Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/
Gürcüstanda yaşayan ermənilərin Tbilisidəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən "Ayartun" Mədəniyyət Mərkəzinin Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü "Şuşanın azadlığı günü" kimi bayram etmək məqsədilə mayın 9-da təşkil etdiyi tədbir Azərbaycanla Gürcüstan arasında tarixi köklərə, ortaq iqtisadi və geosiyasi maraqlara söykənən strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə yönəlmiş növbəti təxribatdır.
Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
Komitə sədri qeyd edib ki, belə addımlar iki ölkə arasında gərginlik yaratmaq məqsədilə atılır: "Biz erməni icmasının 9 may - Qələbə günü adı altında belə bir tədbir təşkil etməsinin əsl məqsədinin iki ölkə arasında gərginlik yaratmaq olduğunu aydın başa düşürük. Eyni zamanda hesab edirik ki, Gürcüstanın paytaxtında Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı gününün bayram kimi qeyd edilməsinə şərait yaradılması heç bir halda təqdir oluna bilməz. Xüsusilə də ona görə ki, Gürcüstan özü də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir".
N.İbrahimov deyib ki, ölkələrimizin müstəqillik tarixi ərzində Azərbaycan dəfələrlə ən çətin vaxtlarında Gürcüstanın yanında olub, strateji tərəfdaşlığa xələl gətirəcək heç bir addım atmayıb: "Eyni münasibəti qarşı tərəfdən də gözləməyə haqqımız çatır. Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlı icmanı da olduqca məyus edib və onlar da öz münasibətlərini bildiriblər. Biz də məsələ ilə bağlı narahatlığımızı Gürcüstanın müvafiq dövlət orqanlarının rəhbərlərinə çatdırmışıq. İnanırıq ki, Gürcüstan tərəfi bu narahatlığımızı başa düşəcək və nəzərə alacaq".
Qeyd edək ki, Gürcüstan azərbaycanlıları bununla bağlı bəyanat veriblər. Gürcüstan ermənilərinin bu hərəkətinə etiraz bildirmək məqsədilə bu gün Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı ziyalılar, QHT rəhbərləri, Gürcüstan parlamentinin üzvləri, jurnalistlər Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinə (AAM) toplaşıblar. AMM-in rəhbəri Fazil Həsənov deyib ki, ermənilərin Şuşanın işğalı gününü "Şuşanın azadlığı günü" kimi bayram etməsi onların növbəti təxribatıdır.
Çıxış edənlər ermənilərin bu növbəti təxribatçı hərəkətini pisləyib və etirazlarını bildiriblər. İştirakçılar konsertin keçirilməsinin qarşısının alınmayacağı təqdirdə Ermənistan səfirliyi önündə aksiya keçirməyi təklif ediblər. Çıxış edənlər, həmçinin ermənilərin bu hərəkətini Gürcüstan dövlətçiliyinə zidd hesab edib və məsələyə dövlət səviyyəsində reaksiya verilməsini tələb ediblər. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov ermənilərin Şuşanın işğalı günündə bayram konserti keçirməyini pisləyib. O deyib ki, ermənilərin bu hərəkətinə göz yummaq olmaz.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev isə Gürcüstanın Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini bildirib və ermənilərin Tbilisi sammitindən sonra belə tədbirə əl atmasını təsadüfi saymayıb. Belə ki, onun fikrincə, Gürcüstan, Azərbaycan və Türkiyə arasında mövcud olan ən yüksək səviyyədə dostluq, qardaşlıq və strateji əməkdaşlığın kimlərinsə marağına uyğun gəlmir.
Tədbirin yekununda Gürcüstan azərbaycanlıları adından ölkənin müvafiq qurumlarına ünvanlanan bəyanat qəbul olunub.