...

Elmar Məmmədyarov: Ukraynada azad və ədalətli parlament seçkilərinin keçirilməsi münaqişənin həllində əhəmiyyətli addım olacaq

Siyasət Materials 2 Oktyabr 2014 16:27 (UTC +04:00)

Fransa, Strasburq, 2 oktyabr /Trend, müxbir Aydın Salmanov/

Ukraynada beynəlxalq standartlara cavab verən azad və ədalətli parlament seçkilərinin keçirilməsi bu ölkənin demokratik prosesin gücləndirilməsi üçün gördüyü işlərdə və münaqişənin həllində əhəmiyyətli addım olacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında deputatların sualını cavablandırarkən deyib.

O, qeyd edib: "Ötən iyul ayı bir çox dünya siyasi liderləri kimi, mən də Nazirlər Komitəsi adından Malayziya hava yollarının təyyarəsinin Ukraynanın şərqində vurulması ilə əlaqədar dərin hiddətimi bildirdim. Mən də bu fəlakətin dəqiq səbəblərinin tez bir zamanda müəyyən edilməsi üçün bütün tərəfləri müstəqil araşdırma aparmağa çağırdım. Müstəqil ekspertlər ilkin nəticələrini təqdim etdilər və mən onların bu fəlakətin təfərrüatlarını tam şəkildə aydınlaşdıracaqlarına ümid edirəm. Təhqiqatı davam etdirmələri üçün onlar dərhal fəlakət zonasına təhlükəsiz və məhdudiyyətsiz çıxışla təmin edilməlidirlər".

Nazir bildirib ki, Ukraynadakı vəziyyət Avropa Şurasının bütün qurumlarını hələ də narahat etməkdədir: "Nazir müavinləri də keçirdikləri iclaslarda Ukraynadakı münaqişəni müzakirə etmişdilər. Bununla əlaqədar olaraq, onlar sentyabr ayının əvvəlində növbədənkənar iclas keçirmiş və bu iclas zamanı baş katib yayın sonunda Ukrayna və Rusiya Federasiyasına səfərləri barədə məlumat vermişdi. Bu yaxınlarda nazir müavinləri insan hüquqları üzrə komissar cənab Muiznieks ilə də onun Krıma səfərindən sonra fikir mübadiləsi aparıblar. Həmin fikir mübadilələri nəticəsində Nazirlər Komitəsi Ukraynadakı vəziyyətə dair bir sıra əhəmiyyətli qərarlar qəbul etmişdir. Bu qərarlar, ilk növbədə, beynəlxalq hüququn mübahisələrin dinc yolla həlli, dövlətlərin ərazi bütövlüyünə hörmətin zəruriliyi kimi bir sıra fundamental prinsiplərinin bir daha təsdiq edilməsinə yönəlib. Onlar, həmçinin münaqişənin dinc yolla və davamlı həllinin zəruriliyini təşviq etmək məqsədi daşıyır. Bununla əlaqədar olaraq, nazir müavinləri 2014-cü ilin sentyabr ayının 5-də Minsk şəhərində imzalanan protokolu dəstəkləyərək bütün tərəfləri orada qeyd edilən on iki prinsipə hörmət və ciddi riayət etməyə çağırdılar".

E.Məmmədyarov deyib ki, Nazirlər Komitəsi, həmçinin bu böhranın həllinə nail olmaq məqsədilə siyasi dəstəyi təmin etməyi nəzərdən keçirib: "Bu, baş katibə islahatlarını həyata keçirmək, xüsusilə, 26 oktyabr tarixində keçiriləcək parlament seçkilərinə hazırlıq zamanı Ukraynanın dövlət qurumlarını dəstəkləməyi davam etdirmək üçün aydın təlimatı təmin edib. Ukraynanın ərazisində beynəlxalq standartlara cavab verən azad və ədalətli parlament seçkilərinin keçirilməsi bu ölkənin demokratik prosesin gücləndirilməsi üçün gördüyü işlərdə və münaqişənin həllində əhəmiyyətli addım olacaq. Mən Assambleyanın müşahidəçi qrupu göndərmək və bununla, seçkilərin sakit keçməsinə töhfə vermək qərarından məmnunluq duyuram. Humanitar sahədə Nazirlər Komitəsi, baş katib Avropa Şurasının digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Ukraynadakı hərbi əməliyyatların nəticəsində insan haqlarının pozulmasının qarşısının alınması və humanitar ehtiyacların qarşılanmasının hansı şəkildə həyata keçirilməsini nəzərdən keçirməyə sövq etdi. O, Krımda yaşayan insanların, o cümlədən tatarların İnsan Haqları üzrə Avropa Konvensiyası çərçivəsində onlar üçün təmin edilən müdafiədən tam şəkildə yararlandıqlarını xüsusilə vurğuladı".

XİN rəhbəri bildirib ki, Nazirlər Komitəsi Ukraynadakı hadisələri yaxından müşahidə etməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti