyi cinayətlərdən ən azı biri bu Məcəllənin 214.4-cü maddəsində nəzərdə tutulmadıqda;
293-1.0.4. zərər çəkmiş və ya təqsirləndirilən şəxs təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etdikdə.".

448.1.4-cü maddə ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti