...

Fuad Ələsgərov: Azərbaycan Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində yeni yanaşmaları dəstəkləyir

Siyasət Materials 24 Oktyabr 2014 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda məhkəmə qərarlarının böyük əksəriyyəti Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla, Konvensiyanın tələblərinə riayət edilməklə qəbul edilir. Azərbaycan dövləti Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır və onların ölkədə tətbiq edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilən "İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

PA-nın şöbə müdiri bildirib ki, Azərbaycanda gənc, müasir düşüncəli, Avropa Məhkəməsinin presedent hüququna dair biliklərə malik olan şəxslər hakim vəzifəsinə təyin ediliblər. Onlar hakim korpusunun 60 faizindən artıq hissəsini təşkil edirlər.

F.Ələsgərov qeyd edib ki, Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assmbleyasının 2014-cü il iyun sessiyası zamanı çıxış edərkən Azərbaycanın sədrlik prioritetlərini müəyyən edib. Bunlar korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq vasitəsilə qanunun aliliyinin genişləndirilməsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konsolidasiyası, sosial birliyin insan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin insan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsidir.

Onun sözlərinə görə, Azərbaycan Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində yeni yanaşmaları və Avropa Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyir.

PA rəsmisi qeyd edib ki, Azərbaycanda Konvensiyanın müddəalarının yerinə yetirilməsi üçün Azərbaycan dövləti tərəfindən müxtəlif istiqamətlərdə səmərəli fəaliyyət göstərilir. Buna qanunvericiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının əməkdaşları və hakimlər üçün mütəmadi təlimlər, məhkəmə sisteminin infrastrukturunun müasirləşdirilməsi, əhali arasında maarifləndirmə işinin aparılması, müxtəlif sosial yönümlü innovasiyaların tətbiqi və s. tədbirlər daxildir. Şübhəsiz ki, insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsində başlıca rol mülki, inzibati və cinayət işlərinə müstəqil, obyektiv, qərəzsiz qiymət vermək imkanına malik olan məhkəmələrə mənsubdur: "Ölkəmizdə müstəqil və səmərəli məhkəmə sisteminin fəaliyyətinin təmin edilməsi üçün məqsədyönlü işlər aparılır. Bizim nailiyyətlərimiz arasında müasir tələblərə cavab verən məhkəmə infrastrukturunun qurulması, yeni apelyasiya və inzibati-iqtisadi məhkəmələrin bölgələrdə təsis edilməsi, Məhkəmə-Hüquq Şurasının yaradılması və fəaliyyətinin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının yaradılması və s. tədbirlər görülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti