...

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə "Plotforma S-70" döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar (FOTO)

Siyasət Materials 9 Avqust 2014 23:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust/Trend/

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Prezidenti Serj Sarkisyan Soçidə "Plotforma S-70" döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar. Bu barədə Trend şənbə günü İTAR-TASS-a istinadən məlumat verir.

Turnirdə fəxri qonaqlar qismində Rusiyanın Baş naziri Dmitri Medvedev, Baş nazirin müavinləri Arkadiy Dvorkoviç və Dmitri Kozak, həmçinin Soçidəki Olimpiya Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri vəzifəsini tutmuş Jan Klod Killi iştirak ediblər.

Bundan başqa, fəxri qonaqlar lojasında ikiqat olimpiya çempionu Aleksey Voyevoda, boks üzrə olimpiya çempionu Aleksandr Povetkin kimi tanınmış idmançılar, bir sıra idman federasiyalarının rəhbərləri yer alıblar.

"Plotforma S-70" döyüş sambosu üzrə beynəlxalq yarışlar Soçidə 5-ci dəfədir keçirilir. Peşəkar samboçuların budəfəki yarışlarında Rusiya yığması ABŞ, Fransa, Qazaxıstan, Braziliya, Latviya, Litva və Belarus idmançılarının daxil olduğu dünya seçmə komandası ilə qarşılaşıb.

Prezident Vladimir Putin yarışda qalib gələn Rusiya komandasının mükafatlandırılması mərasimində çıxış edərək sambonun Azərbaycanda yaxşı inkişaf etdiyini vurğulayıb. Rusiya Prezidenti sambo idman növünün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına salınmasına nail olduğuna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün V. Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda danışıqlar keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti