Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İ.İzzət/
"Azərbaycana səfərimin ilk növbədə məqsədi Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planını müzakirə etməkdir. Səfər zamanı Azərbaycanda çox yaxşı şeylərin baş verdiyinin şahidi oldum". Trend-in məlumatına görə, bunu mayın 22-də Bakıda jurnalistlərə Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib.
Onun sözlərinə görə, söz və məlumat azadlığı, toplaşmaq azadlığı, hüquq sahəsində vəziyyəti daha da yaxşılaşdırmaq üçün Azərbaycan hökuməti ilə işləyirlər.
T.Yaqland deyib ki, Azərbaycanın din və mədəniyyət sahəsində, şaxələndirmə istiqamətində gördüyü işlərdən çox məmnundur: "Bu sahədə yaxşı işlər görülüb".
Avropa Şurasının Dağlıq Qarabağ probleminin həllinə təsirinə dair sualı cavablandırarkən baş katib bildirib ki, bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur: "Biz daha çox insan hüquqlarına diqqət yetiririk". Onun sözlərinə görə, problemin həllinə münaqişə tərəfləri nail olmalıdır.