Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞ PA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 28-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, 10 avqust 2014-cü ildə Türkiyədə keçirilmiş prezident seçkiləri, Ukraynadakı mövcud böhran, Vatslav Havel İnsan Hüquqları Mükafatının təsis olunması, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri, təhsildə yaxşı idarəçilik və keyfiyyətin artırılması və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.
Bundan başqa, sentyabrın 29-da Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin Hüquqi və siyasi məsələlər komitəsi ilə birgə iclası keçiriləcək.
Tədbirdə Milli Məclisin deputatları Asəf Hacıyev və Musa Quliyev iştirak edəcəklər.
İclasda Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrin parlamentlərinin Qara Dəniz regionunda beynəlxalq sərnişin və yük daşımalarının inkişafında və tənzimlənməsində rolu, həmçinin quruma üzv ölkələrdə kiçik sahibkarlığın inkişafının qanunvericilik dəstəyinin təmin edilməsində parlamentlərin rolu mövzularında fikir mübadiləsi aparılacaq.
Deputatlarımız müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.