...

İraqda hər şey daha fərqlidir

Siyasət Materials 12 İyun 2014 16:33 (UTC +04:00)
İraqın şimalındakı Mosul şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının nəzarətinə keçməsindən sonra İraq ordusu ölkənin ABŞ ordusuna qarşı müqavimət mərkəzi hesab edilən Tikrit şəhərini heç bir müqavimət göstərmədən boşaltdı.
İraqda hər şey daha fərqlidir

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

İraqın şimalındakı Mosul şəhərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının nəzarətinə keçməsindən sonra İraq ordusu ölkənin ABŞ ordusuna qarşı müqavimət mərkəzi hesab edilən Tikrit şəhərini heç bir müqavimət göstərmədən boşaltdı.

Rəsmi məlumatlara görə isə dünən İraqın daha bir şəhəri və Kərkükdə bəzi neft bazaları İŞİD-in nəzarətinə keçib. Bu gün isə İraq KİV-ləri terrorçu qrupların ölkənin paytaxtına hücuma hazırlaşması barədə məlumat yaydılar.

Əslində İraq ordusunun və ölkədə fəaliyyət göstərən terrorçu qrupların döyüş potensialı nəzərə alınsa, nizami ordunun terrorçulara qarşı aciz qalması inandırıcı deyil. Digər tərəfdən, İraq ordusunun sünnilərin kompakt yaşadığı Tikrit şəhərindən çıxması baş verən hadisələr haqqında daha ətraflı düşünməyə vadar edir.

Hadisələri diqqətlə izlədikdə ələ keçirilən şəhərlərdə sadəcə İŞİD deyil, digər sünni qrupların - "Nəqşibəndi", "İnqilabçı Qəbilə Əsgərləri Birliyi" və "Mücahidlər ordusu" qruplaşmalarının da aktiv rol oynadığını görmək olar.

İŞİD-ə gəlincə isə onların sayı ümumilikdə (İraq və Suriyada) 5 mindən çox deyil.

İraq şəhərlərinin asanlıqla ələ keçirilməsi bir daha onu göstərir ki, baş verən hadisələrin fonunda ordudan ayrılan birləşmələr də var.

Məhz bu səbəbdən də bir çox ərəb dövlətləri İraqın Baş naziri Nuri əl-Malikinin siyasəti fonunda ölkədə baş verənlərdə İŞİD-in varlığına göz yumaraq, hadisələri "İraqda sünni qiyamı" kimi qiymətləndirirlər. Təbii ki, hadisələrin digər "qəhrəmanları"nın sona qədər İŞİD ilə birgə müqavimət göstərəcəyi inandırıcı deyil.

Digər tərəfdən, İraq ordusunun da real vəziyyətdə, sünnilərin və İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərqə"nin (xüsusi təyinatlı ordu hissələri) dəstəyi olmadan vəziyyəti nəzarət altına alacağı inandırıcı deyil.

Ölkədəki sünnilərlə yanaşı, kürdlərin də əl-Malikinin üçüncü müddətə Baş nazir seçilməsindən narazı olduğu nəzərə alınsa, kürd administrasiyası əl-Maliki hökumətinə sadəcə müəyyən şərtlər müqabilində dəstək verəcək. Hətta bir çox iraqlı siyasətçilər böhranın həllində ilkin addım kimi Baş nazir Nuri əl-Malikinin istefasını doğru hesab edirlər.

Dolayısı ilə İraqda sünni qəbilələrin özlərinə ideoloji baxımdan yad olan İŞİD ilə birləşməsinin ən başlıca səbəbi ölkədə yürüdülən daxili siyasətdir.

İran və Türkiyənin mövqeyi

Təbii ki, baş verən hadisələrə qonşu dövlətlərin reaksiya verməyəcəyi inandırıcı deyil. İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komitəsinin sədri Nozər Şəfii son açıqlamasında İŞİD-in hazırda Tehran üçün heç bir təhlükə törətmədiyini, lakin bu ideologiyanın İran üçün gələcəkdə daha təhlükəli ola biləcəyini qeyd edib.

Türkiyəyə gəlincə, Ankaranın durumu Tehrandan daha fərqlidir. Dünən Mosulda Türkiyə konsulluğunun işçilərinin girov götürülməsi Ankaranı bu məsələdə daha həssas davranmağa məcbur edir. Lakin Türkiyə parlamentinin müxalif Milliyyətçi Hərəkat Partiyasından olan deputatı Sinan Oğanın açıqlaması ölkə daxilində birmənalı qarşılanmadı. S.Oğan ölkənin Mosuldakı konsulluğunun Ankaranın əmri ilə ələ keçirildiyini bildirdi.

İŞİD-in Türkiyə ilə Suriya sərhədində iki sərhəd məntəqəsini ələ keçirərək Türkiyə ilə "qonşu" olmasını və konsulluğun əməkdaşlarını girov götürməsini nəzərə alsaq, Tehrandan fərqli olaraq Ankaranın bu məsələdə daha çıxılmaz vəziyyətdə olduğunu söyləmək olar.

İraq və Suriyanın parçalanması təhlükəsi

Bu gün Suriyada və İraqda baş verənləri, regionun dini, məzhəb və etnik milli tərkibini, regionda İran, Türkiyə, Səudiyyə Ərəbistanı və İsrail maraqlarının olduğunu nəzərə alsaq, hər iki ölkənin real olaraq parçalanma təhlükəsi ilə üz-üzə qaldığını tam əminliklə söyləmək olar.

İraqda baş verən son hadisələr qarşısında Bağdadın aciz qalması, Suriyada 2011-ci ildən bu günə qədər davam edən qanlı toqquşmalar bu prosesin artıq başlamasından xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti