...

HƏMAS-a qarşı "Müdafiə səddi" – yarımçıq uğur

Siyasət Materials 10 İyul 2014 11:59 (UTC +04:00)
İyunun 12-də qaçırılan 3 yəhudi yeniyetmənin cəsədlərinin İordan çayının qərb sahilində tapılmasından sonra İsrail hökuməti baş verən insidentdə ilk olaraq İslami Müqavimət Təşkilatını (HƏMAS) günahlandırdı.
HƏMAS-a qarşı "Müdafiə səddi" – yarımçıq uğur

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

İyunun 12-də qaçırılan 3 yəhudi yeniyetmənin cəsədlərinin İordan çayının qərb sahilində tapılmasından sonra İsrail hökuməti baş verən insidentdə ilk olaraq İslami Müqavimət Təşkilatını (HƏMAS) günahlandırdı. İsrail rəsmiləri, o cümlədən Baş nazir Benyamin Netanyaho verdiyi açıqlamalarda qətlə yetirilən yeniyetmələrə görə HƏMAS-dan qisas almaq üçün Qəzzada yeni hərbi əməliyyatlara başlayacaqları haqqında siqnal verdi.

HƏMAS isə öz növbəsində İsrail hökumətinin bu addımını yəhudilərin üzünə açılacaq "cəhənnəm qapısı" kimi dəyərləndirdi. İsrail və HƏMAS-ın davamlı olaraq bir-birlərinə hədə-qorxu gəlməsinin fonunda hadisənin unudulacağı düşünülsə də, bu, belə olmadı.

Qətlin tam olaraq HƏMAS tərəfindən törədildiyi təsdiqini tapmasa da, iyulun 2-də Qüdsdə 17 yaşlı yeniyetmə Məhəmməd Hüseyn Əbu Xuderin yəhudilər tərəfində qaçırılaraq yandırılması münaqişənin daha da alovlanacağı ehtimalını gücləndirdi.

Təbii ki, İsrail rəsmiləri Əbu Xuderin qətlini pislədilər və cinayətkarların tez bir zamanda tapılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.

İyulun 8-də isə İsrail Qəzzadakı "HƏMAS" a və ölkənin raket atəşinə tutulmasına qarşı "Müdafiə səddi" adlı hərbi əməliyyatlara start verdiyini açıqladı. İsrailin başlatdığı əməliyyatlar nəticəsində Qəzzada yüzlərlə fələstinli öldü, 500-ə yaxın insanın yaralandığı bildirilir.

Ümumiyyətlə, İsrailin HƏMAS-a qarşı keçirdiyi əməliyyatların sırf qətlə yetirilən yeniyetmələrlə bağlı olduğunu iddia etmək sadəlövhlükdür.

Tam əminliklə söyləmək olar ki, HƏMAS-a qarşı əməliyyatların başladılmasının ən başlıca səbəblərindən biri də Misirdə "ortaq düşmən" hesab edilən "Müsəlman qardaşlar" təşkilatının hakimiyyətdən uzaqlaşdırılaraq ölkənin siyasi həyatından kənarlaşmasıdır.

İsrail-ərəb münaqişəsinin tarixinə, son illər ərzində baş verən hadisələrin xronologiyasına nəzər salınsa, toqquşmanın heç də yeni olmadığını görmək olar. Belə ki, 2012-ci ildə İsrail ordusunun bölgədə genişmiqyaslı quru əməliyyatlarına başlayacağı gözlənilsə də, noyabrın 14-dən etibarən bölgədə başladılan hərbi əməliyyatlara bir həftə son qoyuldu.

Əslində, İsrail ordusunun Qəzzaya yönəlik hərbi əməliyyatlarının xronologiyasına nəzər salınsa, həqiqətən də 2012-ci ildə aparılan hərbi əməliyyatın 2008-ci ilin sonunda aparılan əməliyyatdan daha uğursuz olduğunu görmək olar.

Regionun ən müasir ordusuna sahib olan İsrailin son əməliyyatlarda gözlənilən uğuru əldə etməməsinin bir çox səbəbi vardı. Bunlardan ən başlıcası isə, 2012-ci ildə keçirilən əməliyyatlar zamanı Misir hakimiyyətində HƏMAS-ın güc qaynağı hesab edilən "Müsəlman qardaşlar" təşkilatının olması idi.

2012-ci ildə İsrailin Qəzzada HƏMAS-a qarşı keçirdiyi hərbi əməliyyatlar ölkə iqtisadiyyatına da təsirsiz ötüşməmişdi. "Yedioth ahronoth" qəzetinin verdiyi məlumata görə, İsrailin 2012-ci ildə Qəzzada keçirdiyi hərbi əməliyyatlar ölkəyə gündəlik 380 milyon dollara başa gəlirdi. Bütün bunlarla yanaşı, o da qeyd olunur ki, Qəzzaya atılan bir raketə 40 min, bir pilotsuz təyyarənin bir saat uçuşuna isə 1500 ABŞ dolları sərf olunurdu.

Digər bir tərəfdən İsrail tərəfindən "Müdafiə səddi" adı altında başladılan hərbi əməliyyatın son olacağını və bunla da yəhudi dövlətinin öz əbədi düşməni olan HƏMAS-ı yer üzündən siləcəyi inandırıcı deyil.

Ən azından ona görə ki, HƏMAS siyasi təşkilat olmaqla yanaşı, eyni zamanda ideoloji təşkilatdır, ideoloji təşkilatlar isə əksər hallarda liderlərə bağlı olmurlar. Dolayısı ilə liderlərin qətli, həbsi bu kimi təşkilatların süqutu ilə deyil, ən yaxşı halda taktika dəyişməsi ilə nəticələnir. Belə olmasaydı, təşkilatın ideoloqu olan Şeyx Əhməd Yasinin, daha sonra Əbdüləziz Rantisinin qətli ilə təşkilat zəifləyərdi.

Məhz bu səbəbdən də İsrailin başlatdığı "Müdafiə səddi" adlı hərbi əməliyyatın tam olaraq uğurlu olacağı inandırıcı deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti