...

Finlandiya Prezidenti Azərbaycana səfər etmək niyyətindədir

Siyasət Materials 15 May 2014 17:01 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sauli Niinisto ilə görüşüb.
Finlandiya Prezidenti Azərbaycana səfər etmək niyyətindədir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sauli Niinisto ilə görüşüb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Finlandiya Prezidenti iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və iqtisadiyyat, enerji, kənd təssərüfatı və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Finlandiya arasında əməkdaşlığın daha da inkişafı üçün biznes forumların təşkilinin, səfərlər mübadilələrinin həyata keçirilməsinin önəmli olduğunu bildirib.

Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu böyük regional enerji və nəqliyyat sahələrindəki layihələrdən danışan nazir Elmar Məmmədyarov Finlandiyanın da bu layihələrdə iştirakının arzu edilən olduğunu qeyd edib.

XİN rəhbəri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların son vəziyyəti barədə Finlandiya Prezidentinə məlumat verib və regional inkişafa və sabitliyə təhdid olan bu münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini həmsöhbətinin diqqətinə çatdırıb.

Həmçinin görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurasında sədriliyi çərçivəsində prioritetləri və Aİ ilə əməkdaşlığa dair Azərbaycanın mövqeyi barədə məlumat verib.

Finlandiya Prezidenti verilmiş məlumata görə nazirə təşəkkür edib və Azərbaycana səfər etmək niyyətini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazir Elmar Məmmədyarov Prezident sarayında xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti