...

Prezident İlham Əliyev: Yazıçı və şairlərimiz ictimai fikrin formalaşdırılmasında həlledici rol oynayan söz sahibi kimi böyük nüfuza malikdirlər

Siyasət Materials 18 İyun 2014 11:58 (UTC +04:00)
Sizi - bütün Azərbaycan yazıçı, şair və ədəbiyyatşünaslarını Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və yaradıcılığınızda uğurlar arzulayıram.
Prezident İlham Əliyev: Yazıçı və şairlərimiz ictimai fikrin formalaşdırılmasında həlledici rol oynayan söz sahibi kimi böyük nüfuza malikdirlər

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Sizi - bütün Azərbaycan yazıçı, şair və ədəbiyyatşünaslarını Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və yaradıcılığınızda uğurlar arzulayıram. Tarix boyu Azərbaycan xalqı əcdadlarımızdan qalmış ənənəyə sadiq olaraq qələm əhlinə böyük ehtiram bəsləmiş, şeiri, sənəti yüksək qiymətləndirmişdir". Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda deyib. Təbrik məktubunu yubiley tədbirində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

İlham Əliyev qeyd edib ki, yazıçı və şairlərimiz ictimai fikrin formalaşdırılmasında daim həlledici rol oynayan söz sahibi kimi cəmiyyətimizdə böyük nüfuza malikdirlər: "Müstəqilliyimizin əldə olunmasında və möhkəmləndirilməsində onların xidmətləri danılmazdır. Xalqın şüurunda azadlıq hisslərinin yaşadılmasında, daha da dirçəldilməsində yazıçı və şairlərimizin yaradıcılığının gücü ölçüyə gəlməzdir. Onlar heç kəsin dilinə belə gətirməyə cürət etmədiyi bir vaxtda müstəqillik və azadlıq ideyalarının carçısı olmaqla dərin məhəbbət və rəğbət qazanmışlar".

Dövlət başçısı bildirib ki, tariximizin bütün dövrlərində, hətta repressiyaların tüğyan etdiyi zamanda yazıçılarımız öz əsərləri, mətbu orqanları, ictimai fəaliyyətləri və şəxsiyyətləri ilə azərbaycançılıq məfkurəsinin bərqərar olmasında, milli ruhun qorunmasında heç nədən çəkinmədən, əsl vətəndaşlıq mövqeyi tutaraq ən yüksək ideallara sadiq qalmışlar: "Azərbaycan dilinin saflığının saxlanılması və inkişafında da yazıçıların rolu təqdirə layiqdir. Qloballaşma şəraitində Azərbaycan ədəbiyyatı qarşısında duran problemlər olduqca mürəkkəb və genişmiqyaslıdır. Əminəm ki, onların öhdəsindən siz layiqincə gələcəksiniz. İlk növbədə ona görə ki, sizin başlıca amalınız ölkəmizin çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevrilməsidir. Ümidvaram ki, müstəqilliyimizi göz bəbəyi kimi qoruyan, özünü vətənin azadlığı və ərazi bütövlüyü naminə fəda etməyə hər an hazır olan, müasir təfəkkür tərzinə malik sağlam əqidəli nəslin yetişdirilməsi daim sizin əsərlərinizin əsas qayəsi olacaqdır.

İnanıram ki, Siz yeni-yeni əsərlərlə oxucularınızı sevindirəcək, Azərbaycan ədəbiyyatının inkişafı naminə səylərinizi əsirgəməyəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti