...

Vladimir Putin Həştərxan sammitində Azərbaycan və İran prezidentləri ilə görüşəcək

Siyasət Materials 26 Sentyabr 2014 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 29-da Həştərxanda təşkil olunacaq Xəzəryanı ölkələrin dövlət başçılarının 4-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan, Türkmənistan və İran liderləri ilə ikitərəfli görüşlər keçirəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə də görüş nəzərdə tutulub.

Prezident köməkçisi xatırladıb ki, RF və Azərbaycan liderləri bu yaxınlarda (avqustda - red.) Soçidə görüşüblər: "Burada ikitərəfli və Ermənistan dövlət başçısının iştirakı ilə Dağlıq Qarabağ böhranının müzakirə olunduğu üçtərəfli görüşlər keçirilib".

Y.Uşakov qeyd edib ki, İlham Əliyevlə görüş vacibdir: "Bizim əlaqələrimiz nəzərəçarpacaq dərəcədə fəallaşıb. Bu yaxınlarda, lap bu günlərdə Bakıda hökumətlərarası komissiyanın iclası keçirilib".

Həştərxanda keçiriləcək Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüş barədə danışan Y.Uşakov xatırladıb ki, liderlər bu yaxınlarda Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində də görüşüblər: "Hazırda ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur. Bu günlərdə hökumətlərarası komissiyanın iclası keçiriləcək, dinc nüvə sahəsində kooperasiya, Moskva və Tehran üçün maraq kəsb edən bəzi beynəlxalq mövzular, o cümlədən Əfqanıstan, Suriya, İraqla bağlı vəziyyət müzakirə olunacaq".

Görüş çərçivəsində tərəflərin İrana Rusiya neft-qaz və enerji avadanlıqlarının ixracı məsələlərini müzakirə edəcəyi ehtimal olunur. Kremldə əməkdaşlığın bu istiqamətini perspektivli adlandırırlar.

Y.Uşakovun sözlərinə görə, Həştərxanda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla da görüş keçiriləcək: "Tərəflər Berdiməhəmmədovun əlverişli səfər müddətinin müzakirə edilməsində də maraqlıdırlar. Dəvət artıq var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti