...

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə Kəlbəcərdə girov götürülmüş vətəndaşlarla əlaqədar ciddi xəbərdarlıq edib

Siyasət Materials 30 İyul 2014 13:39 (UTC +04:00)
Baş nazirin müavini Ə.Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, ilk növbədə H.Həsənovun meyitinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər.
Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinə Kəlbəcərdə girov götürülmüş vətəndaşlarla əlaqədar ciddi xəbərdarlıq edib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla yenidən görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şahbaz Quliyevin azad edilməsi və ermənilərin məlumatına görə qətlə yetirilmiş Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılıb.

Baş nazirin müavini Ə.Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, ilk növbədə H.Həsənovun meyitinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər. Diqqətə çatdırılıb ki, bütün bunlar ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır: "Əgər bu gün Ermənistan tərəfi girovların və meyitin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə, onda gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar?"

Görüşdə bildirilib ki, bütün bu məsələlər ilk gündən ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir və Azərbaycan hökuməti bu problemin həlli ilə gündəlik məşğuldur.

Dövlət Komitəsi bildirir ki, Rusiya Federasiyasının vətəndaşı D.Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan Ş.Quliyevin azad edilməsinə köməklik göstərilməsi ilə bağlı ailə üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanlanmış məlum müraciəti artıq iyunun 28-də xüsusi rabitə vasitəsilə Kreml poçtuna daxil olub.

Komitə bir daha D.Əsgərov, Ş.Quliyev və H.Həsənovun yaxınlarına müraciət edərək bildirir ki, bu məsələdə təmkinli olsunlar, yuxarıda da qeyd edildiyi kimi, bu məsələ ilk gündən dövlət başçısının nəzarətindədir və bununla bağlı hərtərəfli işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə, ictimaiyyətə geniş məlumat veriləcək.

Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov da iştirak edib.

Görüşdən sonra Baş nazirin müavini Ə.Həsənov H.Həsənovun ailə üzvlərini qəbul edib.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürüldüyü, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb. BQXK-dan Trend-ə verilən məlumata görə, öldürüldüyü iddia edilən azərbaycanlı Dağlıq Qarabağda dəfn olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti