Azərbaycan, Bakı, 21 iyun /Trend/
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşüb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, K.Heydərov UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə missiyası başa çatan qonağa gələcək fəaliyyətində uğurlar arzulayıb, bu təşkilatla nazirlik arasında həyata keçirilən birgə layihələrdən bəhs edib. İki gün əvvəl "Təhsil sahəsində tərəfdaşlar" adlı layihə çərçivəsində Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və UNICEF arasında Fəaliyyət Planının imzalanması da göstərib ki, bu əməkdaşlığın geniş perspektivləri mövcuddur.
M.Herevard UNICEF-in Azərbaycan nümayəndəliyi ilə Azərbaycan FHN arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, ölkəmizdən xoş təəssüratla ayrıldığını bildirib.